Naxçıvan Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mətbuatının unudulmuş səhifələri barədə çoxsaylı kitab və məqalələrin müəllifidir. Alimin bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında çap olunmuş iki yeni kitabı onun həmin sahədəki səmərəli tədqiqatlarının davamıdır.
Kitablardan biri “Məmmədəli Sidqi və “Şeypur” jurnalı” adlanır. Adıçəkilən Məmmədəli Sidqi (1888-1956) məşhur maarifçi Məhəmməd Tağı Sidqinin oğludur. Ötən əsrin I yarısında Azərbaycanda maarif, ədəbiyyat, mətbuat, teatr və digər sahələrdə mühüm xidmətlər göstərmiş Məmmədəli Sidqinin çoxşaxəli fəaliyyəti indiyədək öyrənilməmiş, yalnız tək-tək müəlliflər onun haqqında qısa fikirlər söyləyiblər. Kitabda M.Sidqinin Naxçıvan, Bakı və Aşqabaddakı pedaqoji fəaliyyəti, ötən əsrin ilk onilliklərində “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “İqbal”, “Sovqat”, “Bəsirət”, “Tazə xəbər”, “Sədayi-həqq”, “Sədayi-vətən”, “Həqiqət”, “Babayi-Əmir”, “Azərbaycan”, “Zənbur” kimi qəzet və jurnallarda “Zadə”, “Rizə”, “Əfi”, “Bekar”, “Qəmiş”, “Bir naxoş”, “Kabla Kövsər” və digər imzalarla dərc etdirdiyi çoxsaylı bədii və publisistik yazıların əsas məğzinə, ideya-bədii məziyyətlərinə nəzər salınıb, onların bir qismi ilk dəfə təhlilə cəlb edilib.
Nəşrdə həmçinin M.Sidqinin redaktorluğu ilə Bakıda 1918-1919-cu illərdə çıxan “Şeypur” jurnalı da tədqiq olunub. O illərdə Azərbaycanın yenidən işğalına çalışan bolşeviklərin, torpaqlarımıza basqınlar edib qanlar tökən ermənilərin mənfur simasını ifşa edən bu jurnal sovet dövründə “əksinqilabi ruhlu” mətbuat orqanı sayılaraq diqqətdən kənarda qalıb, son vaxtlarda isə onun haqqında yalnız bəzi qısa mülahizələr söylənilib. H.Həşimli ilk dəfə əhatəli araşdırma apararaq, jurnal barədə bir sıra məsələləri dəqiqləşdirib. Xüsusən jurnaldakı “Şeypur” imzasının şair-publisist Səməd Mənsura deyil, M.Sidqiyə mənsubluğunu sübuta yetirib.
Kitabın “Əlavələr” bölməsində M.Sidqinin “Şeypur” jurnalında işıq üzü görən əsərlərindən seçmələr də transliterasiya edilərək oxuculara çatdırılır.
Mətbuat tariximizdə mühüm mövqe tutan bu jurnal o dövrün sosial-siyasi, ədəbi-mədəni reallıqlarını əhatəli şəkildə əks etdirir. Bunu nəzərə alan ədəbiyyatşünas jurnalın bütün saylarını transliterasiya edərək latın əlifbası ilə çapa hazırlayıb, “Elm və təhsil” nəşriyyatında çap etdirib. “Şeypur” jurnalı (1918-1919-cu illər)” adlanan bu irihəcmli kitabda jurnalın on dörd sayının hamısındakı materiallar ardıcıllıqla oxuculara təqdim olunub. Jurnalda M.Sidqi ilə yanaşı, Səməd Mənsur, Cəfər Cabbarlı, Salman Mümtaz, Əliabbas Müznib, Əmin Abid, Məmmədəli Nasir və digər tanınmış ədiblərin aktual mövzularda bədii və publisistik əsərləri dərc edilib.