Oktyabr ayının 1-də San-Fransiskoda dünyanın ən məşhur uşaq filmlərinin yaradıcısı Uold Disneyin ailə muzeyinin təntənəli açılış mərasimi gözlənilir.
Dünyanın bütün ölkələrində balacaların sevə-sevə baxdıqları multiplikasiya - cizgi filmlərinin yaradıcısı Uold Disney ötən əsrin əvvəllərində Çikaqoda müflis olmuş fermer ailəsində anadan olmuşdur. Hələ uşaqlıqdan rəsm çəkməyə böyük həvəsi olan bu balaca oğlan 1920-ci ildə, demək olar ki pulsuz-parasız bir vəziyyətdə Kaliforniyaya gəlir. Burada yaşamağa başlayır və bütün sonrakı həyatını sevdiyi rəssamlığa həsr edir. Uold Disney o vaxta qədər dünya kinosunda öz yerini almamış multiplikasiya sahəsini əsl sənət səviyyəsinə qaldırır və 40 il ərzində bu janrda yaratdığı ən məşhur filmləri ilə bütün dünyada şöhrət qazanır. Disneyin təbiət mövzusunda çəkdiyi ilk sənədli filmi Amerika kino akademiyasının mükafatına layiq görülür. Maraqlı cəhət orasındadır ki, Disney musiqi sahəsində də öz istedadını göstərmiş, çəkdiyi multiplikasıya filmlərinin nağıl qəhrəmanları üçün milyonlarla tamaşaçının əzbər bildiyi populyar mahnılar yazmışdır.
Disneyin yaratdığı “Disneyland”- nəhəng çəkiliş parkında yüzlərlə dünyaşöhrətli multiplikasiya filmləri yaradılmış, müəllifinə uğur gətirən sənət nümunələrinin əsası qoyulmuşdur. Hazırda burada fəaliyyət göstərən muzey dünyanın ən çox tamaşaçı qəbul edən muzeylərindən birinə çevrilmişdir. Məşhur sənətçinin qızı Diana Disney Millerin mətbuata verdiyi açıqlamaya görə, bu muzeyə 110 milyon dollar vəsait sərf olunub. Muzeydə eyni zamanda 1600 -dən artıq şəxsi əşya, o cümlədən Uolt Disneyin bilavasitə fəaliyyəti ilə bağlı olan müxtəlif avadanlıqlar, 200 monitor, ilk Mikki Mausun rəngli şəkilləri interaktiv sərgi və sair nümayiş etdiriləcəkdir.