Fikrət Babayev: «Azərbaycanda ilk dəfə  keçirilən festival aşıq sənətinin təntənəsinə çevriləcək»
   
   Oktyabrın 20-dən 27-dək Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə ölkəmizdə I Aşıq Festivalı keçirir. Festival Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutacaq.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin sözlərinə görə, Təşkilat Komitəsi artıq festivala hazırlıq işləri ilə məşğul olur: «Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, xalqımızın bu ölməz sənəti haqlı olaraq dünya mədəniyyəti inciləri sırasında özünə layiqli yer tutub. I Aşıq Festivalı da Azərbaycan aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi məqsədilə keçirilir».
   F.Babayev bildirdi ki, festivalda bir çox ölkələrdən sənətkarlar iştirak edəcək. İrandan, Türkiyədən, Gürcüstandan, Rusiya Federasiyasının Dağıstan vilayətindən, Özbəkistandan, Qazaxıstandan, Türkmənistandan və Qırğızıstandan aşıq-ozanların festivalda iştirakı nəzərdə tutulur: «Festivalın açılış mərasimi oktyabrın 22-də Heydər Əliyev Sarayında, bağlanışı isə oktyabrın 26-da Gəncədə keçiriləcək. Festival iştirakçılarının oktyabrın 24-də Qazax və Gədəbəy, 25-də Tovuz və Şəmkir rayonlarında çıxışları nəzərdə tutulur. Biz çalışmışıq ki, Azərbaycanın aşıq sənətinin təşəkkül tapdığı və inkişaf etdiyi bütün bölgələrin sənətkarları festivalda iştirak etsinlər. Burada Şirvan, Borçalı, Göyçə, Naxçıvan, Tovuz, Qazax, Gəncə və Kəlbəcər aşıq məktəbinin yetirmələri çıxış edəcəklər. Festivalın baş rejissoru Vaqif Əsədovdur. Tədbirlərin ssenari müəllifi isə professor Məhərrəm Qasımlıdır. Artıq təşkilati işlər tamamlanmaq üzrədir. Festivalda iştirak üçün İran, Türkiyə, Dağıstan və Qırğızıstan öz razılığını verib. Yəqin yaxın günlərdə digər ölkələr də təkliflərini verəcəklər».
   Şöbə müdiri əmin olduğunu bildirdi ki, Azərbaycanda ilk dəfə keçirilən bu festival aşıq sənətinin bir təntənəsinə çevriləcək.
   
   Fəxriyyə Abdullayeva