Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Fikrət Akçura arasında görüş keçirilib.
Görüşdə Azərbaycanla BMT arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, gələcəkdə bir sıra yeni proqram və layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Ə.Qarayev nazirliyin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi layihənin uğurundan bəhs edərək bu istiqamətdə işlərin daha da inkişaf etdirilməsi, təkcə turizm sahəsi deyil, eyni zamanda mədəniyyət sahəsində, insan resurslarının təkmilləşdirilməsi ilə bağlı birgə proqramların hazırlanmasını təklif edib. Fikrət Akçura öz növbəsində mövcud əməkdaşlıqdan razılığını bildirərək, bu sahələrdə əməkdaşlığın vacib olduğunu vurğulayıb. Görüşdə gələcəkdə bu cür müzakirələrin mütəmadi olaraq aparılması barədə ümumi razılıq ifadə olunub.