Maykl Ceksonun keçmiş arvadı Debbi Rou yenidən iki uşağına valideynlik hüququndan imtina edib. “The New York Post” qəzetinin məlumatına görə, Rou bunun əvəzində müğənninin ailəsindən 4 milyon dollar alacaq.
   
   Maykl Cekson və Debbi Rou 1996-1999-cu illərdə evli olublar. Onların nikahından 2 uşaq - hazırda 12 yaşı olan Prins Maykl və 11 yaşlı Peris Maykl doğulub. Ceksonun üçüncü övladı - II Prins Maykl surroqat anadan doğulub.
   Boşanmadan sonra Debbi Rou uşaqlarının valideynlik hüququnu Ceksona verib. Bunun müqabilində o, birdəfəlik 8 milyon dollar alıb. Sonrakı 5 il ərzində isə ona hər il 900 min dollar ödənilib.
   Cekson 2001-ci ildə həddi-buluğa çatmayanlara seksual təkliflərdə ittiham ediləndən sonra Rou vəziyyətdən istifadə edərək valideynlik hüququnu bərpa etməyə çalışıb. Amma bir müddət sonra 4 milyon dollar pul və 900 min dollarlıq ev müqabilində niyyətindən vaz keçib.
   Maykl Ceksonun vəfatından sonra uşaqlara qəyyumluq onun anası Ketrin Ceksona həvalə edilib. Amma Rou növbəti dəfə ortaya çıxaraq uşaqlara hüququnun olduğunu bəyan edib. Bu işlə bağlı məhkəmə prosesi iyulun 20-nə təyin olunmuşdu.
   İndi isə o, daha 4 milyon dollar müqabilində yenidən hüququndan imtina etməyə hazırlaşır. “The New York Post”un mənbəsi bildirib ki, bu dəfə onu birdəfəlik valideynlik hüququndan məhrum edəcəklər.
   Amma bir gün sonra Debbi Rounun vəkilləri onun valideynlik hüququndan imtina etdiyi ilə bağlı məlumatı qəti şəkildə təkzib ediblər. Onlar Ceksonun ailəsi və Rou arasında heç bir razılaşma olmadığını bildiriblər. Vəkillər məlumatı dərc edən “The New York Post” qəzetinin təkzib verməsini tələb edəcəklərini də vurğulayıblar. Amma vəkillərin bəyanatından cəmi bir neçə saat sonra Rounun rəfiqəsi Rebekka Uayt məlumatın həqiqət olduğunu göstərən sübutlar təqdim edib. Telefonla göndərilən SMS məlumatlar və elektron məktublar «“The New York Post”un həqiqəti yazdığını göstərib.
   Rou həmin məktublarda bildirirmiş ki, uşaqlar onu maraqlandırmır: «Mənim vəkilim bildirir ki, onların (uşaqların) əmin-amanlığı üçün hansısa məsuliyyəti öz üzərimə götürməliyəm. Amma mən uşaqları istəyirəm? Lənət şeytana, əlbəttə istəmirəm! Amma mən qəyyumluq hüququnun mənə verilməsini tələb etsəm, yaxşımı olacaq? Əlbəttə! Sadəcə olaraq, öz uşaqlarını verən və onları yaddan çıxaran qadın kimi görünmək istəmirəm. Bu uşaqlar mənim deyil. Heç bir zaman da mənim olmayıblar. Onlar Mayklın uşaqları idi. Mən isə Mayklın ən yaxşı dostu idim». Bundan əlavə, o, rəfiqəsinə yazdığı məlumatda iyul ayında uşaqlara qəyyumluqla bağlı gizli sövdələşmə olacağını bildirib.