Məşhur britaniyalı dirijor ser Edvard Dauns və həyat yoldaşı ledi Coan İsveçrənin həyatdan könüllü şəkildə getmək istəyən şəxslərə «kömək»də ixtisaslaşan «Dignitas» xüsusi klinikasında intihar ediblər. Bu barədə «Sky News» telekanalı məlumat yayıb.
   Daunslar ailəsinin üzvləri bildiriblər ki, cütlük iyulun 10-da intihar edib. Məlumata görə, 85 yaşlı dirijor son illər tamamilə kor olubmuş və çox pis eşidirmiş. Onun 74 yaşlı həyat yoldaşı isə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
   Ser Edvardın uşaqları bildiriblər ki, ata və anaları 54 il birgə xoşbəxt həyat sürüblər: «Onlar səhhətlərindəki ciddi problemlə mübarizə aparmaq əvəzinə, həyatdan getməyi üstün tutublar. Onlar sakit və hüznlü şəkildə həyatdan köçüblər».
   Ser Edvard Dauns uzun müddətli musiqi karyerası ərzində BBC radiostansiyasının filarmonik orkestrinin və Londondakı Kral Opera Teatrının dirijoru olub. O, 1970-ci ildə Avstraliya opera teatrının dirijoru vəzifəsinə keçib.
   Ledi Coan Dauns isə karyerasına balerina kimi başlayıb. Lakin tezliklə xoreoqraf kimi çalışmağa başlayıb. Bir müddət sonra xoreoqraf işini də ataraq, televiziya prodüseri kimi fəaliyyət göstərib. Son illər isə həyat yoldaşının şəxsi assistenti olub.
   «Dignitas» klinikasını isveçrəli vəkil Lüdviq Minelli təsis edib. Klinika 1998-ci ildən fəaliyyətdədir. Mərkəzin mütəxəssisləri sağalmaz fiziki və ya psixi xəstəliklərə tutulanlara «kömək edirlər». Bu məqsədlə mərkəzə müraciət edən adamların evtanaziyası yüksək hazırlığa malik həkimlər və tibb bacılarının nəzarəti altında həyata keçirilir.
   Böyük Britaniyada evtanaziya qanunla qadağandır. Buna görə də həyatına könüllü olaraq son qoymaq istəyənlər «Dignitas» klinikasına müraciət edirlər.