Məşhur fransız aktyoru, ssenaristi və kinorejissoru Pyer Rişarın 75 yaşı tamam olub. O, dünya şöhrətini komediya aktyoru və komediya filmlərinin rejissoru kimi qazanıb.
   75 yaşı olmasına baxmayaraq, Rişar bu gün də aktiv şəkildə filmlərə çəkilir. Dediyinə görə, onu daha çox gənc rejissorlar filmlərinə dəvət edirlər. Aktyor bildirir ki, bu, onun filmləri ilə böyüyən gənclərin onu həmyaşıdlarından daha çox qiymətləndirmələri ilə bağlıdır. Onun sonuncu çəkildiyi filmlərdən biri gənc rejissor Kristof Bratyenin «Paris! Paris!» filmi olub. Aktyor bu filmdə Radioqəbuledici adlı dirijor obrazını canlandırır.
   Rişar eyni zamanda şərabçılıqla məşğul olur, kitab yazır və tamaşalar səhnələşdirir: «Mən hər il böyüyürəm, amma yaşlanmıram. Xarici görünüşüm dəyişir, amma qəlbim dəyişmir».
   Tam adı Pyer Rişar Moris Şarl Leapold Defey olan Pyer Rişar 1943-cü ildə Valensyendə (Fransa, Normandiya) iri toxuculuq sənayesi sahibkarının ailəsində anadan olub. Rişarın atası tezliklə bütün varidatını at yarışında uduzaraq həyat yoldaşını və oğlunu öz atasının himayəsinə verib. Pyerin babası isə Fransanın qədim aristokrat nəslinə mənsub olub.
   Pyerin uşaqlığı pansionda keçib.O, məhz burada aktyorluq sənətinin sirlərini öyrənməyə başlayıb. 8 il ərzində Pyeri məktəbə limuzinlə aparıb gətirirmişlər. O, sonradan memuarlarında yazıb ki, belə bir həyat onu kasıblardan - kəndlilər və şaxtaçıların uşaqlarından uzaq salıb. Onların gözündə sinfi düşmənə çevrilən Rişar özünü müdafiə etmək üçün kasıb uşaqları güldürərək başını girləyirmiş.
   Məktəbi bitirəndən sonra Parisə köçən Pyer Rişar əvvəlcə dramatik incəsənət kursunu qurtarıb, sonra isə məşhur rejissor Jan Viların yanında təcrübə keçib. Amma babası onun aktyor olmasına kəskin etiraz etdiyindən, Rişarın ailəsi ilə münasibətləri pisləşib.
   Rişar teatr karyerasının ilk dövrlərində ancaq ikinci plandakı rolları oynayıb. 1968-ci ildə isə onu «Xoşbəxt Aleksandr» adlı filmə dəvət ediblər. 1970-ci ildə özü rejissorluğa başlayan Rişar «Razinya» adlı ilk filmini çəkib. Bunun ardınca onun daha iki filmi ekranlara çıxıb. Amma ona əsl şöhrəti 1972-ci ildə çəkildiyi «Qara çəkməli hündürboylu sarışın» gətirib. 1976-cı ildə ekranlara Rişarın iştirakı ilə Fransis Veberin «Oyuncaq» filmi çıxıb. Rişar bu filmdə jurnalist Fransua Perrer rolunu oynayıb. Veberin fəaliyyəti, eləcə də Rişarın Jerar Depardye ilə dostluğu bütün dünyaya indinin özünə qədər də sevilərək izlənilən bir neçə film bəxş edib: «Bəxti gətirməyənlər» (1981), «Atalar» (1983) və «Qaçaqlar» (1986).
   Aktyor karyerası ərzində 50-dən çox filmə çəkilib. O, Kann kinofestivalının «Qızıl palma budağı»na layiq görülüb. Aktyor kinoya verdiyi töhfəyə görə, Fransa kinoakademiyasının «Sezar» mükafatını alıb.
   Bir neçə kitabın, uşaqlar üçün nağılların müəllifi olan Rişar 4 dəfə evlənib. Onun 4 nəvəsi var.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar