Muxtar Rzaqulu oğlu Abduyev Azərbaycan elmində özünəməxsus yolu olan alimlərdəndir. O, 1951-ci ildə ADU-nun geoloji-coğrafiya fakültəsini coğrafiya ixtisası üzrə bitirdikdən sonra Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasına daxil olub. 1956-cı ildə “Şirvan düzünün şərq hissəsi torpaqlarında şorluluğun dinamikası” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi adını alıb. Şorlaşmış torpaqların meliorasiyası üzrə elmi tədqiqatlarını davam etdirən alim 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edib, 1971-ci ildə ona professor elmi adı verilib. 1956-1968-ci illərdə baş elmi işçi vəzifəsində çalışıb, 1968-ci ildən 1979-cu ilədək Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib.
   M.Abduyev 11 aspirant və dissertantın elmi rəhbəri olub. 1952-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda, 1956-1961-ci illərdə ADU-da, 1966-1968-ci illərdə isə Politexnik İnstitutunda torpaqşünaslıq və torpaq meliorasiyasından mühazirələr oxuyaraq ali təhsilli kadr hazırlığında da fəal iştirak edib. Görkəmli alim dostları və yoldaşları arasında xüsusi nüfuza malik olan, heç vaxt “mənəm, mənəm” deməyən, sakit təbiətli, son dərəcə səmimi bir insan idi.
   Onun Amerikada (Vaşinqton, 1955), Rusiyada (Moskva, 1954, 1959, 1967, 1970, 1972, 1973; Nalçik, 1971; Mahaçqala, 1978; Krasnoyarsk, 1978), Ukraynada (Xarkov, 1962, 1972), Özbəkistanda (Daşkənd, 1964, 1969), Qazaxıstanda (Almatı, 1970), Misirdə (Qahirə, 1972), Belarusda (Minsk, 1977) keçirilən müxtəlif beynəlxalq konfrans materiallarında əsərləri çap edilib. Alimin “Azərbaycan torpaqları”, “Azərbaycan gilli şoranlıqlarının sürətli meliorasiyası” və s. kitabları bu elm sahəsinə dəyərli töhfələrdir. Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində professor Muxtar Abduyevin elmi əsərlərindən ibarət xüsusi guşə yaradılıb.
   
   Gülər Xəlilova,
   Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı