Nyu-York şəkil qalereyası Maykl Ceksonun portreti satılmalı olan auksionun vaxtını qeyri-müəyyən müddətə təxirə salıb. «Associated Press» agentliyinin məlumatına görə, buna şəklin həddən artıq böyük ajiotaj yaratması səbəb olub.
   
   «Vered» qalereyası adı çəkilməyən kolleksiyaçıya məxsus portreti iyulun 12-də satışa çıxarmalıymış. Şəkli rəssam Endi Uorxol 1984-cü ildə çəkib. Amma auksionun təşkili zamanı Ceksonun ölümündən sonra qazandığı populyarlıq nəzərə alınmayıb.
   Böyük tələbatla üzləşən təşkilatçılar başqa yol seçiblər. Onlar bütün potensial alıcıların marağını təmin edə biləcək başqa bir auksion keçirmək qərarına gəliblər. Amma auksionun nə vaxta təyin edildiyi məlum deyil.
   Qeyd edək ki, ilkin olaraq Maykl Ceksonun portretinə 10 milyon dollara yaxın qiymət qoyulub. Amma ekspertlər güman edirlər ki, auksion zamanı qiymət 5 və hətta 10 dəfə arta bilər.
   Cekson qəfil ölümündən sonra yenidən dünya hit-paradlarının zirvəsinə qayıdıb. Onun adı Ayda bir kraterə verilib. Madam Tüsso muzeyi isə müğənninin sayca 13-cü mum fiqurunu muzeyə yerləşdirib.