Dəb dünyası
   
      
   Məşhur italyan brendi “Emilio Pucci” dəb dünyasına ötən əsrin 50-ci illərində daxil olub. Brendin yaradıcısı Emilio Pucci 1914-cü ildə Neapol şəhərində zadəgan ailəsində doğulmuşdu. Əvvəlcə Milan Universitetində təhsil almış, Amerikanın Corciya ştatında təhsilini davam etdirmiş, sonra Bolonya Universitetində politologiya doktoru elmi dərəcəsi almışdı.
   Emilio gənc yaşlarında xizək idmanı ilə məşğul olurdu. İtaliyanın xizək üzrə yığma komandasının üzvü idi. Moda dünyasında isə onun karyerası gözlənilmədən başladı. İdmanla məşğul ola-ola xizək idman kostyumlarının dizaynı ilə maraqlanır, eskizlər çəkir. Bu işlər “Harpers Bazaar” jurnalının baş redaktoru Diana Vrilandın diqqətini çəkir və o, 1934-cü ildə Emilionu jurnalla əməkdaşlığa dəvət edir. Bir qədər sonra gənc dizayner Amerikanın “Lord&Tailor” univermağının dəvətini qəbul edərək onlarla birgə işləməyə başlayır.
   1947-ci ildə Emilio ilk xizək kostyumlarının kolleksiyasını təşkil edir. Dizayner özünün ilk butikini 1949-cu ildə Kapri adasında açır. Həmin il o, yeni şalvar modelini yaradır və onu adanın şərəfinə “Kapri” adlandırır. Bundan sonra onun Romada və digər şəhərlərdə mağazaları açılır.
   Emilionun əvvəllər tikdiyi paltarlarda bir rəngdən istifadə olunurdu. Bir müddət sonra onun brendində rəngarəng ləkələr görünməyə başladı. Emilio II Dünya müharibəsində hərbi təyyarəçi idi. Təyyarədən dənizə baxanda gördüyü mənzərə - kiçik rəngarəng adalar - onun beynində həkk olunur və sonradan bundan eskizlərində istifadə edir. Abstrakt naxışlar indiyə qədər onun brendində əksini tapır. 1950-ci ildə dizayner geyimlərdə ilk dəfə elastik (striç) parçadan istifadə edir.
   “Emilio Pucci” brendi 1956-cı ildə rəsmən qeydə alınmışdı. Həmin adda müxtəlif çeşidli mallar - paltar, gödəkçə, palto, yaylıq, çanta, ayaqqabı, aksesuarlar və s. istehsal olunurdu. 1992-ci ildə Emilio Pucci vəfat edir və qızı Ladomiya onun işlərini davam etdirir. 2000-ci ildə isə LVMH kompaniyası şirkətin səhmlərinin çox hissəsini alır. 2008-ci ildən şirkətin yaradıcı direktoru norveçli dizayner Piter Danbasdır. Hazırda Şimali Amerikada, Yaponiyada və digər ölkələrdə brendin bir neçə ofisi var. “Emilio Pucci” brendi bu gün də moda aləminin simvolu olaraq qalmaqdadır.
   
   Hazırladı: Səbinə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar