Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsində qalib gəlmiş şagirdlərin Fransa, Almaniya, Niderland və Belçika krallıqlarına səfərləri təşkil edilib.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil edilən səfər Fransanın paytaxtı Parisdən başlayıb. Heydər Əliyev Fondundan bildiriblər ki, məktəblilər həmçinin Almaniyanın Köln şəhəri ilə tanış olub, Belçikanın Brüssel, Brüqqe, Namur və Dinant şəhərlərinə səfər edib, Niderland Krallığının paytaxtı Amsterdamın tarixi yerlərini, muzeylərini gəziblər. Zəngin təəssüratla yadda qalan səfərin son günündə nümayəndə heyəti Brüssel yaxınlığındakı Vaterloo şəhərini gəzib, tarixi keçmişi yaşadan muzeyləri ziyarət edərək maraqlı məlumatlar əldə ediblər.
Xatırladaq ki, “Heydər Əliyev uşaqların gözü ilə” inşa müsabiqəsində 600 mindən artıq şagird iştirak edib. Yarışmanın son mərhələsində 96 şagird seçilib və münsiflər heyətinin qərarına əsasən 21 şagird müsabiqənin qalibi olub. Onlardan 5 nəfər 1-ci yer, daha 5 nəfər 2-ci yer, 11 nəfər isə 3-cü yerə layiq görülüb.