“Sotheby” hərrac evinin növbəti satışına çıxarılan əsərlər arasında II Dünya müharibəsi zamanı nasistlər tərəfindən oğurlanmış, ümumi dəyəri 1 milyon dollara yaxın 4 əsər var.
Onlardan ikisi - “Qızıl gül yığımı” və “Musiqiçi” uzun müddət faşist Almaniyasının liderlərindən olan German Gerinqin şəxsi kolleksiyasında saxlanılıb, məşhur rəssam Jan-Batist Paterə məxsusdur. Hərrac evi əsərlərin eyni müəllifə aid olduğunu nəzərə alaraq dəyəri 500 min dollar həcmində qiymətləndirilən rəsmləri birgə satmağa qərar verib.
İtalyan rəssamı Françesko Qvardinin “Venesiyada Piazzetta mənzərəsi” əsərinin dəyəri isə 200-300 min dollar həcmində qiymətləndirilir. Sözügedən əsər məşhur modelyer Jak Duseyin kolleksiyasında olub, 1912-ci ildə isə fransız bankirə satılıb.
Fransız xeyriyyəçisi, “böyük baron” ləqəbli bankir Ceyms Mayer Rotşildə məxsus Paterin “Mark Furi Kamillanın zəfəri” əsəri də vaxtilə nasistlər tərəfindən oğurlanmış rəsm əsərlərindən biridir.
Qeyd edək ki, sözügedən əsərlər II Dünya müharibəsi zamanı nasistlər tərəfindən oğurlanmış incəsənət nümunələrinin axtarışı ilə məşğul olan “Monuments Men” (“İnsanlığın Abidələri”) təşkilatı tərəfindən aşkarlanıb və həqiqi sahiblərinə qaytarılıb.