Fransada çıxan “LeArts” («İncəsənət») qəzetinin yazdığına görə, ölkənin qaradərili aktyorları 14 fevralda Parisdə etiraz aksiyası keçirmişlər. Aksiya iştirakçıları tanınmış aktyor Jerar Depardyenin “Üç muşketyor” əsərinin müəllifi fransız yazarı Aleksandr Düma (ata) roluna çəkilməsinə öz etirazlarını bildirmişlər. Buna səbəb isə, nə qədər qəribə görünsə də, Jerar Depardyenin gözlərinin göy rəngdə olmasıdır. Fransada yaşayan qaradərili sənətçilər bu faktı əldə bəlgə tutaraq ölkədə qara dərililərə qarşı məqsədyönlü şəkildə diskriminasiyaya yol verildiyini, irqi ayrı-seçkilik salındığını və nəhayət tarixin və real şəxsiyyətlərin həyatının təhrif olunduğunu iddia edirlər. Məsələn, qaradərili aktyor Jak Marsilay KİV nümayəndələri ilə söhbətində bildirib ki, məşhur yazar Aleksandr Düma ağdərili irqə mənsub olmayıb. Bu faktı o, hələ sağlığında dəfələrlə bəyan edib. Fransada hamıya məlumdur ki, yazar Aleksandr Düma (ata) əslən Haiti adasında yaşayan yerli aborigenlərin şəcərəsinə mənsub olub. Hazırda onun kino obrazının ağdərili, göygözlü bir fransız tərəfindən yaradılması isə yolverilməzdir.
Fransada yaşayan qaradərili əhalinin hüquqlarını müdafiə assosiasiyasının prezidenti Patris Lozes isə qeyd edib ki, tarixi təhrif etmək olmaz. Bu, ona bənzəyir ki,150 ildən sonra indiki qaradərili ABŞ prezidenti Barak Obamanın rolunu ağdərili aktyor oynasın. Sizcə, belə olarmı?
Onu da qeyd edək ki, yaranmış narazılıq Fransanın bir sıra ağdərili sənətçiləri tərəfindən də dəstəklənməkdədir.