İki dəfə «Oskar» mükafatı laureatı Tom Henks bir illik fasilədən sonra növbəti dəfə Amerika Kinoakademiyasının İdarə Heyətinin tərkibinə daxil edilib. «Variety»nin məlumatına görə, Henks aktyor şöbəsinə rəhbərlik edəcək.
Kinoakademiyanın tarixində ilk dəfə rejissor departamentinin rəhbərini birinci turda seçmək mümkün olmayıb. Bu posta Cil Qeyts və Edvard Çvik iddia edirlər. Qalib iyulun 29-da - hesablama komissiyası səs hüququ olan akademiklərin bülletenlərini toplayandan sonra məlum olacaq. Xatırladaq ki, Henks müasir dövrün ən çox gəlir gətirən aktyorlarının siyahısında birinci yeri tutur. Onun iştirak etdiyi filmlər ümumilikdə 3,5 milyard dollar gəlir gətirib.
Onun sonuncu işi «Mələklər və şeytanlar» filmində professor Lendqon rolu olub. Film bu günə qədər 500 milyon dollar gəlir gətirib. Henks isə Lendqon rolunu 5 dəfə oynamağa hazır olduğunu vurğulayıb.
Çox güman ki, ona ən azı ikinci dəfə bu şans veriləcək. Çünki «Columbia Pictures» professor Lendqonu ikinci dəfə ekrana qaytarmaq niyyətini açıqlayıb. Söhbət hələ satılmayan «İtirilmiş simvol» romanının ekranlaşdırılmasından gedir. Kitab özü isə bu ilin sentyabrında çapdan çıxacaq.