Cəmiyyətin və dövlətin inkişafı, güclənməsi onun hər bir fərdinin fəal vətənpərvərlik mövqeyindən asılıdır

“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”
(Heydər Əliyev)

Çağdaş zamanın başlıca xüsusiyyətlərindən biri bütün dünyanı əhatə edən qloballaşma prosesidir. Qlobal inteqrasiya nəhəng coğrafiyaları, dövlətləri, xalqları bir-birinə bağlayır. Təəssüf ki, bu zaman qloballaşmanın fəsadlarından da yayınmaq mümkün olmur. Müasir informasiya-kommunikasiya texnologiyalarının təsiri altında həyatımıza daxil olan yeniliklər, stereotiplər milli eyniyyətin, mənəvi dəyərlərin aşınması kimi təhlükələr doğurur. Belə təhlükəyə məruz qalan dəyərlərdən biri də vətənpərvərlikdir.

Qloballaşan dünyada vətənpərvərlik duyğuları, sağlam vətənsevərlik hissi bir sıra hallarda formal vətəndaşlıq, loyallıq, tolerantlıq kimi ümumbəşəri dəyərlərin kölgəsində qalır. Bu halda vətənpərvərliyi kor-koranə bir ideologiyaya qulluq etmək, milli məhdudiyyət, özünütəcrid kimi göstərməyə, yaxud da ura-patriotizm, pafos, boğazdan yuxarı ritorika kimi qələmə verməyə çalışırlar. Halbuki vətənpərvərlik insanın daxilindən, ruhundan gələn bir hiss olaraq onun öz dövləti, tarixi vətəni ilə sıx bağlılığı deməkdir. Vətənpərvərlik bəşəri dəyəri inkar etməyərək, hər bir şəxsin öz ölkəsinin müdafiəsinə qalxmaq, onun müstəqilliyini qorumaq, inkişafına kömək göstərmək istəyidir. Hər bir azərbaycanlı üçün isə vətənpərvərlik Azərbaycan xalqının, dövlətinin ona şərəf gətirən vətəndaşlıq mövqeyidir.
Vətənpərvər azərbaycanlı örnəyi

Azərbaycanlı olmaq hər şeydən öncə doğma torpağı və Vətəni sevmək, onun adını uca tutmaq və bu yolda gerçək cəfakeş olmaq deməkdir. Xalqımızın yetirdiyi böyük şəxsiyyətləri, vətənsevər övladları zaman-zaman bunun örnəyini gələcək nəsillərə vermişlər. Böyük azərbaycanlı və böyük vətənpərvər Heydər Əliyev də belə örnək timsallı həyat yaşamışdır. Onun hələ sovetlərin total beynəlmiləlçilik mühitində, milli vətənpərvərlik hissinin az qala siyasi anaxronizm sayıldığı dövrdə doğma xalqı, vətəni üçün etdiklərini yada salsaq, bunu bir daha yəqin edərik.
Sovet İttifaqının bəlli siyasi-ideoloji, idarəçilik çərçivələri daxilində Azərbaycanı müttəfiq respublikalar içərisində ön sıralara çıxarmaq, Azərbaycan xalqının şan-şöhrətini - tarix və mədəniyyətini, elm, sənət və ədəbiyyatını tanıtmaq azərbaycanlı adını, vətənpərvərlik missiyasını ən yüksək səviyyədə doğrultmaq demək idi. Moskvada, keçmiş SSRİ-nin digər şəhərlərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, onlara abidələrin qoyulması, küçə və meydanlara adlarının verilməsi, Bakının dünyanın müxtəlif şəhərləri ilə qardaşlaşmasını təşviq etmək, bu zəmində xaricdə Azərbaycanı təbliğ edən tədbirlərin təşkili - bütün bunlar Heydər Əliyevin vətənpərvər azərbaycanlı kimi xidmətlərinin, sadəcə, bir hissəsidir.
Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə milli ideya səviyyəsinə yüksəltdiyi azərbaycançılıq məfkurəsi də iki təməl prinsipi - dövlətçilik və vətənpərvərliyi özündə birləşdirir. Heydər Əliyev öz çıxışlarında bu məqamı dəfələrlə vurğulamışdır: “Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”.
Azərbaycançılıq məfkurəsinin ölkəmizin milli zənginliyini, etnik müxtəlifliyini bir araya gətirən ümumi dəyər, vahid Azərbaycan dövlətinin ideya əsası kimi önə sürülməsi də Heydər Əliyevin böyük vətənpərvər kimi tarixdə qalacaq xidmətlərindən biridir. Bu məfkurənin digər mühüm missiyası, sözsüz ki, dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizin birlik və həmrəyliyinin təmin olunmasıdır. Ulu öndər sovet Azərbaycanına rəhbərlik etdiyi zaman nəhəng SSRİ məkanında həmvətənlərimizin bir araya gəlməsinə, təşəkkül tapmasına mümkün dəstəyi göstərir, bu prosesi hər zaman təşviq edirdi. Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti olduqdan sonra bu fəaliyyəti dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. O, xaricdəki soydaşlarımızla görüşlərdə onları yaşadıqları ölkədə fəal mövqe tutmağa, ictimai-siyasi proseslərə, işgüzar həyata nüfuz etməyə, bununla yanaşı, tarixi vətəni unutmamağa, azərbaycanlı kimliyini, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini tanıtmağa, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çağırıb.
“Vətəndən kənarda yaşayan soydaşlarımızın ürəkləri gərək daim Azərbaycanın nəbzi ilə bir vursun. İndi bizim müstəqil dövlətimiz var. Deməli, harada olursan-ol, Azərbaycanın müstəqilliyi haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən” - Heydər Əliyev bu sözləri 1994-cü ilin fevralında Londonda azərbaycanlı icması ilə görüşdə bildirmişdi. Sonrakı illərdə dünyadakı azərbaycanlı diasporunun təşkilatlanması yönündə görülən işlər, azərbaycançılığın xaricdəki həmvətənlərimizi birləşdirən ortaq dəyərə çevrilməsi ümummilli liderin bu nəsihətinin həyata keçdiyinə bariz misaldır. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin məruz qaldığı işğala son qoyulması, ölkə vətəndaşları kimi, dünya azərbaycanlılarının da ortaq məsələsi və ortaq hədəfidir. Siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bu məsələdə həmrəydir.

Öncə Vətəndir

Vətənpərvərlik insanın daxili, mənəvi zənginliyi olmaqla yanaşı, onun öz vətəni, dövləti, doğma xalqı, torpağı naminə fədakarlığının da əməl göstəricisidir. Bu baxımdan yetişən nəslin vətənpərvərlik, yurdsevərlik ruhunda tərbiyəsi xüsusi önəm kəsb edir. Vətənpərvərlik təkcə vətənini sevmək deyil, eyni zamanda onu qorumaq deməkdir. Deməli, gənc nəslin vətənpərvər kimi böyüməsi həm də milli təhlükəsizlik prioritetidir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 23 may 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında bu müddəa öz əksini tapmışdır. Konsepsiyada Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin inkişaf etdirilməsi müstəqil dövlətimizin milli maraqları sırasında (maddə 2) qeyd edilmişdir.
Bu müddəadan çıxış edərək qeyd edə bilərik ki, vətənpərvərlik mövqeyi, bu ruhda tərbiyə dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır, bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Bütün bunların məcmusu olaraq vətənpərvərlik ideyası dövlət müstəqilliyinin sütununu təşkil edir. Doğma xalqının əldə etdiyi suverenliyi, dövlətinin müstəqilliyini qorumaq vətənpərvər insanın ali məramıdır. Ulu öndər Heydər Əliyev çıxışlarının birində bildirmişdir: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar hissi ilə bəyan edirəm ki, Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcəyi üçün böyük bir təməl qoyulubdur”.

Vətənpərvərlik və vətəndaşlıq məsuliyyəti

Vətənpərvərlik hər bir fərd üçün yaşadığı dövlətin quruluşundan asılı olmayan, vətəndaşlıq mövqeyindən də əzəli bir məfhumdur. Çünki vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirirsə, vətənpərvərlik insanın yurduna, Vətəninə, torpağına hərtərəfli bağlığının göstəricisidir. Vətənpərvərlik duyğusu insana kiçik yaşlarından, həyatı dərk etməyə başladığı vaxtdan “ana Vətən” məfhumu ilə, yurd, torpaq sevgisi ilə aşılanır, bundan sonra isə onun vətəndaşlıq mövqeyi, vətəndaşlıq münasibəti formalaşır.
Bu baxımdan yetişən nəsildə güclü vətənpərvərlik hissinin tərbiyəsi onun gələcək vətəndaşlıq mövqeyinin, dövlətçilik hissinin təşəkkül tapmasında mühüm rol oynayır. Başqa sözlə, əsl vətəndaş ilk növbədə vətənpərvər olmalıdır. Lakin, yuxarıda qeyd etdiyimiz qloballaşmanın fəsadlarından biri kimi, bu hiss və duyğular bir sıra hallarda öz məcrasından çıxarılaraq təqdim edilir. Milli vətəndaşlıq, vətənpərvərlik öz yerini “dünya vətəndaşlığı”na verir. Bir vaxtlar sosializm düşərgəsində “kommunist beynəlmiləlçiliyi” bərqərar idi, bu gün isə, məsələn, ABŞ-da sakinlərin 70 faizi özlərini “dünya vətəndaşları” sayırlar.
İnternet dünyasının yönəldici təsirlərinin, sosial şəbəkələşmənin həyatımıza sürətlə daxil olduğu, xüsusilə gənc nəslin şüuruna, dünyagörüşünə hakim kəsildiyi bir vaxtda bu fəsadları çox ciddi şəkildə diqqətə almaq gərəkdir. Vətənpərvər, yurdsevər vətəndaş yetişdirmək Azərbaycan dövlətinin gələcəyini, millətimizin, xalqımızın sabahını təmin etmək deməkdir. Çünki cəmiyyətin və dövlətin inkişafı, güclənməsi onun hər bir fərdinin fəal vətənpərvərlik mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır.

Milli mənəviyyatın məhək daşı

“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır” - ulu öndər Heydər Əliyevin bu sözləri mənəvi zənginliyin məhək daşlarından biri kimi vətənpərvərliyə verilən böyük qiymətdir. Vətənsevərlik, milli hissiyat sağlam özül, başqalarına hörmət üzərində qurulanda bəşəri dəyərləri inkar deyil, zənginləşdirir. Azərbaycan vətənsevərliyi, ölkəmizdəki tolerantlığı, polietnik zənginliyi özündə ehtiva edən azərbaycançılıq məfkurəsi də bizim mənəviyyatımızın təməl daşıdır. Bu ideya eyni zamanda Azərbaycanın şovinist, monoetnik Ermənistanla apardığı informasiya mübarizəsində güclü təbliğat silahıdır. Çünki ifrat ksenofobiya, davakar millətçilik üzərində köklənən ermənilik ideologiyasından fərqli olaraq azərbaycançılıq sağlam vətənsevərlik və vətənpərvərlik məfkurəsidir, onun mayasında başqa xalqlarla sülh içində yaşamaq, milli və dini dözümlülük fəlsəfəsi dayanır.
Bu nöqteyi-nəzərdən gənc nəslin vətənpərvərlik, dövlətçilik, milli ruh, mənəviyyat və heç vaxt gözardı edilməyən tolerantlıq mühitində yetişdirilməsi, təlim-tərbiyəsi milli intibahımızın möhkəm təməlinə zəmin yaradır. Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sürətlə dünyaya inteqrasiya olunduğu vaxtda bu, xüsusilə müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxış və bəyanatlarında bu məqamı hər zaman diqqətə çatdırır: “Bizim strategiyamız dəyişməz olaraq qalır. Milli ideologiyamız möhkəm əsaslar üzərində qurulubdur. Müstəqillik, azərbaycançılıq, müasirlik, vətənpərvərlik, milli və dini dözümlülük. Bizim əsas ideoloji dayaqlarımız bunlardır. Müstəqil Azərbaycanın uğurlu inkişafı onu göstərir ki, taleyimiz öz əlimizdə olduğu halda xalqımız böyük zirvələrə çata bilər. Bu gün müstəqil Azərbaycan istənilən sahə üzrə uğurla, inamla inkişaf edir”.

Vüqar Əliyev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar