Fransanın tanınmış mədəniyyət xadimləri, Fransa İncəsənət Akademiyasının üzvləri (Daimi katib Arnaud de Hauterives, katiblər Jean Louis Goubin, Jean François Collignon, Galina de Bouard) oktyabrın 9-dan 12-dək Bakıda səfərdə olublar.
   
   Qonaqlar Azərbaycanın tarix və mədəniyyəti, muzeyləri ilə tanış olub, bir sıra mühüm görüşlər keçiriblər. İlk öncə Müasir İncəsənət Muzeyinə gələn qonaqlara burada əsərləri nümayiş etdirilən rəssamların yaradıcılığı barədə ətraflı məlumat verilib. Fransa İncəsənət Akademiyasının daimi katibi Arnaud de Hauterives nümayəndə heyətinin adından muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
   Oktyabrın 10-da qonaqlar Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə tanış olublar. Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev mədəniyyət ocağının fəaliyyəti barədə qonaqlara məlumat verib, müəllifi olduğu “Azərbaycan incəsənəti antologiyası” adlı kitabını və Dövlət İncəsənət Muzeyinin albomunu onlara təqdim edib. Muzeyin daimi ekspozisiyası və “Əsrlərin qovşağında” adlı sərginin ekspozisiyası ilə tanış olan rəssamlar muzeydən zəngin təəssüratla ayrılıblar.
   Oktyabrın 11-də Fransalı incəsənət xadimləri L. və M.Rostropoviçlərin ev-muzeyini ziyarət ediblər. Qonaqlar M.Rostropoviçin zəngin irsə malik olduğunu və bu irsin böyük musiqiçiyə hörmət əlaməti olaraq Bakıda qorunub saxlanılmasını yüksək qiymətləndiriblər. Qonaqlara hər il Bakıda keçirilən M.Rostropoviç Beynəlxalq Musiqi Festivalı barədə də məlumat verilib.
   Səfər zamanı Fransalı qonaqlar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov, xalq rəssamları Salxab Məmmədov, Fuad Salayev və digər rəssamlarla görüşərək fikir mübadilələri aparıblar.
   Həmin gün Fransa İncəsənət Akademiyasının təmsilçiləri, görkəmli fırça ustası, Xalq rəssamı Tahir Salahovla birlikdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qəbulunda olublar. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Nazir Ə.Qarayev Fransa İncəsənət Akademiyasını təmsil edən yüksək nüfuzlu şəxslərin Bakıya səfərini yüksək qiymətləndirib, T.Salahovun fransalı həmkarları ilə şəxsi münasibətlərinin qarşılıqlı əlaqələrin inkişafında mühüm rola malik olduğunu vurğulayıb.
   Fransa İncəsənət Akademiyasının daimi katibi Arnaud de Hauterives Azərbaycana səfərlərinin əhəmiyyətindən danışaraq, bu səfərədək ölkəmiz barədə az informasiyaya malik olduqlarını, Azərbaycanı görkəmli rəssam Tahir Salahovun əsərlərindən tanıdıqlarını deyib. O, göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Fransa İncəsənət Akademiyasında Azərbaycanı maraqlandıran layihələrin həyata keçirilməsi üçün lazım olan bütün imkanlar yaradılacaq.