Çində Anxoy Universitetinin bu ölkənin mədəniyyətinə həsr olunmuş yay məktəbi keçirilib. Konfutsi İnstitutunun təşkilatçılığı ilə gerçəkləşən yay məktəbində azərbaycanlı gənclər də iştirak ediblər.
Universitetin tarixi barədə məlumat verən prorektor Nyu Liven ali təhsil müəssisəsində azərbaycanlı tələbələrin də oxuduqlarını diqqətə çatdırıb və onların sayının daha da artırılacağını vurğulayıb. Prorektor ölkəmizlə əlaqələrdən danışarkən AzərTAc agentliyinin saytının Çin dili versiyasının yaradılmasını mühüm fakt kimi dəyərləndirib.
Universitetin professoru, Konfutsi İnstitutunun Çili filialının keçmiş rəhbəri xanım Yanq Siyao Li bir neçə il əvvəl Bakıda olduğunu diqqətə çatdıraraq burada gördüyü qonaqpərvərlikdən söz açıb. Konfutsi İnstitutunun Azərbaycan filialının direktoru xanım Hu Fenxua ölkəmizdə Çin dilinə artan maraqdan bəhs edib. Builki yay məktəbinin Konfutsi İnstitutunun yaranmasının 10 illiyinə həsr olunduğunu diqqətə çatdıran Hu Fenxua Çin dilini öyrənən gənclərin bu ölkəyə səfərinin əhəmiyyətindən danışıb.
Yay məktəbi çərçivəsində Çin dilini öyrənən azərbaycanlı gənclər üçün təlimlər təşkil olunub. Təlimlərdə bu ölkənin tarixi, mədəniyyəti və incəsənəti haqqında məlumat verilib.
Azərbaycanlı gənclər qədim Çin kağız sənətkarlığı ilə tanış olublar, onlara bu sənətin incəlikləri nümayiş etdirilib. Yay məktəbinin iştirakçıları Xuanşan dağına, Böyük Çin səddinə, digər görməli yerlərə ekskursiyaya gediblər.
Sonda yay məktəbində uğurla iştirak etmiş azərbaycanlı iştirakçılara sertifikatlar təqdim olunub. Onların arasında AzərTAc-ın müxbirləri Səxavət Quliyev və Pərvanə Rəhimova da var.