Səhnə arxasında qalanlar
   
   
   Qrim rəssamlığa bağlı bir sənət növüdür. Bu sənət aktyorun xarici görkəmini dəyişir və onu ifa etdiyi obraza uyğunlaşdırır. Bu gün qrim sənəti inkişaf edərək özü də bir neçə növə, sahəyə ayrılıb. Qrim işinin spesifik tərəfləri müxtəlif faktorlara əsaslanır. Buraya tamaşanın janrı, rejissorun baxışları, aktyorun fiziki göstəriciləri, obrazın konsepsiyası və s. daxildir.
   
   Teatrda qrimin xarakteri pyesin bədii xüsusiyyətlərindən asılı olur. Özündə qrim-rəssamlıq və tikiş metodunu birləşdirən bu sənət dərinin rənginin, üz cizgilərinin dəyişdirilməsindən tutmuş saç-saqqal, parik, bakenbardları da özündə tamamlayır. Teatrlarda bu günə kimi ənənəvi qrim materiallarından istifadə olunur. Saç və hörüklərin düzəldilməsi ilə məşğul olan qrim ustaları postijor adlanır. Bu iş çoxlu səbir və səliqəlilik tələb edir. Onlar kiçik ilmələr vasitəsilə tüldən hazırlanmış xüsusi maketlər üzərində lazım olan ölçülərdə hörüklər, saqqal və s. hazırlayırlar.
   Bu gün Azərbaycanda təcrübəli qrim ustalarımız az deyil. Onlardan biri də 30 ildən artıqdır ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan Sergey Qədirovdur. Onunla çalışdığı teatrda görüşüb söhbət etdik. Teatra olan sevgisindən, sənətə gəlişindən həvəslə söz açan usta danışdıqca sanki bir hekayə dinləyirdim:
   - 1981-ci ildə teatra səhnə maşinisti kimi gəlmişəm. 1983-cü ildən etibarən səs operatoru işlədim. Sonra qrim sexində çalışmağa başladım. Burada işləməyimə səbəb isə əl qabiliyyətimin yaxşı olması idi. Qrim ustalarımızdan biri təqaüdə getdiyi üçün bərbərliyi yaxşı bacardığımı görüb məni bu sexə təyin etdilər. Amma bir şərt var idi ki, mən Odessada qrim üzrə təhsil almalı idim. Həmin dövrdə İncəsənət İnstitutunda oxuyurdum, təhsilimlə və ailə vəziyyətimlə əlaqədar olaraq Odessaya gedə bilmədim. Teatrın rəhbərliyi belə qərara gəldi ki, məni C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına təcrübə keçməyə yollasınlar.
   Kinostudiyada qocaman qrim ustası Elbrus Vahidovun yanında bu sənətin sirlərini öyrənməyə başladım. İşi asanlıqla qavrayırdım. Özüm də bu sənətə meyilli idim. Belə oldu ki, ilk olaraq postijor kimi fəaliyyətə başladım. Qrim sahəsində postijorun işi bığ, saqqal, müxtəlif pariklər düzəltməkdən ibarətdir. 6 ay təcrübə keçdikdən sonra qayıtdım teatra və artıq 30 ildir ki, burada qrim ustası kimi fəaliyyət göstərirəm.
   İşlədiyim illər ərzində Hüseynağa Sadıqov, Firəngiz Şərifova, Gülşən Qurbanova, Ağaxan Salmanlı və s. tanınmış aktyorlarla birgə işlədiyimə görə çox şadam. Ali təhsilli olmağına baxmayaraq, teatrı çox sevdiyim üçün elə qrim ustası kimi də fəaliyyətimi davam etdirməyi üstün tutdum. Hələ məktəb illərində tibb işçilərinin mədəniyyət evində dram dərnəyinə yazılmışdım. Uşaqlıqda teatra böyük həvəsim var idi. Rəhbərimiz tanınmış rejissor Məhərrəm Bədirzadə idi. O vaxtlar AzTV-də yayımlanan “Səhər görüşləri”ndə çıxışlarım da olub.
   - Teatrda qrim ustasının işi nədən başlayır?
   - İlk olaraq tamaşada aktyorun obrazının eskizi hazırlanır. Bu eskiz əsasında biz qrimləri hazırlayırıq. Daxili baxışdan əvvəl qrimlər yoxlamadan keçir. Qrimin hazırlanmasına - həvəsdən və səbirdən asılı olaraq - iki-üç gün vaxt gedir. Bizim işimiz uzun prosesdir. Təsəvvür edin ki, bir tamaşa üçün neçə qrim hazırlanmalıdır.
   Həmsöhbətim sənəti ilə bağlı maraqlı bir əhvalatı da xatırladı:
   - “Hacı Qəmbər” tamaşasında qocaman aktyorumuz Rafiq Hüseynov bığ qrimindən istifadə edirmiş, növbəti tamaşa zamanı isə öz təbii bığları olduğu üçün qrimə müraciət etmir. Tamaşa bitdikdən sonra qrim ustası gəlib qrimləri yığanda görür ki, Rafiq Hüseynov bığı çıxarmayıb. Əl atır ki, “ay kişi, tamaşa bitib, bığı qaytar”. Bizim işimizdə belə məzəli əhvalatlar da baş verir. Aktyorlar səhnəyə çıxdıqları zaman qrim ustaları onların yanında olur və tikmə işlərini elə onlar özləri həyata keçirirlər. Xarakterik rollar var ki, burada aktyorun üz cizgiləri üzərində işlənməlidir. Bəzən professional aktyorlar bunu özləri edirlər, bəzən isə biz. Hazırda bir neçə tamaşanın qrimləri üzərində işləyirik. Tamaşada obrazın baxımlı alınmasında qrimin də rolu az deyil. Teatrın rəhbərliyi işləməyimiz üçün bizə hər cür şərait yaradıb. Heç vaxt bu sənəti seçdiyimə görə peşmançılıq çəkməmişəm.
   Sergey usta danışdıqca sexin əməkdaşları Elnurə və Vüsalə teatrın rejissoru Nicat Kazımovun hazırladığı yeni tamaşanın qrimləri üzərində işləyirdilər. Müxtəlif saqqal və tikiş işləri hazırlayan qızlar nümunə olaraq öz işlərini də bizə göstərdilər. Otaqda isə bir birindən maraqlı qrimlər öz sahiblərini gözləyirdi.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar