Rasim Nəbioğlu elm aləmində tənqidçi-ədəbiyyatşünas, mədəniyyətşünas, estetik, eyni zamanda, tərcüməçi kimi tanınır. Mütəxəssislər onun «Hüseyn Cavidin estetik idealı» monoqrafiyasını cavidşünaslığa layiqli töhfə hesab edirlər. Doğrudan da monoqrafiya müəllifi burada özünün yüksək elmi təfəkkürə malik olduğunu və Cavid irsinə dərin bələdliyini nümayiş etdirə bilmişdir.

Filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu bu dəfə özünü oxuculara şair və nasir kimi təqdim etmişdir. Onun yeni nəşr olunmuş «Dərəzarat» kitabına müxtəlif vaxtlarda qələmə aldığı yaradıcılıq nümunələri - «Dərəzarat» və «Xatəmül-ənbiya» poemaları, şeir və hekayələri, etüd və esseləri, habelə ingilis dilindən bədii tərcümələri daxil edilmişdir.
Öncə Dərəzarat kəndi və «Dərəzarat» poeması haqqında.
Dərəzarat kəndi qədim Xızı-Bərmək mahalının ən qədim kəndlərindən biridir. Ötən əsrin ikinci yarısından başlayaraq mahalın bir sıra kəndləri ilə yanaşı, bu kəndin də boşalması Rasim Nəbioğlunu kədərləndirmiş, onun şair qəlbini riqqətə gətirmişdir. Ona görə ki, Dərəzarat şairin doğma obası, öz dili ilə desək, «hər neməti-duzu, suyu, çörəyi, ürəyidir». Dərəzaratlıların ulu babalarının bir vaxtlar tərk etdiyi kəndin vəziyyəti daha acınacaqlıdır. Poemanın proloqundakı misralar ürəkləri göynədir:

Babadağın tuşundakı zirvədə -
Viranə kənd... qartalların məskəni...
Babamızın binə daşı var burda,
Əfsuslar ki, heç kim dönmür bu yurda.

Daha sonra şair ötənləri xatırlayır:

Bu dağları qarış-qarış gəzmişəm,
Kəklikotu, turşəng, nanə üzmüşəm.
Allah! Necə ayrılığa dözmüşəm?..

Sakinləri başqa yerlərə köç etmiş, demək olar ki, adamsız qalmış bu kəndin indiki vəziyyəti şairi kədərləndirir.
Hər bir sənətkarın doğulduğu, boya-başa çatdığı yerlərdən məhəbbətlə danışması, öz əsərlərində doğma yurdu xatırlaması çox təbiidir. Mənsub olduğu xalqın tarixinə, dilinə, mədəniyyətinə, tanınmış şəxsiyyətlərinə, adət-ənənələrinə hörmətlə yanaşan qələm sahibinin gözünü ilk dəfə açanda gördüyü yerlərə, eşitdiyi laylalara, doğma adamlara məhəbbəti də qanunauyğun bir haldır. Biz belə hesab edirik ki, qələm əhlinin «kənd həsrəti», doğma yerlərə məhəbbəti onun ümumən Azərbaycana məhəbbətinin tərkib hissəsidir. Bunu Rasim Nəbioğlunun kitaba daxil etdiyi poema, şeir və hekayələrində də görmək mümkündür.
Rasim Nəbioğlu üçün «Vətən» «Babadağın tuşundakı zirvədən», meyvəsini yediyi tut və yemişandan, kəklikotu, turşəng, nanə dərdiyi dağdan, düzdən, un üyütdüyü dəyirmandan, mal-qara otardığı örüşdən, xəşil, yarpaq xəngəli yediyi halal kənd süfrəsindən başlayır. İndi isə bunlar həzin bir xatirəyə dönüb, qan yaddaşına çevrilib:

Qan yaddaşım məni bura çağırdı,
Gəldim, gördüm - lap ürəyim ağrıdı,
Səni belə hansı düşmən qarğıdı?!.


Poemanın hər bəndində şairin doğma kəndinə böyük məhəbbəti və real vəziyyətdən doğan təəssüf və kədəri paralel verilmişdir. Şair bir tərəfdən əvvəllər gördüyü yerləri bir də görür, vəsf edir, növbəti misralarda isə kədər notları bu xoş ovqatı üstələyir. Ona görə ki, adamsızlıq ucundan burada bulaqları ot-əncər basıb, cığırlarda ot bitib. Yemlik, şomun, quzuqulağı yarpız dərən yoxdur, şanapipik, kəklik, bülbül seyrəlib. Lakin bütün bunlar şairin böyük kədərinə çevrilmir və o, poemanı nikbin notlarla, bu günümüzə olan böyük ümidlə bitirir:

Xızı-Bərmək mahalının gözəli...
Keçəcəkdir ömrümün bu xəzəli!
Onda mən də dönə-dönə qoy deyim:
Dərəzarat, kəndim mənim, ürəyim!


Poema 1985-ci ildə qələmə alınıb və burada Dərəzarat kəndinin həmin ildəki real vəziyyəti öz əksini tapıb. Rasim Nəbioğlunun həmin ildə nikbinliklə qələmə aldığı bu son misralardan doğan arzu indi həqiqətə çevrilməkdədir. Məlumdur ki, bu gün müstəqil Azərbaycanımızda nəhəng quruculuq işləri gedir. Kəndlərimizin abadlaşdırılması, boşalmaqda olan obalarımıza qayıdış hiss olunur. Dərəzarat kəndi də bu sıradandır. Doğrudur, Rasim Nəbioğlu bu fərəhi hələlik poeziya dilinə çevirməsə də, kitabda poemanın epiloqu kimi yazdığı şərhdə bildirmişdir. İnanırıq ki, Dərəzaratın yeni günləri yazarın yeni bir əsərinin mövzusu olacaq və o vaxt Rasim daha inamla deyəcək: «Dərəzarat, kəndim mənim, ürəyim!»
Poema etnoqrafik lövhələr yaradılması baxımından da xüsusi maraq doğurur. Burada kənd əhalisinin məşğuliyyəti, maddi və mənəvi mədəniyyəti ilə bağlı maraqlı məqamlara, deyimlərə rast gəlirik. Poemada təsadüf olunan «nehrə yağı», «xəşil», «yarpaq xəngəli», «cığır», «ot-əncər», «qanqal», «yorğa at», «kəmənd atmaq», «öküz arabası», «tövlə», «pəyə», «nohur», «səhəng», «xana», «daraq», «cəhrə», «əlçim», «dəryaz» və başqa söz və ifadələr müəllifin xalq həyatına bələdliyini əks etdirir.
Yuxarıda qeyd etdiyimiz kimi, kitaba Rasim Nəbioğlunun şeir və hekayələri, etüd və esseləri də daxil edilmişdir. Müəllifin bu yazıları da maraq doğurur, oxucunu özünə cəlb edə bilir. Onun kitabda verilmiş hekayələrindən biri - «Ağ gün» ötən il Azərbaycan yazıçılarının Amerika Birləşmiş Ştatlarında ingilis dilində nəşr olunmuş hekayələrindən ibarət topluya da daxil edilmişdir. Qeyd edək ki, görkəmli Azərbaycan yazıçılarının həmin topluda verilmiş hekayələrinin bir qismini ingilis dilinə məhz Rasim Nəbioğlu çevirmişdir.
Rasim Nəbioğlunun kitabda verilmiş «Mən insanam», «Mən özümə qayıdıram», «Yüksəliş», «Canlıların ən alisi», «Göz yaşları», «Əbədiyyət», «Etiraf və ya bir qəlbin hıçqırıqları», «Ada» və «Kamillik» poetik etüd və esseləri öz orijinallığı, fikir təzəliyi ilə diqqəti cəlb edir. Bunlar yazar-estetikin qələmindən çıxmışdır və ayrıca söhbətin mövzusu ola bilər. Bu etüd və esselər lirik qəhrəmanın dilindən söylənilsə də, bədii-fəlsəfi ümumiləşdirmələrə meyl göstərən və öz etik-estetik platformasından çıxış edən tədqiqatçı-yazarın şəxsi qənaətləridir. Bu əsərlərdə müəllifin insanlıq, şəxsiyyət, özünüdərk və özünəqayıdışla bağlı mülahizələri ilə tanış oluruq.
Professor Məhərrəm Qasımlı öz qələm qardaşının «Dərəzarat» kitabına «Ruhunu danışdıran adam» adlı yığcam və maraqlı bir ön söz yazmışdır. Burada oxuyuruq: «Rasim Nəbioğlu sözə, illah da ki poetik sözə qarşı çox həssasdır, istər yazdığı bədii əsərlərdə, istərsə də tərcümə işlərində sözü yerli-yerində işlətməyə, lakonik, yığcam ifadə tərzinə xüsusi diqqət yetirir... Orasını da deyim ki, Rasim Nəbioğlunun yazı üslubu özünün canlılığı ilə də seçilir. Səbəbi odur ki, o, elə danışdığı kimi yazır, yazdığı kimi də danışır. Səmimiyyət, ədəbi mehr-məhəbbət üçün bundan doğru yol yoxdur. Rasimin hekayələri bu mənada gözəl bir söhbətdir. O öz oxucusu ilə söhbət eləməyi bacarır».
Belə hesab edirik ki, məhz sözə həssas münasibət Rasim Nəbioğluna bədii yaradıcılıq sahəsində də uğurlar qazandırmışdır. «Dərəzarat» kitabında toplanmış bədii nümunələr deyilənləri sübuta yetirir.

Adilxan Bayramov,
filologiya elmləri doktoru