Yaponiya özünün qədim mədəni irsi, festival ənənələri, əsrarəngiz təbiəti ilə yanaşı, ilin müxtəlif fəsillərində gerçəkləşən maraqlı gül-çiçək sərgiləri ilə də turistləri cəlb etməyi bacarır. Bu günlərdə Kyoto şəhərində yalnız gecələr çiçək açan güllərin sərgisi də buna misaldır. Kyoto botanika bağının əməkdaşları həmin gülləri tam qapalı otaqda yerləşdirərək gecə mühiti yaratmış və bununla da onları “aldadaraq” gündüzlər çiçək açmağa “məcbur etmişlər”.
Sərgidə nümayiş etdirilən 20-dən artıq gülün əksəriyyəti yerli növlər olsa da, onların arasında xaricdən gətirilmiş çiçəklər də var. İlk dəfə təşkil edilmiş sərgi həm yerli sakinlər, həm də Kyotonun qonaqları tərəfindən xüsusi maraqla qarşılanıb. Gecə çiçəkləri ilə bərabər bağda Alp dağları çiçəklərinin də xüsusi sərgisi təşkil edilib. Bu çiçəklər də öz nadir gözəllikləri ilə bağı ziyarət edənlərin diqqətini cəlb edirlər. Onlar böyük maraqla Alp çiçəklərinə də tamaşa edir, şəkillərini çəkirlər.
Artıq uzun müddətdir ki, fəaliyyət göstərən Kyoto botanika bağı 1,5 hektar sahədə yerləşir və buradakı nadir bitkilər öz gözəlliyi ilə tamaşaçıları heyran edir.