Bəhlul Danəndənin ibrətamiz lətifələri

Şifahi xalq ədəbiyyatımızda özünəməxsus yeri olan aqil, hazırcavab və məşhur lətifə qəhrəmanları çox olub. Orta əsrlərin sevilə-sevilə yad edilən belə simalarından biri də Bəhluldur. Bu ad, Şərq ölkələrində, xüsusilə Azərbaycanda Bəhlul “danəndə” (bilikli) və yaxud “divanə” (dəli) kimi tanınıb. Mənbələrdə o da göstərilir ki, Bəhlul həm də tarixi şəxsiyyət olub...

Bəhlul adı mənbələrdə həm də Bühlul şəklində qeyd edilir. Ərəb dilindən tərcüməsi “çox gülən adam” mənasını verir. Onun VIII əsrdə İraqda yaşadığı bildirilir. Abbasi xəlifəsi Harun ər-Rəşidin müasiri olub. Bəzi kitablarda o, Harun ər-Rəşidin qardaşı və ya əmisi oğlu kimi də təqdim edilir. Lakin görkəmli din xadimləri və ilahiyyatçı alimlər bu fərziyyəni qəbul etmirlər.
Bəhlul Danəndənin təvəllüd tarixi məlum deyil. Ancaq mənbələrdə göstərilir ki, Kufə şəhərində dünyaya gəlib. Ortabab bir ailədə boya-başa çatıb. Erkən çağlardan camaat arasında qeyri-adi düşüncəsi və istedadı ilə tanınıb. Yaraşıqlı bir gənc kimi diqqət çəkib. Məhz bu fərdi keyfiyyətlər onu Kufə şəhərindən Bağdada gətirib. Burada mədrəsədə təhsilini davam etdirib. İmam Cəfəri-Sadiq və İmam Museyi-Kazımdan dərs alıb. Yoxsul və köməksizlərin tərəfini saxlayıb, hüquqlarının müdafiəsinə qalxıb. Beləliklə, şəhər camaatının hörmət və ehtiramını qazanıb. Elə bu şəhərdə də 806-cı ildə dünyasını dəyişib...
Bəhlul zəmanəsinin böyük alimi olub. Belə yazırlar ki, bir gün Abbasi xəlifəsi Harun ər-Rəşid onu Bağdad şəhərinin baş qazısı təyin edir. Amma o, təklifi qəbul etmir. Fikirləşir ki, təklifi qəbul etsəm gərək hökumətin dediyi ilə hərəkət edəm... Harun ər-Rəşid Bəhlulun onun təklifini qəbul etməməsindən əsəbiləşir. Bunu hiss edən Bəhlul dərhal fikrinə əlavə edir: Mən özümü bu vəzifəyə layiq görmürəm!
Harun ər-Rəşid Bəhlulun sözləri ilə razılaşmır. Əmrinə tabe olmadığı üçün onu ölümlə təhdid edir. O, vəziyyətin ciddi olduğunu görür və fikirləşmək üçün xəlifədən bir gün möhlət istəyir. Xəlifənin hüzurundan mürəxxəs olan kimi İmam Museyi-Kazıma xəbər göndərir. Ondan kömək istəyir. O, Bəhlula məsləhət görür ki, özünü dəliliyə vur. Çünki başqa çarən qalmayıb. Ertəsi gün xəlifəyə xəbər verilir ki, Bəhlul Bağdad bazarında qarğı at minib o başa-bu başa qaçır. Dəlilər kimi, öz-özünə danışır. Harun ər-Rəşid Bəhlulun bu hərəkətinin səbəbini başa düşür. Ancaq açıb-ağartmır...
Beləliklə, Bəhlul yaxasını Harun ər-Rəşidin əlindən qurtarır. Həm də xalq arasında haqq sözünü qorxusuz söyləmək imkanı qazanır. Amma o, bundan sonra camaat arasında həm də dəli kimi qəbul edilir...
Bir çox araşdırmaçılar tərəfindən Bəhlulun xeyli hikmətli kəlamları və dövrünün görkəmli alimləri ilə elmi mübahisələri toplanıb. Amma bütün bunlarla bərabər, onu daha çox dünyaya tanıdan və məşhur edən ibrətamiz lətifələri olub.

* * *
Bir gün Bəhlul eşidir ki, özünü alim bilən bir şəxs İmam Cəfəri-Sadiqin əqidə əsaslarına aid olan bu üç fikrini inkar edir və deyir: “İmam Cəfəri-Sadiq deyir ki, İblis cin tayfasından olub. Cinlər isə alovdan yaranıblar. Elə isə qiyamətdə Allah onu cəhənnəm alovu ilə necə yandıracaq? Axı, alov alovu yandırmaz. İkincisi, Allah gözlə görünməz. Gözlə görünməyənin varlığına necə inanaq? Üçüncüsü, hər kəs öz əməlinə cavabdehdir. Əgər dünyada hər şeyin xaliqi Allahdırsa, deməli, hər günahın və savabın da səbəbkarı odur. Elə isə cənnət və cəhənnəm nə üçündür?”
Bəhlul bir ağac budağı götürüb həmin alimlə görüşə gedir. Üz-üzə gələndə budağı alimin başına vurur. Qəzəblənmiş alim Bəhlulu məhkəməyə verəcəyi ilə hədələyir. Bəhlul Danəndə isə heç nə olmamış kimi deyir: “Mən sənə nə etmişəm ki? Əvvəla, mən sənin başına budaqla vursam belə, sənə ziyan dəyə bilməz. Çünki sən də, ağac da torpaqdan yaranıbsınız. Necə ola bilər ki, torpaqdan yaranan bir şey torpaqdan yaranan başqa bir şeyi incitsin? İkincisi, mənə başındakı ağrını göstər ki, sözünə inanım. Axı, gözlə görünməyən bir şeyə inanmazlar. Nəhayət, üçüncüsü, mən səni vursam belə, özümü təqsirkar saymıram. Çünki yaxşını da, pisi də edən Allahdır. Elə isə mənim nə günahım var?”
Həmin şəxs Bəhlulun sözlərinə cavab verə bilmir və susur.

* * *
Günlərin bir günü Bəhlul özünü peyğəmbər elan edir. Xəlifə bunu eşidir, Bəhlulu hüzuruna çağırtdırır və soruşur:
- Sən kimsən?
- Mən peyğəmbərəm, - deyə Bəhlul cavab verir.
- Peyğəmbər olduğunu sübut edən bir möcüzə göstərə bilərsənmi?
- Bəli!
- Necə?
- Mən adamın düşündüyü fikri oxuya bilərəm? Məsələn, xəlifə sağ olsun, sən fikirləşirsən ki, mən yalan deyirəm, peyğəmbər deyiləm.
Harun ər-Rəşid gülür:
- Sənə deyəcək sözüm yoxdur. Get, peyğəmbərliyini elə !

* * *
Bir kişi namaz qılmaz və ibadət etməzmiş. Amma buna rəğmən hər gecə uca səslə: “Ya Rəbbim, mənə cənnət bəxş eylə!” - deyərmiş.
Bir gecə yenə belə edib yatağına girərkən evin damında səs eşidir. Tez qapıdan çıxıb, səslənir:
- Hey, kimsən orda? Evimin damında nə axtarırsan?
Bəhlul Danəndə dillənir:
- Dəvəmi itirmişəm, onu axtarıram.
Ev sahibi özündən çıxır:
- Dəvəni harada itirmisən, get orada da axtar. Bu nə məntiqdir?! Belə də gicbəsərlik olar?!
Bəhlul Danəndə deyir:
- Heç bir ibadətə əməl eləmədiyin halda, Allahdan cənnət istəməyin necə, bəlkə çox məntiqlidir?
Ev sahibi o dəqiqə məsələni anlayır. Deməli, Bəhlul Danəndənin məqsədi ona öyüd-nəsihət verməkdir. İtən dəvənin axtarışı isə sadəcə bəhanədir...

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar