Bugünlərdə Rusiyanın Krım vilayətində «Kitabxanalar və informasiya resursları müasir elm, mədəniyyət, təhsil və biznes aləmində» adlı beynəlxalq konfrans-sərgi keçirilib.
   
   EBNİT Assosiasiyası və Rusiya Elmi-Texniki Kütləvi Kitabxanasının (QPNTB) keçirdiyi konfransda nəşriyyat-poliqrafiya müəssisələrinin, avtomatlaşmış idarəetmə sistemləri ilə məşğul olan idarə, təşkilat və assosiasiyaların, ali təhsil müəssisələrinin, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması üzrə beynəlxalq aləmdə tanınan iri korporasiya və firmaların nümayəndələri iştirak edirdilər.
   Rusiya Elmi-Texniki Kütləvi Kitabxanası və EBNİT Assosiasiyası ilə yanaşı, Elm və İnnovasiya üzrə Fundamental Tədqiqatlar Rusiya Federal Agentliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat, V.İ.Vernadski adına Ukrayna milli kitabxanaları, Ukrayna Milli Texniki Universitetinin Elmi Kitabxanası, Kiyev Politexnik Universiteti, Kiyev-Mogilan Akademiyasının Elmi Kitabxanası, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universiteti və bu sahədə digər nüfuzlu elm və təhsil qurumlarının da dəstək verdiyi tədbir dünyanın müxtəlif ölkələrindən bu sahə üzrə mütəxəssisləri bir araya gətirməklə təcrübə mübadiləsini sürətləndirmək məqsədi daşıyır. Onu da qeyd edək ki, QPNTB həmçinin BMT-nin himayəsi altında keçirilən tədbirlərə də qoşulur, hətta YUNESKO-nun Rusiya Komitəsi konfransın elmi məsləhət şurasının üzvü kimi “İnformasiya hamı üçün” proqramı çərçivəsində seminarlar da təşkil edir.
   Azərbaycanla yanaşı, Belarus, Brazilya, Böyük Britaniya, Almaniya, Gürcüstan, İordaniya, Qazaxıstan, Kamerun, Kanada, Litva, Moldova, Niderland, Kanada, Rusiya, ABŞ, Tacikistan, Özbəkistan, Ukrayna, İsveç də daxil olmaqla dünyanın 30-dan artıq ölkəsindən 2021 nəfərdən çox nümayəndənin iştirak etdiyi konfransın əsas plenar və bölmə iclaslarında müasir informasiya texnologiyaları və kitabxana işinin təkmilləşdirilməsi, eləcə də elm və texnikanı, kompyuter texnologiyaları, telekommunikasiya avadanlıqları və proqram təminatlarını əhatə edən maraqlı və vacib məsələlər müzakirə olundu.
   Onu da qeyd edim ki, tədbir elm və informasiya, kompyuter sistemləri və avadanlıqları, nəşriyyat işi, kitab çapı və digər sahələrlə yanaşı, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində kitabxanaçılar üçün məktəb funksiyasını da həyata keçirir. Belə ki, kitabxana işçiləri burada kitabxana təsnifat sistemləri, təsnifat sistemlərində daima həyata keçirilən əlavə və dəyişikliklərlə tanış olmaqla, yenilikləri öyrənmək və işdə tətbiq etmək imkanı qazanırlar.
   Kitabxana işi sahəsində İFLA kimi nüfuzlu təşkilatlarından sonra özünəməxsus yer tutan Rusiya Elmi-Texniki Kütləvi Kitabxanası və EBNİT Assosiasiyasının keçirdiyi konfransda iştirakımız çox səmərəli oldu. Tədbir müddətində kitabxana-biblioqrafiya təsnifatlarına, həmçinin toplu kataloqa həsr edilmiş «İnternet texnologiyaları elektron resurslar və elektron kitabxanalar», «Kitabxanalarda veb texnologiyaların effektiv tətbiqi», «Yanaşma və nəticə», «Elektron informasiya resurslarının yaradılması» və «Sənədlərin elektron çatdırılması» mövzularını əhatə edən bir sıra maraqlı və vacib müzakirələrdə də iştirak etdik. Konfrans iştirakçılarına respublikamızda da geniş tətbiq edilən İrbis64 AİS-nə həsr edilmiş silsilə dərslər də keçildi.
   Konfransda respublikamızı 20 nəfərlik nümayəndə heyəti təmsil edirdi. Üç mütəxəssisimiz müzakirələrdə çıxış edərək informasiya texnologiyaları, informasiya resursları və mədəni irsimiz haqqında maraqlı məruzələr etdilər. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müəssisələrindən başqa, digər sahə kitabxana və qurumlarını təmsil edən iştirakçılar isə konfransın işində geniş yer tutan İrbis-məktəbin dərslərində mütəmadi iştirak edərək əlavə və dəyişikliklər sisteminin işi haqqında lazımi biliklər əldə etdilər.
   
   Əhməd Ramazanov,
   Sabirabad Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri