Britaniya Milli Kitabxanası
   
   Dünyada ən nəhəng kitabxanalardan hesab edilən Britaniya Milli Kitabxanası 5 kitabxana sistemini birləşdirir. 1759-cu ildə yaranan Britaniya Milli Kitabxanasında əvvəl az sayda kitab olub. İxtisasca həkim və bioloq olan ser Hans Sloan özünün botanika, zoologiya və mineralogiyaya aid kitablarını kitabxanaya bağışladıqdan sonra burada kitab fondunun sayı 3500 nüsxəyə çatıb. Hans Sloan öz vəsiyyətnaməsində bildirir ki, dövlət bu kitabxananı qorumaq üçün tədbirlər görməlidir. İngiltərə parlamenti kitabxananın qorunması haqqında qanun qəbul edir.
   Bu gün Britaniya Milli Kitabxanasında tibb elminə, Britaniya imperiyasının, ayrı-ayrı Avropa dövlətlərinin tarixinə aid qədim sənədlər və dünyanın demək olar ki, bütün dillərində çap olunmuş 150 milyona yaxın kitab saxlanılır. Bundan əlavə, İngiltərə və İrlandiyada çap olunan gündəlik qəzetlər buraya gətirilir. Fondlarında 310 000 əlyazması, 4 milyondan çox xəritə, 260 min musiqi valları və filateliya kolleksiyası saxlanılır. Filateliya kolleksiyasında 8 milyondan çox marka var. Musiqi fondunda 19 əsrə aid silindr formasında hazırlanmış səs yazıları, həmçinin müasir SD, DVD və mini-disklər mühafizə olunur.
   
   Harvard Universitetinin Kitabxanası
   
   Harvard Universitetinin Kitabxanası (ABŞ) özündə kollec, muzey, məktəb, elmi-tədqiqat mərkəzləri və s. olmaqla 100-ə yaxın müəssisənin kitabxanasını birləşdirir. Bu dünyada ən böyük akademik kitabxana sistemidir. Bu cür sistemin təməli 1638-ci ildə qoyulub. Con Harvard adlı zadəgan öz vəsaiti hesabına kollec yaradır və kollecə özünün 400 cildlik şəxsi kitabxanasını və var-dövlətinin yarısını bağışlayır. Bir ildən sonra kollecə onun adı verilir. Müasir dövrümüzə qədər bu kitabxanadan ancaq bir neçə kitab gəlib çatıb. Beləki, 1764-cü ildə baş vermiş yanğın zamanı kitab kolleksiyası məhv olur. Ancaq ayrı-ayrı adamların köməyi və ianələr hesabına kitabların sayı getdikcə çoxalır. Hazırda kitabxananın ümumi kitab fondu 16 milyondan artıqdır və Konqres Kitabxanasından sonra ABŞ-da ikinci böyük kitabxana hesab olunur.
   Harvard kitabxana sisteminin ən geniş kitabxanası 1907-ci ildə bu kollecin məzunu olmuş Harri Vaydnerin adını daşıyan kitabxanadır. Harri Vaydner məşhur “Titanik” gəmisi batarkən həlak olmuş sərnişinlərdən biri olub. Ölümündən sonra anasının xahişi ilə kitabxanaya onun adı verilib.
   Kitabxanada slavyan, Yaxın Şərq və yəhudi ədəbiyyatı nümunələrindən ibarət 5 milyon nüsxəlik kitab fondu, həmçinin 3000-ə yaxın inkunabul (Avropada kitab çapına başlanılan gündən 1501-ci ilədək kustar üsulla çap olunan kitablar belə adlanır) XVI-XVII əsrlər Avropa mədəniyyəti, incəsənəti və tarixinə aid kitablar qorunur.
   
   Hazırladı: Çingiz