Mədəniyyətlərarası dialoqa ev sahibliyi edən Azərbaycan həm regional, həm də qlobal miqyasda bu prosesə öz töhfəsini verməyə hazırdır
   
   Bu gün çağdaş dünyanın qarşısında duran ən mühüm problemlərdən biri fərqli sivilizasiyalar, dinlər, mədəniyyətlər arasında anlaşmanın, əməkdaşlığın optimal yollarının tapılmasıdır. Son illərdə bu mövzuda müxtəlif səviyyəli müzakirələr aparılıb, beynəlxalq konfranslar keçirilib, qurumlar təsis olunub. 
   
   Özəlliklə 2001-ci ilin 11 sentyabrında Amerikada baş vermiş terror olaylarından sonra meydana gələn və bir sıra hallarda mədəniyyətlərin toqquşması, sivilizasiyalar, dinlərarası savaş kimi təqdim edilən proseslər dünyada geniş zəminli dialoq zərurətini aktuallaşdırıb.
   Təsadüfi deyil ki, həmin tarixdən sonra mədəniyyətlərarası anlaşma, qlobal ixtilafdan dialoqa yol arayışları xüsusilə aktivləşib. 2005-ci ildə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İspaniyanın baş naziri Xose Luis Zapatero tərəfindən irəli sürülən, daha sonra BMT çərçivəsinə salınan “Mədəniyyətlər İttifaqı” (Sivilizasiyalar Alyansı) layihəsi (hazırda dünyanın 90-dək ölkəsi bu təşəbbüsə qoşulub), 2008-ci ilin Avropa Birliyi tərəfindən “Mədəniyyətlərarası dialoq ili” elan olunması, ayrı-ayrı ölkə başçılarının təşəbbüsü ilə beynəlxalq toplantıların (məsələn, 2010-cu ilin oktyabrında prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə Qazaxıstanda keçirilən “Mənəvi mədəniyyət üzrə Dünya Forumu”) təşkili bu qəbildəndir.
   
   Azərbaycanın tarixi missiyası
   
   Azərbaycan da sözügedən təşəbbüslərdən kənarda deyil. Üstəlik ölkəmizin tarixən müxtəlif dinlər, mədəniyyətlər üçün dinc yanaşı yaşama məkanı olması Azərbaycanın bu proseslərdə ön sıralarda yer almasını zəruri edir. XX əsrin əvvəlində bir müsəlman ölkəsi olaraq dünyaya ilk cümhuriyyəti, demokratik respublikanı vermiş, müsəlman Şərqində ilk dəfə mütərəqqi Qərb dəyərlərini dövlət səviyyəsində əxz və tətbiq etmiş Azərbaycan üçün bugünkü dünyaya mədəni tolerantlıq örnəyi olmaq, mədəniyyətləri qovuşduran məkan rolunda çıxış etmək tarixin üzərimizə qoyduğu bir missiyadır.
   Bu gün qloballaşma prosesi dünyanın dörd yanını bir-birinə bağlayır. Belə bir vəziyyətdə Azərbaycanın qarşısında duran mühüm məqsədlərdən biri qabaqcıl dövlətlərlə ayaqlaşmaq, bu qlobal inteqrasiya prosesində Azərbaycan xalqının milli «mən»ini, milli zənginliyini dünyaya layiqincə təqdim etmək və eyni zamanda milli-mənəvi dəyərlərimizin mütərəqqi dünya dəyərləri ilə üzvi sintezinə nail olmaqdır. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya zaman-zaman özünü göstərib.
   XX əsrin əvvəllərində Şərq və Qərb dəyərlərinin birləşdirilməsi, milli və dini dəyərləri saxlamaqla modernləşmək mövqeyi Azərbaycan ziyalı fikrinin mühüm istiqamətini təşkil edib. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən “türkçülük, çağdaşlıq və islamiyyət” fəlsəfəsi buna bariz misaldır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik məfkurəsi məhz bu ideoloji əsasa söykənib.
   1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra xalqımız Cümhuriyyətin tarixinə və dəyərlərinə sahib çıxdı. Zəngin mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin dünyaya layiqincə çatdırılması, eyni zamanda Azərbaycanın mütərəqqi bəşəri ideyalara, dialoqa, əməkdaşlığa açıq ölkə elan edilməsi dövlət siyasətinin əsasını təşkil etdi. Böyük öndər Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, zəngin mədəniyyətli, tolerant ölkə kimi tanınması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya layiqincə təbliğ etməliyik.
   Bu siyasətin vacib məqamlarından biri Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada təbliği ilə yanaşı, dünya mədəniyyətinin də Azərbaycanda tanıdılması, bu xüsusda beynəlxalq forumlara, tədbirlərə ev sahibliyi etməkdir.
   
   Böyük İpək Yolu üzərində mədəniyyətlərin qovuşması

   
   1998-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda “Böyük İpək Yolu” layihəsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi ölkəmizin regionlararası əməkdaşlığa, Şərq-Qərb dialoquna, Avropa-Asiya inteqrasiyasına mühüm töhfəsi idi. 32 ölkənin, o cümlədən 9 dövlət başçısının, beynəlxalq təşkilatların yer aldığı konfrans mahiyyətcə iqtisadi işbirliyini nəzərdə tutsa da, strateji məqsəd etibarilə əslində nəhəng bir coğrafiyada qloballaşmaya, tarixi İpək Yolu üzərində yerləşən xalqlar, fərqli mədəniyyətlər arasında dialoqa, ünsiyyətə meydan açılması idi. Heydər Əliyev öz çıxışlarında “İpək Yolu” layihəsinin bu özəlliyini xüsusilə vurğulayırdı: “Bu nəhəng layihənin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır”.
   Təsadüfi deyil ki, son illərdə ölkəmizin ev sahibliyi ilə gerçəkləşən bir sıra beynəlxalq mədəniyyət tədbirləri, musiqi festivalları, simpozium və konfranslar, hətta turizm marşrutları belə İpək Yolu ideyasına, Azərbaycanın bu coğrafiyada oynadığı birləşdirici, inteqrativ missiya üzərində köklənir. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan mədəniyyətlərarası dialoqda oynadığı müsbət rolunu müasir dünyanın reallıqlarına uyğun olaraq yeni müstəviyə, daha yüksək keyfiyyət mərhələsinə keçirməyə müvəffəq olub.
   Hazırda Azərbaycanın hərtərəfli, o cümlədən elmi-mədəni inkişafı elə səviyyəyə çatıb ki, ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında, sadəcə, kəsişmə nöqtəsi, körpü rolunu oynamaqla yetinmir. Bu gün Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır.
   Məhz buna görədir ki, Azərbaycana dünyanın hər hansı məkanından gələn şəxs istər dünyagörüşü, dini baxışları, istərsə də digər fərqli cəhətləri ilə burada özünü yad hiss etmir. Azərbaycanın tolerant cəmiyyəti, sosiomədəni müstəvisi istənilən əcnəbiyə burada tamamilə komplekssiz, rahat olmağa imkan verir. Odur ki, ölkəmizə uzun müddətə işləməyə gələn xarici diplomat da, qısa müddətə təşrif buyuran hər hansı əcnəbi şəxs də burada özünü evindəki, vətənindəki kimi hiss etdiyini bildirir.
   Bu gün Azərbaycan dünyaya zəngin milli-mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Biz qloballaşma prosesində beynəlxalq birliyə birtərəfli inteqrasiya yolunu seçməmişik. Bu yol ikitərəflidir, çünki dünyaya öz mədəni zənginliyimizi təqdim və təbliğ etməyi bacarır, dünyanı bizdən nələrisə öyrənməyə təşviq edə bilirik. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, “Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməkdir”.
   
   Fərqli baxışlar arasında anlaşmanın tək yolu - dialoq

   
   Təqdirəlayiq haldır ki, bu istiqamətdə həm dövlət, həm də qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycan muğamının, aşıq sənətinin, milli xalcaçılıq sənətimizin UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs xəzinəsinə daxil edilməsi, ədəbiyyat, mədəniyyət korifeylərimizin dünyaya tanıdılması, onların yubileylərinin UNESCO miqyasında qeyd olunması hamımızda məmnunluq doğurur. Azərbaycan incəsənəti, klassik musiqi, muğam, aşıq, xalçaçılıq sənəti ilə bağlı ölkəmizdə keçirilən beynəlxalq festivallar, toplantılar dünyanın müxtəlif ölkələrindən gələn sənətçilər, alimlər arasında fikir mübadiləsi, dialoq atmosferi üçün geniş imkanlar yaradır. Dünyanın liderləri, mədəniyyət, elm, din xadimləri Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirlərdə qlobal problemlərin həll yollarını arayır.
   Hələ 2005-ci ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq” həftəsi cərcivəsində Parisdə kecirilmiş “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında” adlı tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamışdı. Sonrakı müddətdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu yöndə əməli addımları, konkret təşəbbüsləri ortaya qoydu.
   2008-ci ilin iyununda Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" mövzusunda beynəlxalq forum keçirildi. Forumdakı çıxışında Mehriban xanım Əliyeva bu sahədə qarşıda duran vəzifələrdən danışaraq dedi: "Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?".
   Anlaşmaya mane olan səbəblər, sözsüz ki, çoxdur. Ancaq onları aradan qaldırmağa, fərqli baxış və düşüncələrə təmas nöqtəsi tapmağa kömək edə biləcək bir yol var: dialoq. İnsanlar məhz danışaraq, görüşərərək, fikir mübadiləsi edərək anlaşırlar. Bu, ölkələr, xalqlar, dinlər, mədəniyyətlərarası münasibətlər üçün də keçərlidir.
   Təsadüfi deyil ki, bu gün bütün dünyanın böyük din xadimləri özünü tolerantlıq və dialoq məkanı təsdiq etmiş Azərbaycanda toplaşır və sivilizasiyaların qarşılıqlı anlaşması yollarını müzakirə edirlər. 2009-cu ilin noyabrında Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans, 2010-cu ilin aprelində Azərbaycan paytaxtının ev sahibliyi etdiyi dini liderlərinin sammiti buna sübutdur.
   Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olundu. Şərq ilə Qərbi birləşdirən İpək Yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, bu il çərçivəsində də paytaxtımız festivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar mərkəzinə çevrildi. “Bakı İslam Mədəniyyəti Paytaxtı - 2009” ilinin açılışında çıxış edən prezident İlham Əliyev demişdi: “Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, əmin-amanlıq olsun, sivilizasiyalar arasında dialoq daha da möhkəmlənsin. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər görülməlidir. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır”.
   
   “Bakı Prosesi” - təşəbbüsdən reallığa
   
   Təbii ki, Azərbaycanı dünya üçün mənəvi ünsiyyət, mədəniyyətlərarası dialoq məkanına çevirən bu tədbirlərin, məqsədyönlü fəaliyyətin zirvəsi ölkəmizin ev sahibliyi edəcəyi Dünya Forumu olmalı idi. Bu böyük təşəbbüs prezident İlham Əliyevə məxsusdur. 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfrans keçirildi. Azərbaycan bu beynəlxalq tədbirə bir sıra müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal mədəniyyətlərarası dialoqa pəncərə açdı. Konfransda çıxış edən prezident İlham Əliyev mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü: “Mən çox istərdim ki, bu gün başlanan “Bakı prosesi” uzunmüddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin”. Konfransda mədəniyyətlərarası dialoqa dair “Bakı Bəyannaməsi” qəbul olundu və tarixi prosesin əsası qoyuldu.
   Ötən müddətdə “Bakı Prosesi”nin ideyadan praktik müstəviyə keçməsi üçün görülən işlər nəticəsini verib və Azərbaycan paytaxtı tarixdə ilk dəfə olaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Nüfuzlu beynəlxalq təşkilatlar, UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən dəstəklənən forum Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək, ölkəmizin tolerantlıq və dialoq məkanı kimi indiyədək oynadığı tarixi missiyaya yeni rəng qatacaq və nəticə olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal platformanın əsasını qoyacaq.
   
   Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar