Dünya mədəniyyəti
   
   Böyük bir mədəniyyət olan və qədim ənənələri ilə günümüzə çatan karnaval bir çox ölkələrdə keçirilir və onun özünəməxsus cəhətləri var. Bu mərasim təntənəli qeyd olunmayan ölkələrdə isə insanlar ən azından karnavalı xatırladan kiçik mərasimlər keçirirlər.
   
   Karnaval rəngarəngliyi, əyləncəsi ilə daima diqqəti çəkib. Elə buna görə də insanlar ən maraqlı əyləncəni karnavalda tapırlar. Karnaval sözünün maraqlı etimologiyası var, latın dilində “ətdən imtina” (carnem levare) mənasını verir. Daha çox katolik ölkələrində geniş yayılan bu mərasimin adətən xristianlıqda Pasxa bayramından əvvəl riayət edilən “Böyük oruc” (40 gün ərzində müəyyən qidadan (yağ, ət və s.) imtina ilə müşayiət olunur - red.) ərəfəsində (yanvar-fevral) keçirilir. Amma müxtəlif ölkələrdə karnavallar fərqli zamanlarda keçirilir.
   
   Karnavalda maska geyin, hamıdan biri ol!
   
   Karnavallar ilk vaxtlar yürüşlərlə bağlı olub və Roma imperiyasında yayılıb. Festival ilk vaxtlarda teatr tamaşaları, kütləvi xalq şənlikləri və böyük izdihamla müşayiət olunub. IX-X əsrlərdə karnaval Qərbi Avropanın müxtəlif şəhərlərində geniş yayılıb. İlk belə mərasimlər İtaliyada, Venesiyada qeyd olunub.
   Bütün karnavalların əsas atributları iştirakçıların rəngarəng geyimləri və maskalar idi. İnsanlar karnaval vaxtı maskalar geyinir və beləliklə insanlar arasında sosial fərqlər itirdi. Burada maskalar o qədər məşhurlaşmışdı ki, bəzi insanlar adi günlərdə də maska taxırdılar. Hətta arzulanmayan əməlləri gerçəkləşdirmək üçün maska altında gizlənənlər də olurdu. İş o yerə çatır ki, karnavaldan sonrakı günlərdə maska geyinmək qadağan olunur. XVIII əsrin sonlarına qədər karnaval Venesiya şəhərinin həyatında mühüm rol oynamaqda davam edirdi. Lakin sonralar ona maraq azalmağa başladı. Yalnız XX əsrin ikinci yarısında karnaval yenidən dirçələrək, özünün ikinci həyatını yaşamağa başladı.
   Hər il yarım milyondan artıq turist karnavala tamaşa etmək və ya iştirak etmək üçün Venesiyaya gəlir. Karnaval qədim «Festa delle Marie» bayramı ilə açılır. Bu bayram dəniz quldurlarının Venesiyada əsir götürdükləri qızların azad olunmasına həsr olunub. Hətta bu karnavalın öz himni də var. Turistlər özləri üçün hazırladıqları kostyumlarda bu karnavalda çıxış edirlər.
   İtaliyadan sonra isə karnaval Fransa və Almaniyada keçirilməyə başlanıb. Bu ölkələrdə də hər hansı bir karnavalın əsas hissəsini şəhərin əsas küçəsindəki izdiham təşkil edirdi. Onun aparıcı motivi məhsul, bolluq hesab edilir, kənd təsərrüfatı məhsulları, güllər, müxtəlif yeməklər nümayiş olunurdu. Karnavalda əsas fiqur məzhəkəçidir. O izdihamın idarə olunmasında rol oynayır.
   
   Almaniyada karnaval - 11.11.11
   
   Almaniyanın Köln və Düsseldorf şəhərlərində isə karnaval özünəməxsus şəkildə, öz ənənələri ilə qeyd olunur. Karnavalda üç 11 rəqəmi olmalıdır. Mərasim noyabrın 11-də, saat 11.11-də (11.11.11) başlayır. Daha sonra isə karnaval komitəsi yaradılır. Bu komitə şahzadəni, qızı və kəndlini seçməlidir. Hər üç şəxsi həmişə kişilər oynayırlar. Hər bir şəhərdə keçirilən karnaval illər ərzində inkişaf etmiş ssenari üzrə müəyyən edilirdi. Karnavalın başında adətən şəhər tacirləri olurdu.    

   Möhtəşəm karnavallar turizmi inkişaf etdirir
   
   Karnaval mərasimləri günümüzə qədər müəyyən inkişaf yolu keçərək öz formasını daha da genişləndirib. Dünyada ən məşhur karnaval Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilir. Hər il fevralın sonunda keçirilən bayram Braziliyaya çoxlu turist qazandırır. Karnavala baxmaq üçün dünyanın müxtəlif ölkələrindən turistlər buraya axışır. Al-əlvan rənglərin, geyimlərin, rəqslərin bir-birinə qarışdığı karnavalın çətin qaydaları var və bu işi həyata keçirmək böyük əziyyət tələb edir. Orada yalnız rəqs, rəngarəng kostyumlar deyil, yeni həyat qurmanın yarışı var.
   Karnavala qatılanlar uzun yolu saatlarla rəqs edərək keçir. Braziliyada karnavala böyük önəm verilərək, qaydalar müəyyən olunub. Məsələn, Braziliyanın San-Lorenso şəhərinin rəhbərliyi karnaval günlərində şəhərdə rep dinlənilməsini qadağan edib. Qaydanı pozan şəxsi 6 ayadək həbs cəzası gözləyir. Belə bir qərar karnaval günlərində daha ənənəvi mahnılara üstünlük verilməsi məqsədilə qəbul olunub.
   Bütün bunlar karnavala nə dərəcədə ciddi yanaşıldığını, insanlarda bu festivala marağın yüksək olduğunu göstərir. Hər il Braziliyada karnaval keçirilən zaman dünya mətbuatının gözü bu mərasimdə olur. Bütün insanlar əlvan karnavalı maraqla izləyirlər.
   
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar