Madam Tüssonun məşhur muzeyi turistlərin ən çox ziyarət etdiyi məkanlardandır
   
   Dünyanın böyük ziyarətçi cəlb edən, maraqlı özəllikləri ilə seçilən muzeylərindən biri Madam Tüsso Muzeyidir. Dünyanın tanınmış simalarının - siyasətçi və dövlət rəhbərlərindən kino və musiqi ulduzlarınadək bir çox məşhurların mum fiqurlarının nümayiş olunduğu bu muzey özünəməxsus bir aləmdir.
   
   Muzeydə sərgilənən heykəl-fiqurlar o qədər yüksək ustalıqla hazırlanıb ki, sanki gerçək simaların canlı əkizidir. Hətta bu obrazların prototipləri - məşhur simalar muzeyə gələrək öz əkslərinə baxmaqdan doymurlar. Londonda yerləşən muzeyin dünyanın bir sıra şəhərlərində filiallarının açılması da mum fiqurlar sərgisinə böyük ziyarətçi marağının göstəricisidir.
   
   Mumdan pul qazanmaq bacarığı
   
   Madam Tüsso Muzeyinin özü qədər onun yaradıcısı, fransız heykəltəraş Mari Tüssonun (1761-1850) həyatı da maraqlıdır. Haqqında danışarkən, muzeyin yaranma tarixinə də nəzər salmaq lazımdır. Strasburqda doğulan Marinin anası mum heykəllər ustası Filip Kertisin yanında qulluqçu işləyib. Mari mum fiqurlar düzəltməyi də ilk dəfə ondan öyrənib. Həmin dövrdə heykəltəraşlıq sənətinin bu növü elə də geniş yayılmamışdı. Mari Tüsso müəllimindən öyrəndiyi ustalığı inkişaf etdirərək əvvəlcə bir neçə sərgi açır. Müəlliminin ölümündən sonra onun işləri Marinin şəxsi əmlakına keçir. Mari müəlliminin işlərini öz işlərinə əlavə edir və mum fiqurlar hazırlanmasını tədricən gəlirli biznes sahəsinə çevirir.
   1802-ci ildə Mari Tüsso Londona gəlir və burada yaşamağa başlayır. 1835-ci ildə Londonda ilk mum fiqurlar muzeyinin əsasını qoyur. İlk vaxtlar burada 30 fiqur sərgilənirdi. Madam Tüssonun ölümündən sonra onun oğulları kolleksiyanı genişləndirmək qərarına gəlirlər.
   1884-cü ildə muzey Londonun Merilebon-Road rayonuna köçür və bu günə qədər də burada fəaliyyət göstərir. Muzey ziyarətçilərini unikal mum fiqurları ilə sevindirməyi bacarır. Muzeyin dünya şöhrəti qazanması müxtəlif ölkələrdə filialların açılmasına təkan verir. Hazırda dünyanın 11 şəhərində - Amsterdam, Kopenhagen, Vyana, Berlin, Nyu-York, Los-Anceles, Vaşinqton, Hollivud, Blakpool, Honkonq və Şanxayda muzeyin filialları var.
   1925-ci ildə baş verən qəfil yanğın nəticəsində muzeydə bir çox fiqurlar korlanır. Lakin formalar tamam korlanmır və onları bərpa etmək mümkün olur. O gündən bu günədək muzey dünyada baş verənləri əks etdirməkdə davam edir.    

   Muzeydə kimlər yoxdur?
   
   Hazırda muzeydə 1000-dən artıq mum fiqur var. Mütəmadi olaraq bu muzeyin ekspozisiyası dünya ulduzlarının heykəlləri ilə zənginləşir. Muzeyin ən diqqətçəkən bölmələrindən biri “Dünya liderləri” salonudur. Burada tanınmış dövlət xadimlərinin mum heykəllərinə rast gəlmək olar. Qeyd edək ki, 2007-ci ildən Madam Tüsso Muzeyinin «Dünya liderləri» salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru da nümayiş olunur. Heykəlin müəllifi, muzeyin əməkdaşı Stiv Sueys mum-fiqurunun üzərində işə başlayanda Bakıya gələrək, Heydər Əliyev Fondunda olub, arxiv materiallarını öyrənib. Heykəltəraş bildirib ki, Heydər Əliyevin xarakterinin müxtəlif xüsusiyyətlərini açmağa, onu həm prezident, həm də adi insan kimi təsvir etməyə çalışıb.
   Madam Tüsso Muzeyi prezidentlərin mum fiqurlarını hazırlamaqda davam edir və bu dünyanın diqqətini daha çox cəlb edir. Bu ilin fevral ayında muzeydə ABŞ prezidentlərinin mum heykəllərindən ibarət sərgi açılmışdı. Ekspozisiyada Corc Vaşinqtondan tutmuş Barak Obamayadək Amerika prezidentlərinin heykəlləri nümayiş olunurdu. Prezidentlərdən bir çoxu xanımları ilə birlikdə təqdim olunub. Ronald Reyqanın yanında isə onun sevimli konfetlərini satan avtomat qoyulub.

   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar