Fransız impressionisti Pyer Oqyüst Renuarın 1984-cü ildə Romada oğurlanan əsəri italiyalı kolleksiyaçıya məxsus əsərlər arasından tapılıb. Bu barədə «France Presse» agentliyi məlumat verir.
   Trevizo şəhərinin sakini əsəri təcili hərrac zamanı ucuz qiymətə alıb. Amma üstündən bir qədər keçəndən sonra rəsm əsərinin mənşəyi ilə bağlı onun şübhələri yaranıb. O, həmin şəkli oğurlanmış əsərlərin siyahısı ilə yoxlayandan sonra polisə müraciət edib. Şəklin həqiqiliyini yoxlamaq üçün İnterpolun, eləcə də Fransa və Böyük Britaniyanın ekspertləri cəlb edilib. Nəticədə əsərin həqiqətən də Renuara aid olduğu, 25 il əvvəl Romada yaşayan kolleksiyaçıların evindən oğurlandığı üzə çıxıb. İtaliya polisinin nümayəndəsi Salvatore Di Stefano hələlik əsərin əsl qiymətinin nə qədər olduğunu bilmədiklərini vurğulayıb: «Orada mifologiyadan səhnə nümayiş etdirilib. Renuar isə bu mövzuda tez-tez çəkmirmiş. Bu səbəbdən də əsərin qiyməti xeyli baha ola bilər». Trevizolu kolleksiyaçı şəkli qanuni əldə etdiyini heç nə ilə sübut edə bilmədiyindən, polis onu müsadirə edib. Əsər onun qanuni sahiblərinə qaytarılacaq. Əsərin 1895-ci ildə çəkildiyi bildirilir.