“Associated Press” agentliyinin məlumatına görə, Alyaska ştatının sabiq qubernatoru, ABŞ vitse-prezidentliyinə eks-namizəd Sara Peylin "Going Rogue: An American Life" adlı kitabı ölkədə görünməmiş bir populyarlıqla və qısa bir zaman kəsiyində satılıb. Əsasən memuar janrında yazılmış bu kitabı nəşr edən “Harper Collins” nəşriyyatının mətbuata verdiyi açıqlamaya görə, nəşrin satışa çıxarıldığı ilk gün rekord həddə - 300 min nüsxə kitab satılıb. Bunu nəzərə alan “Harper Collins” nəşriyyatının rəhbərliyi Sara Peylinin memuarını yenidən daha 1.5 - 2.5 milyon nüsxə tirajla çap etmək niyyətindədir.
Agentliyin məlumatına görə, indiyə kimi ABŞ-da ən çox tirajla - bir gündə 400 min nüsxə satılan yeganə kitab ölkənin keşmiş birinci ledisi, prezident Klintonun xanımı Hillari Klintonun “My Life” («Mənim həyatım») kitabı olub. Onun 2003-cü ildə çap etdirdiyi digər kitabı "Living History" («Canlı tarix») isə gün ərzində satış miqdarına görə bu sırada üçüncü yerdə durur.
Məlumatlara görə, Sara Peylinin hazırda böyük bir həvəslə alınan memuarının ilk satışından müəllif 1.25 milyon dollar qonorar əldə edib. Maraqlıdır ki, 2006-cı ildə Alyaska ştatının ilk qadın qubernatoru seçilmiş Respublikaçılar Partiyasının nümayəndəsi olan Sara Peylin öz xatirələrini çap etməklə həm də ABŞ-ın ən populyar yazarlarının bu sahədəki reytinqini çox-çox geridə qoyub.