Baharın gəlişi dünyanın müxtəlif ölkələrində rəngarəng bayramlarla qeyd olunur
   
   Azərbaycan da daxil olmaqla, Şərq xalqlarının bir çoxunun qeyd etdiyi Novruz bayramının əsas mahiyyəti gecə ilə gündüzün bərabərləşməsi, yeni astronomik ilin başlanması, qışın yola salınıb, yazın qarşılanmasıdır. Bahar bayramı, yazın qarşılanması mərasimi, bununla bağlı müxtəlif ayinlər, adət-ənənələr isə dünyanın müxtəlif ölkələrində, təbii ki, fərqli adlarla qeyd olunur.
      
   Məsələn, Avropa xalqlarının (xristianların) Pasxa (İsa peyğəmbərin zühuru, dirilməsi) bayramı, dini mahiyyətli olsa da, müəyyən mənada Novruzu xatırladır. Bu bayramda da bayram süfrəsi zəngin olur. İnsanlar bir-birinə boyanmış pasxa yumurtası bağışlayırlar. Pasxa axşamı insanlar kilsələrin həyətində toplaşır, kütləvi gəzintiyə çıxırlar. Bu zaman onlar müxtəlif oyunlar oynayır, xorla oxuyur, uzun müddət şənlənirlər. Arzu, dilək isə yeni yazın bolluq, bərəkət gətirməsidir.
   
   «Maslenisa»
   
   Rusiyada ta qədimdən qeyd olunan «Maslenisa» (pəhriz bayramı) da yazın gəlişi ilə bağlıdır. “Yağ-pendir həftəsi” xalq bayramları silsiləsindən olan bu bayram Rusiyada bütpərəstlik dövründən qalıb. Bayram zamanı həyata keçirilən mərasimlər qışın yola salınması, yazın qarşılanması ilə bağlıdır. Bayram yazın qış üzərində qələbəsini simvollaşdırır. «Maslenisa» adının mənası isə belədir: pravoslav xristianlarda “Böyük orucluq”dan (“Velikiy post”, ayyarım davam edir, Pasxa bayramı ilə başa çatır) bir həftə öncə yeməklərin hazırlanmasında kərə yağından, süd məhsullarından və balıqdan istifadəyə icazə verilir. Pravoslav kilsə təqvimində bu dövr “Yağ-pendir həftəsi” adlanır.
   «Maslenisa»nın başlanma tarixi hər il “Böyük orucluğ”un başlamasından asılı olaraq (2011-ci il üçün 7 mart - 24 aprel) dəyişir. Bu bayramın mərasimləri olduqca rəngarəngdir. Yeni dövrün başlanmasını simvollaşdıran elementlərdən biri də qışın müqəvvasının yandırılmasıdır. Bu kimi mərasimlərlə qış yola salınır, yaz qarşılanır. Yazın gəlişinin bir əlaməti də torpaqların əkilməsi və mal-qaranın məhsuldarlığıdır. Qədim rus (slavyan) inanclarına görə, “Maslenisa” müqəvvasını yandırılması və külünün torpağa qarışması gələcək məhsuldarlığın rəmzidir. Əski təsəvvürə görə, onların insanların əcdadları torpaqdadır və ona görə də onlar bu yolla torpaqların məhsuldarlığına təsir edə bilərlər. “Maslenisa» bayramında yağlı qutabların (blinçik) bişirilməsi, qəbirlərin ziyarət olunması və s. ayinlər də icra olunur.
   
   Komediça
   
   Belarus xalq bayramı olan «Komediça» yazın qarşılanması ilə əlaqədardır. Bayramda ayılar bəzədilir və onların yarışı keçirilir. Bayramın yaranması isə ən qədim zamanlara - Daş dövrünə aid edilir. Həmin dövrdə insanlar ovçuluqla məşğul olub və ayıları bütləşdiriblər. Bildirilir ki, bayramın adı yunan komediyalarından götürülüb. Komediça mal-qaranın birinci dəfə otlağa aparılması ilə bağlıdır. Slavyan təsəvvürünə görə, ayı mal-qara allahı hesab olunur.    

   Holi və Vişu
   

   Hər il fevral-mart aylarında Hindistanda Holi adlı bahar bayramı keçirilir. Bu, qədim ənənələrlə, əfsanələrlə bağlıdır. Təbiət oyanmağa başlayarkən insanlar yazın gəlişini qeyd edirlər. Hesab olunur ki, yazın gəlişi təmtəraqla qeyd olunarsa, həmin il bolluq-bərəkət olar. Holi bayramında insanlar tonqal qalayır, pis ruhların müqəvvalarını yandırır, ellikcə gəzintiyə çıxır, rəqslər edirlər. Bayramda çoxlu şirniyyat bişirilir. Bu bayram Hindistandan kənarda da hindlilər tərəfindən qeyd olunur.
   Hindlilərin yeni il bayramı Vişu adlanır. Sanskrit tərcüməsinə görə, vişu «bərabər» mənasını verir. Qriqorian təqvimində isə Vişu 14 aprel ilə üst-üstə düşür. Hind astrologiyasına görə, həmin gün günəş balıq və qoç işarələrinə keçir. Vişu yeni ilin ilk günüdür. Bayram ərəfəsində bütün yemək hazırlıqları ailənin yaşlı qadınları tərəfindən axşama qədər görülüb qurtarır. Vişu günündə ailə günəşin çıxması həyəcanı ilə gözləri qapalı səcdəgah otağına gedirlər. Sonra «Ramayana»dan mətnlər oxunur. Hindlilər inanırlar ki, bu kitabın vərəqlərini açmaq başlayan ilin hadisələrindən xəbər verir. Həmin gün insanlar yeni paltarlar geyinir və ailənin böyük üzvü öz uşaqlarına və qulluqçularına pul verir. Bayramda masanın üzərinə şirin, turş, acı yeməklər bərabər şəkildə düzülür.
   
   Seçubun
   
   Yaponiyada yazın gəlişi münasibətilə qeyd olunan bayram Seçubun (mövsümlərin bölünməsi) adlanır. Bu, faktiki olaraq Yaponiyanın Ay təqvimində Yeni il bayramıdır. Bu bayram fevralın 3-də qeyd olunur və yazın gəlişi ilə bağlı olan xaru-maçuri festivalının bir hissəsini təşkil edir. Bayram şər qüvvələrin qovulması ilə də bağlıdır. Bunun üçün soya lobyalarından istifadə olunur. Qızardılmış soya lobyaları evdə adətən kişilərə atılır. Bu ayin «mamemaki» adlanır və maqik ifadələr işlədilir: «Şeytan rədd ol!», «Xoşbəxtlik evə gəl!»
   Tarixi bayram Kansay regionuna aiddir. Hazırkı zamanda soya lobyası hərdən yer fındığı ilə əvəz olunur.
   
   Sinmin
   
   Çində isə Novruza oxşayan bayrama Sinmin deyirlər. Bu bayram aprelin əvvəlində qeyd olunur. Həmin vaxt insanlar şəhər və kənd ətrafına gəzintiyə çıxır, çərpələng uçurdur, baharın gəlişini qeyd edirlər. Mərkəzi Çində Sinmin bayramında sırf qadınların yeyəcəyi boranı soyutması bişirilir. Hesab olunur ki, bunu yeyən qadınlar oğlan doğacaqlar. Novruz kimi, Sinmində də bayramın mühüm atributlarından biri boyanmış yumurtadır.
   Yaz bayramı Çində Ay təqvimində ənənəvi yeni il bayramıdır. Müasir dövrdə bu bayramın qloballaşması müşahidə olunur. Bu tədbirlər Asiya, Avropa, Afrika, Amerika və Okeaniyanın 60-a yaxın ölkəsində qeyd olunur. Onlar təkcə dünyanın müxtəlif yerlərində bayram atmosferi təşkil etmirlər, eyni zamanda çinlilərin yeni il sevincini başqa xalqlara nümayiş etdirmək, bölüşmək arzusunu nümayiş etdirirlər. Onlar bunu edərkən Çin konsepsiyasına əsaslanırlar: harmoniya, qarşılıqlı anlayış, birgə tərəqqi. Yaz bayramının dünyanın müxtəlif yerlərində qeyd olunması populyarlaşıb. Yeni əsrin başlanğıcında bu bayramın qeyd olunmasına daha çox ölkələr diqqət yetirir.
   
   Ağac əkilməsi günü
   
   Bir sıra ölkələrdə yazın gəlişi ilə bağlı “Ağac əkilməsi günü” qeyd olunur. Çində ağac əkilməsi günü rəsmi yaz bayramıdır. Hər il martın 12-də ölkədə kütləvi yaşıl plantasiyaların salınması keçirilir. Maraqlıdır ki, ağac əkilməsi günü Amerika şəhəri Nebraskda da var. Rəsmi gün 1972-ci ildə tanınmış siyasətçi və ABŞ-ın kənd təsərrüfatı naziri Sterlinq Morton tərəfindən təyin olunub. Hazırda ağac əkilməsi bir çox ölkələrdə müxtəlif mövsümlərdə qeyd olunur.
   
   Mehparə,
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar