Ragnhild Tori: “Leyli və Məcnun”un Norveçdə yeni həyat qazanacağına əminəm”
   
   Məşhur Norveç səyyahı və alimi Tur Heyerdal hələ illər öncə bu uzaq şimal ölkəsi ilə Azərbaycan arasında qədim əlaqələrin olduğunu deyirdi. Bu əlaqələrin mövcudluğunu o, Qobustan qayaüstü rəsmləri ilə isbatlamağa çalışırdı.
   
   Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil edən antropoloq alim özünün son «Odun axtarışı ilə» adlı kitabında Norveçin qədim sakinləri olan vikinqlərin köklərinin Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və inandırıcı faktlarla əsaslandırırdı. “Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiya mədəniyyətindən də qədimdir”, - deyə o yazırdı. Məşhur səyyah bu fikri Qobustan qaya təsvirlərinə əsaslanaraq söyləmiş, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının mədəniyyəti arasında oxşar cəhətlər olduğunu görmüşdü. Bu gün Azərbaycan və Norveç xalqlarının folklor musiqisi arasında oxşarlığı da bu qədim əlaqələrə misal göstərənlər var.
   Yazının əvvəlində bu məqamlara toxunmağım heç də təsadüfi deyil. İki il öncə norveçli xanım Ragnhild Tori (Thori) ilə qarşılaşarkən onun Azərbaycan xalqına, tariximizə, mədəniyyətimizə olan sevgisi məndə böyük maraq yaratdı. Onun gerçəkləşdirdiyi layihənin ideyası da bu sevgidən yaranmışdı. Xanım Tori dahi Azərbaycan şairi Nizami Gəncəvinin «Leyli və Məcnun» poemasının ingilis dilində uşaqlar üçün sadələşdirilmiş formada nəşrini hazırlayırdı. Nəhayət, kitab işıq üzü gördü və bu günlərdə Bakıda, Norveç Krallığının milli bayramı - Konstitusiya Günü (17 may) münasibətilə düzənlənən tədbirdə təqdimatı keçirildi.
   
   Niyə məhz «Leyli və Məcnun»?
   
   Bu arada biz də norveçli xanımla yaxından tanış olduq. Söhbət əsnasında bəlli oldu ki, Ragnhild Tori Azərbaycan Dillər Universitetinin müəllimidir, eyni zamanda Gəncə Beynəlxalq Məktəbinin (2003-cü ildən fəaliyyət göstərən bağça-məktəb - red.) direktorudur. Layihəyə gəlincə, bu barədə belə dedi: “Azərbaycana 7 il öncə gəldim. Əvvəlcə Gəncədə Beynəlxalq Məktəbin direktoru kimi fəaliyyətə başladım. Bu şəhərdə yaşadıqca onun qədim mədəniyyəti diqqətimi çox cəlb edirdi. Beləliklə, Gəncənin tarixini, mədəniyyətini öyrənmək qərarına gəldim”.
   Ragnhildin böyük Nizami irsi ilə tanışlığı da elə bu zaman yaranıb: «Gəncənin mədəniyyəti, tarixi məni özünə çox cəlb edirdi. Bu maraq içərisində böyük Nizami Gəncəvini özüm üçün kəşf etdim və ona heyran oldum. Dahi şair və mütəfəkkirin aforizmləri mənə xüsusilə təsir etdi. İlk dəfə onun böyük məhəbbət dramı, «Leyli və Məcnun» poeması ilə tanış olarkən daha da heyrətləndim. Mən sanki şairin XII əsrdə doğulduğunu unutmuşdum və düşünmüşdüm ki, bu ideyanı Şekspirin «Romeo və Cülyetta» əsərində görmüşəm. «Leyli və Məcnun»u oxuduqdan sonra öz-özümə dedim ki, bu, Şekspirin yazdığı «Romeo və Cülyetta»ya bənzəyir. Amma sonra düşündüm, axı Nizami Şekspirdən 4 əsr əvvəl yaşayıb. Nizaminin poemasının zənginliyini dərindən öyrənmək qərarına gəldim. Və özüm üçün yəqin etdim ki, Avropada böyük məhəbbət dramı olan «Romeo və Cülyetta»nın ideyası məhz dahi Nizaminin «Leyli və Məcnun» əsərindən götürülüb. Həm də «Leyli və Məcnun» əsəri öz-özlüyündə zəngin fəlsəfi dünyagörüşünü ehtiva edir. Bir sözlə, Nizaminin “Leyli və Məcnun”u dünya ədəbiyyatının ən böyük sevgi əsəridir. Lakin dünya bu nəhəng sənət əsərindən hələ də yetərincə xəbərdar deyil”.
   Bundan sonra Ragnhild Tori ilk addım kimi Gəncənin yerli müəllimləri ilə birlikdə uşaqların ingilis dili dərsində istifadə olunması üçün Nizaminin bu əsərini uyğunlaşdırır və ingilis dilində bir kitab hazırlayır. Sonra Gəncə Dövlət Kukla Teatrı ilə birlikdə «Leyli və Məcnun» əsərinin səhnə variantını tərtib edirlər: “Bu mənim üçün çox maraqlı bir iş idi. Böyük Nizaminin yazdığı əsərlərin zənginliyini, dəyərini öyrənmək qərarına gəldim və buna sadə bir vasitədən başladım: uşaqlara «Leyli və Məcnun»un kukla teatrı versiyasını yazdım. Bu səhnə əsəri tamaşaya qoyuldu və çox bəyənildi. Tamaşaya baxanların çoxu mənə deyirdi ki, axı bu əsəri niyə kitab halında çap etdirməyim? O zaman Norveçin Azərbaycandakı səfiri Steynar Gil də məni belə bir kitab yazmağa həvəsləndirdi. Bir sözlə, bu kitabın yazılmasının təşəbbüsü insanlardan gəldi. Kitabı hələ 2009-cu ildə, dahi şairin vəfatının 800-cü ildönümü münasibətilə çap etdirmək istəyirdim. Lakin çap məsələsi bir xeyli uzandı. Nəhayət, kitab işıq üzü gördü. Ədəbiyyat dünyasının minnətdar olduğu Nizaminin məşhur aforizmləri (Azərbaycan, ingilis və rus dillərində), bioqrafik məlumatlar kitabına daxil edilib”.
   
   Şərq-Qərb mədəni ünsiyyətinə töhfə
   
   Maraqlı dizayna və tərtibata malik olan bu kitab öz rəngarəngliyi ilə diqqəti cəlb edir. Kitabın tərtibatında orta əsr Şərq miniatürlərindən çox ustalıqla istifadə olunub. Xanım Tori müəllifi olduğu kitabın Azərbaycanın, böyük Nizaminin dünyada tanınmasına daha bir töhfə olacağına inanır: “Nizami Gəncəvi Azərbaycanın ən böyük şairidir və onun yaradıcılığı Şərqdə yüksək qiymətləndirilib. «Leyli və Məcnun» onun beş məşhur poemasından biridir. Nizaminin müdrikliyi, yazdığı əsər bu günlə səsləşir. İnanıram, mənim tərtib etdiyim kitab isə uşaqların bu əsərlə, Nizami yaradıcılığı ilə yaxından tanış olmasına zəmin olacaq”.
   Qeyd edək ki, kitaba Nizaminin aforizmləri, dahi şair haqqında maraqlı bioqrafik məlumatlar, o cümlədən xanım Torinin hazırladığı “Leyli və Məcnun”un kukla tamaşasının Gəncə Beynəlxalq Məktəbinin şagirdlərinin ifasında yazılmış DVD-si daxildir. Kitabın daha bir üstün tərəfi üç dildə - Azərbaycan, ingilis və rus dillərində olmasıdır. Nəşr üç dildə tərtib olunduğuna görə ibtidai və orta məktəblərdə, bütün ailələrdə, kitabxanalarda oxunmaq üçün tövsiyə edilir. Ragnhild Norveçə qayıdanda bütün nəşriyyatlara bu kitabı təklif edəcək. O, “Leyli və Məcnun”un Norveçdə yeni həyat qazanmasına tam əmindir. Ona da əmindir ki, nəşr Şərq-Qərb mədəni ünsiyyətinə daha bir töhfə olacaq.
   
   Mehparə