Antik sənət əsərləri çox keşməkeşli yollar keçib. Tarix də onlara qarşı amansız olub. Nəticədə dünyanın sənət möcüzələri-ecazkar abidələrinin çox hissəsi zəmanəmizə gəlib çatmayıb. Bu səbəbdən də insan zəkasının yaratdığı və dövrümüzə qədər gəlib çatan qədim sənət əsərlərinə həmişə böyük maraq olub...
   
   Məlumdur ki, dünyanın yeddi möcüzəsindən yalnız biri Avropa qitəsindədir. Bu da Olimpli Zevsin heykəlidir. Qədim yunan əsatirlərində deyilir ki, Zevsin atası hökmdar övladları böyüdüyünü görüb təşvişə düşür. Düşünür ki, gələcəkdə onlar hakimiyyətə can atacaqlar. Çox götür-qoy edir və bu işin sonundan qorxur. Məhz buna görə də övladlarını udur - yeyir. Təkcə Zevs xilas olur. Kron övladlarını yeyərkən arvadı imkan tapıb Zevsin əvəzinə ərinə iri bir daş verir. O da həmin daşı udur...
   Hakimiyyət uğrunda mübarizədə Zevs atasına qalib gəlir. Vaxtilə qədim Yunanıstanda Olimpiya oyunları bu hadisə ilə əlaqədar təşkil olunub. Açılışı da Zevsə qurban kəsməklə başlanıb. Zevsin müqəddəs yeri Olimp məbədi olur. Eramızın IV əsrində dövrün məşhur memarı Fidinin yaratdığı Zevs heykəli də həmin məbədə qoyulur...
   Zevsin heykəli onu çox məşhurlaşdırır. Ancaq o, bu heykələ qədər Parfenomdakı Afina heykəlini və Parfenonun divar relyeflərini yaratmış, Afinanın yenidən qurulması planını hazırlamışdı. Zevsin heykəli ağacdan və qurşağacan çılpaq şəkildə olur. Bədəni fil sümüyündən, paltarı isə qızıldan hazırlanır. Bir əlində qələbə ilahəsi Nikinin qızıl heykəli, o biri əlində isə əsa tutur. Məbədin uzunluğu 64, eni 28, hündürlüyü isə 20 metr olur. Heykəl salonun yuxarı başında oturmuş şəkildə qoyulur.
   Zevsin heykəli və onun oturduğu taxt dövrümüzə qədər gəlib çatmayıb. Lakin onun təsviri qalır. Şəkildə taxtın fil sümüyündən hazırlanmış barelyeflərlə və allahların qızıl heykəlləri ilə bəzədilməsi aydın görsənir...
   O zamandan xeyli vaxt keçir. Bizansda bütpərəstlik dini xristian dini ilə əvəz olunur. Bütpərəstlik abidələrinə bir laqeydlik yaranır. Lakin bütün bunlara baxmayaraq, V əsrdə Bizans imperatorunun əmri ilə Zevsin heykəli böyük hörmət və ehtiramla Konstantinopola (indiki İstanbul) gətirilir. İmperatorun təşəbbüsü ilə gətirilən heykələ qorxusundan heç kim toxunmur. Hətta bütpərəst gözəlliyinin düşməni olan xristian fanatikləri heykəli məhv etməyə cürət etmirlər. Ancaq heykəli aradan götürmək üçün yollar aranır. İşin üstündən xeyli vaxt keçir. Bir gün kilsədə yaşlı bir mömin din xadimlərinə deyir: bütpərəst heykəlinin xristian məbədində saxlanılması böyük qəbahətdir. Onun məhv edilməsinin yollarını göstərir: bu işdə heç kimin ittiham olunmaması üçün imperatorun sarayı tamam yanmalıdır. Bu fikir xristian fanatiklərin ağlına batır. Eramızın V əsrində II Feodosinin sarayı yandırılır. Nəhəng ağac heykəl də yanıb külə dönür...
   İndi böyük Fidinin sənət əsərindən - Olimpli Zevsin heykəlindən yalnız bir neçə qaralmış sümük lövhəcik və bir də ərimiş qızıllar qalıb. Dünyanın yeddinci möcüzəsi bax beləcə məhv olunub.
   Doğrudan da, təbiət taleyi faciəli olan dünya möcüzələrinə qarşı amansız olub. Bunun bir az fərqinə varanda görürük ki, bu, heç də belə deyildir. Çünki bu gün də Çinin, Hindistanın, Orta Asiyanın çöl və yamaclarında onlarca üst-üstə qalaqlanmış torpaq təpələri aşkar olunur. Belə müəyyən olunur ki, həmin təpələr oralarda haçansa mövcud olan və sonralar yer üzündən silinmiş şəhərlərdən xəbər verir...
   Qədim dünyadan dövrümüzə qədər çox az sənət nümunəsi gəlib çatıb. Amma onlar da bizə Şərqin ecazkar sənətini təsəvvür etməyə imkan verir. İraqda, Yaponiyada, Birmada və Həbəşistanda, yaxud başqa bir ölkədə yaşamasından asılı olmayaraq, keçmişin ulu sənətkarlarını yad edək...
   
   Savalan Fərəcov