Novruz bayramı uzun illər ərzində müxtəlif adlarla (Yeni Gün, Ərgənəgün, Bahar bayramı) adlandırılsa da, onun əsas mahiyyəti - təravət, yenilik, ruzi-bərəkət rəmzi dəyişməyib. Farsca Nouruz, türkcə Nevruz, özbəkcə Navruz, türkməncə Novruz, qazaxca Naurız, qırğızca Nooruz və s. adlandırılan bayram tarixən yaz fəslinin gəlişi, təbiətin canlanması ilə bağlanmış, bu münasibətlə şənliklər keçirilmiş, insanlar onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
   Xatırladaq ki, Novruz İranda, Orta Asiya ölkələrində, Rusiya Federasiyasının türk-müsəlman respublikalarında, Əfqanıstanda, habelə Türkiyədə, Şimali Kiprdə, eləcə də Balkanlardakı müsəlman xalqları arasında (Albaniya, Bosniya, Kosovo) qeyd olunur. Təbii ki, dünyanın dörd bir yanında yaşayan soydaşlarımız, türk xalqlarının diasporları da Novruzu bayram edirlər.
   Məlum olduğu kimi, Novruz 2009-cu il sentyabrın 30-da UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i «Beynəlxalq Novruz Günü» elan edilib. Beləliklə, Novruz beynəlxalq bayrama çevrilib.
   Novruz bizim qardaş xalqlarla ortaq bayramımız olsa da, onun ayrı-ayrı ölkələrdə qeyd olunmasının özünəməxsus cəhətləri də var.
   
   İran
   
   Novruz İranda bir neçə gün qeyd olunur və həmin günlər iş günləri hesab olunmur. Bayram günləri «nevruzie» şeirləri, dualar oxunur. İnsanlar bir-birini şirniyyata, şərbətə qonaq edirlər. Evlərdə süfrədə səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Süfrədə «s» hərfi ilə başlayan 7 nemət olmalıdır.
   
   Qırğızıstan
   
   Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən “beşbarmaq” yeməyi olur. Quzu ətindən və makarona bənzər un məmulatından bişirilir. Adına ona görə beşbarmaq deyilir ki, beş barmaqla bişirilir. Qırğızıstanda Novruzda tonqal qalamırlar. Amma həyətin odla pak edilməsi adəti var ki, bu da Azərbaycanda üzərlik yandırılmasına bənzəyir. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir. Onlar «Alas-alas, hər bəladan xilas» - deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.
   
   Tacikistan
   
   Tacikistanda Novruz martın 20-də başlayır və 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür, ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara şirniyyat, yumurta və s. verir. Tacikistanda Novruzu bütün ailə qeyd edir, süfrə açılır, yeməklər düzülür. Süfrəyə təmizliyin rəmzi hesab edilən süd, şərbət və şam da qoyulur.
   
   Özbəkistan
   
   Novruz bayramı Özbəkistanda da təmtəraqla qeyd olunur. İnsanlar kütləvi gəzintiyə («Seyir») çıxırlar, yerlərdə yelləncəklər qurulur, xoruz döyüşləri keçirilir. Özbəklər Novruz süfrəsi üçün «nişala» hazırlayırlar. Nişala şəkərdən bişirilir - ağ şokolada bənzəyir. Novruzla bağlı maraqlı adətlər var. Məsələn, bayram vaxtı öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin yaşlı adamı əlini yağa batırar və öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli olsun.
   
   Əfqanıstan
   
   Əfqan süfrəsi adətən masanın üstündə olmur. Süfrə yerə sərilir və ona «dəstərxan» deyirlər. Novruz süfrəsində «həft meyvə» (“yeddi meyvə”) adlı kompotabənzər içki olur. Ərik qurusu, kişmiş, qoz, iydə və s. meyvələrdən hazırlanır. Əfqanlar bu içkini xüsusi olaraq Novruzda hazırlayırlar. Əfqanıstanda da Novruzda yumurta döyüşdürürlər. Yumurtaları qaynadandan sonra da üzərinə cürbəcür naxış vururlar. Novruzda müxtəlif xalq oyunları, yarışmalar, xoruz döyüşdürülməsi və s. keçirilir.
   
   Qazaxıstan
   
   Qazaxlar da, Azərbaycanda olduğu kimi, Novruz bayramı münasibətilə təmizlik işləri görür, yeni paltarlar geyinirlər. Bayram zamanı evin divarında gil qabları sındırırlar. İnsanlar tonqalın üstündən hoppanır, şər qüvvələrdən xilas olur və yeni ilə sağlam və şən gedirlər. Adət-ənənəyə görə, bu ölkədə Novruz bayramı günü 7 böyük tonqalın üzərinə 7 böyük qazan qoyurlar və 7 növ yemək hazırlanır. İnsanlar bəd əməllərdən qorunmaq üçün pəncərədən və ya qapıdan su atırlar.
   
   Türkiyə
   
   Türkiyədə Novruz hələ Osmanlı dövründən geniş qeyd edilib. O vaxtlar bayram münasibətilə sultana ünvanlanmış xüsusi şeirlər yazılar və ona təqdim olunardı. Müasir Türkiyədə son illərədək Novruz ümumi ölkə miqyasında xüsusi qeyd olunmurdu, Novruzu əsasən ölkənin şərqində kürdlər qeyd edərdilər. Bu tədbirlərə isə çox vaxt siyasi rəng verilir, mitinqlər keçirilir, toqquşmalar, təxribatlar törədilirdi. Son illər Türkiyə rəhbərliyinin buna qarşı qərarlar qəbul etməsindən sonra Novruz bütün ölkədə qeyd olunur. Lakin Türkiyədə Novruz bayramı istirahət günü hesab olunmur.
   
   Türkmənistan
   
   Novruz bayramı Türkmənistanda əsas bayramlardan biridir. Türkmənlər arasında belə bir atalar sözü də var: «İlin gəlməsi Novruzla bəlli olur». Novruz bayramı münasibətilə türkmənlər evlərini bəzəyir, qonaq qarşılamağa hazırlaşırlar. Müxtəlif yeməklər, xüsusilə plov bişirər, şirniyyatlar hazırlayarlar. Hesab edirlər ki, bayram üçün nə qədər çoxlu yemək hazırlansa, il bir o qədər bərəkətli olar.    

   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar