Fondla Litvanın Azərbaycandakı səfirliyi ilə humanitar sahədə əməkdaşlığa dair memorandum da imzalanıb
İyulun 13-də Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (İNALCO) rektoru, professor Jak Löqran ilə görüşüb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qonağın Azərbaycana bu səfərinin Fondla institut arasında əlaqələrə yeni impuls verəcəyinə və fəaliyyət sahəsini daha da genişləndirəcəyinə əminliyini ifadə edib.
Mehriban xanım qeyd edib ki, Avropanın bu nüfuzlu institutunda Azərbaycan dili fakültəsinin açılması iki ölkə arasında münasibətlərdə yeni səhifədir. Azərbaycan dilinin tədrisi fransalı gənclər üçün ölkəmizin mədəniyyətini, tarixini, ümumilikdə, Azərbaycan xalqını daha dərindən öyrənməyə imkan yaradır.
Heydər Əliyev Fondunun prezidenti fakültədə təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb.
Rəhbərlik etdiyi ali təhsil ocağında Azərbaycan dilinin incəliklərinin tədrisinə marağın ildən-ilə artdığını söyləyən Jak Löqran bildirib ki, bu amilin geniş vüsət alması üçün daha çox əmək sərf etmək lazımdır. Təhsil ocağı üzərinə düşən bu vəzifə ilə bağlı daha çox çalışacaq.
Görüşdə Fransada Azərbaycan dilində nəşrlərin hazırlanması üçün Heydər Əliyev Fondu ilə birgə işçi qrupun yaradılması ilə bağlı müzakirələr aparılıb.
* * *
İyulun 12-də Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas imzalayıblar.
Qonağı Heydər Əliyev Fondunda səmimi salamlayan Mehriban xanım Əliyeva mədəniyyət, təhsil, səhiyyə, hüquq sahələrini əhatə edən əməkdaşlığın rəsmiləşdirilməsindən məmnunluğunu bildirib. Bununla ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deyən Heydər Əliyev Fondunun prezidenti sənədin gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacağına ümidvar olduğunu söyləyıb.
Mehriban xanım qeyd edib ki, Heydər Əliyev Fondu bu istiqamətdə əməkdaşlığa hazırdır.
Səfir Kestutis Kudzmanas Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxından tanış olduğunu bildirərək, Fondun gördüyü işləri, reallaşdırdığı mühüm layihələri yüksək qiymətləndirib.
Litva səfiri Fondun uşaqlarla bağlı çox mühüm layihələr həyata keçirdiyini deyərək, imzalanan memorandumun azərbaycanlı gənclər üçün yeni imkanlar açdığını söyləyıb. Onun sözlərinə görə, Litva səfirliyi Heydər Əliyev Fondunu azərbaycanlı gənclərin bu ölkədə təhsil alması üçün ən yaxın tərəfdaşı hesab edir.
Memorandum çərçivəsində bu il xüsusi istedada malik 20 azərbaycanlı gənc Litvanın aparıcı universitetlərində ödənişsiz əsaslarla təhsil almaq hüququ qazanacaq.