Nəriman Əliyev: “Dahi şairin memarlıqla bağlı fikirlərinin xeyli hissəsi sonralar həyatda tətbiq olunub”
   
   Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyi geniş tədbirlərlə qeyd edilir. Yubileylə bağlı mütəfəkkirin zəngin yaradıcılığına müxtəlif aspektdən yanaşan tədqiqat işləri də işıq üzü görür. Əməkdar memar, professor, memarlıq doktoru Nəriman Əliyev dahi şairin yaradıcılığına fərqli bir prizmadan nəzər salıb: Nizaminin yazdığı əsərlərdə memarlıqla bağlı fikirlərini tədqiq edib. Araşdırmanın olduqca maraqlı nəticələri «Nizami Gəncəvinin memarlıq düşüncələri» adlı kitabda əksini tapıb. Memarla söhbətimiz də elə bu mövzuda oldu. 

   - Nizami Gəncəvinin fəlsəfə, astronomiya, botanika, səhiyyə və başqa sahələrə dair qiymətli fikirlər söylədiyi bəlli idi. Görkəmli memarlarla bir dövrdə yaşamış şairin bu mövzuda mülahizələri isə həqiqətən maraq doğurur. Ümumiyyətlə, həmin dövrdə Azərbaycanda memarlığın mənzərəsi necə idi?
   - Orta əsrlər Turan və dünya ədəbi-fəlsəfi məktəbinin yaradıcılarından biri, XII əsrdən bəri dünyanın bir çox ölkələrinə işıq saçmaqda davam edən Nizami Gəncəvinin bədii-estetik fəaliyyətinin çiçəkləndiyi dövrdə Azərbaycan memarlığı artıq məzmun və forma baxımdan kristallaşma yolunu keçmişdi. Bu dövrdə karvan yollarını özünə çəkib gətirən, dünya bazarlarında öz məhsulları ilə məşhur olan Ərdəbil, Təbriz, İsfahan, Naxçıvan, Beyləqan, Şəki, Bərdə, Gəncə, Dərbənd kimi tarixi şəhərlərimiz mövcud idi. Bu şəhərlərin məxsusi memarlıq surəti, həcm-məkan kompozisiyası olan tikililəri vardı. Hər bir bina ayrılıqda konkret tarixi-iqtisadi, təbiət-iqlim, emosional-estetik və fəlsəfi müddəaların məhsulu olmaqla yanaşı, küll halında götürüldükdə zəngin düşüncələr və tapıntılar xəzinəsini xatırladırdı. O dövrlərin yazılı bədii abidələrində bizə gəlib çatmış yaradıcı nəhənglərin əsərlərinin tam olmayan siyahısı da bunu bir daha sübut edir. Əbül-Kərim Şirvani, Əbül-Həsən Məraqi, münəccim Əmrəddin Məsud Naxçıvani, təbib və filosof Əfzələddin Əbil-Malik, Fələki Şirvani, Mirzə Kafi, Əbül-üla Gəncəvi, İzəddin Şirvani, Əfzələddin Xaqani və başqa yaradıcı şəxslər yalnız Azərbaycanda deyil, bir çox yaxın Şərq ölkələrində də məşhur idilər.
   Bu dövrə kimi adını qiymətli memarlıq abidələrində yadigar qoymuş dahi ustad və memarlar da yetişmişdi. Məhəmməd Cəfər oğlu, İbrahim Süleyman oğlu, Məhəmməd Əbubəkr oğlu, Əcəmi Əbubəkr oğlu Naxçıvani və başqaları dünya memarlığında təkrarı olmayan əsərlərlə öz yaradıcılıq dəst-xəttini yadigar qoymuşdular. Bəzən bütöv, əksər hallarda isə fraqmentar (natamam) şəkildə bizə gəlib çatmış o dövr abidələrinə nəzər saldıqda Azərbaycan memarlığının yüksək inkişaf səviyyəsinə gəlib çatdığını görürük. Dahi Nizaminin memarlıqla bağlı fikirləri isə heyrət doğurur. İnanmaq olmur ki, yüksək sənətkarlıq nümayiş etdirən memarlar olduğu dövrdə Şeyx İlyas Nizami memarlıqda yeni söz, fikirlər və təkliflər deyə bilir. Lakin bu belədir.
   - Şair əsərlərində konkret olaraq memarlığın hansı məqamlarına toxunur?
   - Nizami hələ ilk böyük əsəri olan «Sirlər xəzinəsi»ndə memarlıqla bağlı bəzi fikirlərini metaforik səhnələr vasitəsilə bizə çatdırır.
   
   Türkə bənzər yasəmən çöldə qurub ağ çadır,
   Çadırın ayparası Sürəyyaya nur saçır.

   
   Şair burada memarlıq fikirlərinə və araşdırmalarına böyük yer verməsə də, biz onun dolayası ilə memarlığın əsaslarına aid olan dərin fikirlərinin şahidi oluruq. Nizami deyir ki, memarlıq ilk növbədə cəmiyyətin maddi vəziyyətindən asılı olan nəticədir. Bəli, böyük memarlıq əsərlərinin yaranması üçün birinci və vacib şərt insanların firavan yaşaması, onların yüksək maddi imkanlarının olmasıdır. Çünki memarlıq ilə səfalət bir yerə sığmayan həqiqətlərdir. Gözəl memarlıq mənəvi zənginliyin zirvəsini təşkil etsə də, mənəvi zənginliyin özünün də maddi imkanlar ilə sıx bağlı olduğuna şübhə yoxdur.
   Dahi Nizami şəhər və kəndlərin abadlığını bir sosioloji problem kimi qaldırır. «Adil Nuşirəvan və vəzirin hekayəsi»ndə ova çıxmış şah gözlənilmədən vəzirlə birlikdə dəstədən ayrı qalanda «düşmən ürəyi kimi xarab bir kənd gördü» deyir. Vəzir xarabazarlıqda iki bayquşun söhbətini şaha nəql edir: «Ey zəmanəmizin şahı, toy mərasimi haqqında danışıqdır. Quşun biri öz qızını o biri quşa vermiş və əvəzində süd bahasını almaq istəyir».
   Beləliklə, dahi Şeyx İlyas ümumbəşəri və dünyəvi bir problemi kiçik bir səhnədə qoyur və həlli yolunu da göstərir. Şair «Sirlər xəzinəsi»ndə də ev-bina tikintisinin insan həyatının ayrılmaz bir hissəsi olduğuna, insanlar var olduqca, memarlıqla bağlı sənətin lazım olacağına işarə edir.
   “Xosrov və Şirin” poemasında Nizami memar və memarlığa aid düşüncələrini bizə çatdırıb. O, zəhmətkeş, yaradıcı insanların ümumiləşdirilmiş surəti olan Fərhadı böyük məhəbbətlə işləyir. Fərhad həm mühəndis, həm rəssam, heykəltəraş, həm də memar, nəqqaşdır. Həndəsəni və astrologiyanı bilir. Əsərdən göründüyü kimi, şair ilk növbədə insan məskən saldığı yerdə təbiət-iqlim faktorlarına böyük əhəmiyyət verir. Bunu biz şairin Məhinbanunun həyat tərzindən söz açdığı məqamlardan görürük. O, qışı iqlimi mülayim keçən Bərdədə oturmağı məqsədəuyğun sayırsa, yayı Ərmən dağlarında keçirməyi lazım bilir. Əsərdə bugünkü memarlığımız üçün maraqlı, lakin qapalı görünən sözlər də var. Heç şübhə yoxdur ki, Nizami yaradıcılığının bu çalarları da tədqiqatçıların diqqətini cəlb edəcək.
   - Maraqlıdır, Nizaminin təsvir etdiyi memar hansı xüsusiyyətlərə malikdir və ümumiyyətlə, o, memarlığı necə görür?
   - Şairin əsərlərində memarlığın nəzəri və təcrübə sahələri, təbiət memarlığı, tikintinin həcm-məkan kompozisiyası ilə təbiətin üzvi bağlılığı, memarlıqda rəng, kolorit, rənglərin təsiri, əhəmiyyəti və ümumiyyətlə, bədii-estetik gözəlliyindən bəhs edilir. Ümumiləşdirmə aparsaq, qeyd etmək lazımdır ki, Nizami əsas etibarilə memarlığın bədii-estetik, emosional və funksional problemlərini əhəmiyyətli dərəcədə işıqlandırır. Onu da qeyd edək ki, dahi şairin memarlıq düşüncələrinin xeyli hissəsi sonralar həyatda tətbiq olunub, bəziləri isə öz tədqiqini, açılışını və yaxud tətbiqini gözləyir.
   Dahi ustad memara bir sənətkar kimi dərin hörmət bəsləyir, ona böyük qiymət verir. Nizaminin fikrincə, memar yaradıcılığının çoxşaxəli xüsusiyyəti ondan hərtərəfli bilikli olmasını tələb edir. Nizaminin memarı rəssamdır, nəqşlər çəkir, bəzək vurur, mühəndisdir, tibb, həndəsə, asiman, nücum elmlərindən xəbərdar olan yüksək bilik və mədəniyyət sahibidir. Dahi mütəfəkkirin memarlığın bədii-estetik xüsusiyyətləri ilə yanaşı, şəhərsalma, təbiət memarlığı haqqındakı fikirləri, aradan səkkiz əsr keçməsinə baxmayaraq, bu gün də müasir professional düşüncə səviyyəsindədir.
   
   Mehparə