Oktyabrın 20-də Muzey Mərkəzinin konfrans zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə «Muzeylərdə ekspozisiya işinin təkmilləşdirilməsi» mövzusunda seminar keçiriləcək.
   
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin nümayəndələri, habelə bir sıra muzeylərin rəhbərləri və əməkdaşları iştirak edəcəklər.
   Mövzu ətrafında «Azərbaycan mədəniyyətinin inkişafında muzeylərin rolu», «Tarix-diyarşünaslıq muzeylərinin ekspozisiyasının təşkili xüsusiyyətləri», «Ekspozisiyanın məzmunu və fond işinin təşkili», «Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin ekspozisiyasında elmilik və tarixilik prinsipləri», «Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin yeni ekspozisiyası haqqında» və s. məruzələr dinləniləcək. Seminarın keçirilməsində əsas məqsəd muzeylərin ekspozisiya işində elmilik, tarixilik prinsipləri gözlənilərək ideya və məzmununa, ekspozisiya işinin təşkili xüsusiyyətlərinə dair yeni biliklərin əldə edilməsidir.