Məşhur “Forbes” jurnalı dünyanın ən çox qazanan musiqiçilərinin reytinqini müəyyənləşdirib. Reytinqdə ilk pillədə “U2” qərarlaşıb. Belə ki, sözügedən qrup 2009-cu ilin iyunundan 2010-cu ilin iyununadək 130 milyon dollar qazanıb. Ən maraqlısı odur ki, jurnalın ötənilki reytinqində bu qrupun adına rast gəlinmirdi. “AC/DC” rokerləri son bir ildə 114 milyon dollar qazanmaqla, bu siyahıda 2-ci pilləni tutublar.
   Dünyanın ən çox qazanan musiqiçilərinin reytinqini müəyyənləşdirən siyahıda ilk üçlüyü müğənni Beyons tamamlayıb. Məşhur müğənninin son 12 aydakı gəliri 87 milyon dollar təşkil edib. 4-cü pilləni ötən il olduğu kimi bu il də Bryus Sprinqst qazanıb. Əldə etdiyi 70 milyon dollar gəlir onu siyahının dördüncüsü edib. Siyahının 5-ci pilləsində 64 milyon qazanan Britni Spirs qərarlaşıb. Bir çox ölkə müğənnilərinin həsəd apardığı və çoxsaylı pərəstişkar ordusuna sahib olan Ledi Qaqa 62 milyonla 6-cı pillədədir. Ötənilki reytinqdə lider olmuş Madonna bu il 58 milyon dollar qazanc əldə edə bilib. Bu, onu dünyanın ən çox qazanan musiqiçiləri sırasında 7-ci yerə endirib. Sonrakı 3 yeri Kenni Çesni (50 milyon), hər biri 48 milyon qazanan “Black Eyed Peas” və Coldplay tutur.