“Oxucular bədii əsərlərə üstünlük verirlər”
Dünyanın məşhur şair və yazıçıları, elm və maarif xadimləri kitabların tərbiyəvi əhəmiyyətinə böyük qiymət verərək, öz əsərlərində bu barədə müdrik fikirlər söyləmişlər. Dahi Nizami Gəncəvi kitabı “tükənməz mənəvi qida”, Uilyam Şekspir “tacdan qiymətli”, Maksim Qorki “bilik, xoşbəxtlik və səadət mənbəyi”, qədim Roma natiqi, filosof və siyasi xadim Siseron isə “kitabsız evi ürəksiz bədən” kimi təsəvvür etmişdir.
Kitab oxumağa marağın azalması bir vaxtlar hər birimizin gündəlik həyatda, mətbuatda, televiziyada və digər kütləvi informasiya vasitələrində tez-tez rast gəldiyi ürəkağrıdıcı mövzulardan idi. Son vaxtlar Bakıda kitab dükanlarının açılmasının və şəbəkələrinin formalaşmasının şahidi oluruq.
Biz də paytaxtımızda fəaliyyət göstərən kitab mağazalarına baş çəkərək mövcud vəziyyəti öyrənmək qərarına gəldik. Görək əvvəlki illərlə müqayisədə kitab oxumağa maraq hansı səviyyədədir? Hansı kitablara maraq var: elmi, bədii, yoxsa dini?
“Kitab bilik mənbəyi kimi öz şöhrətini qaytarmaqdadır”
İlk baş çəkdiyimiz ünvan metronun “İçərişəhər” stansiyasının qarşısındakı yeraltı keçiddə fəaliyyət göstərən kitab dükanı oldu. Bizi gülərüzlə qarşılayan mağazanın sahibi Hilal Bağıyevin bu məsələdə ürəyi dolu görünürdü. Suallarımızı diqqətlə dinlədikdən sonra kitab satışı ilə bağlı vəziyyətin qənaətbəxş olduğunu bildirdi: “Əvvəlki illərə nisbətən kitaba maraq artıb. Mən uzun illərdir bu işlə məşğulam. İndi kitab alanların sayı ildən-ilə artır. Bu da onu göstərir ki, kitab bilik, savad mənbəyi kimi öz şöhrətini qaytarmaqdadır. Bir ara kitab alıcıları detektiv kitabları almağa daha çox üstünlük verirdilərsə, bu gün artıq vəziyyət dəyişməkdədir. Detektivlə yanaşı romanlar, psixoloji əsərlər, elmi-intellektual kitablara da üstünlük verənlərin sayı artıb. Sırf elmi və dini kitabların isə öz alıcıları var. Demək olar ki, bu kitabların satılma səviyyəsi çox aşağıdır. İnsanlar daha çox bədii kitablara üstünlük verirlər”.
Hansı yaş qrupundan olan insanlar kitab almağa üstünlük verirlər? Yerli müəlliflərdən daha çox kimlər oxunur suallarımıza isə H.Bağıyev belə cavab verdi: “Demək olar ki, hər yaş qrupunda olan alıcılarımız var. Gənclərin də arasından kitab almağa meyl çoxalmaqdadır. Ortayaşlı və yaşlı insanların kitaba marağı yüksəkdir. Çünki onlarda kitab oxumaq ənənəsi sovet dövründən formalaşıb. Oxucular daha çox xarici ədəbiyyat almağa üstünlük verirlər. Yerli yazıçılardan isə daha çox Çingiz Abdullayev, Elxan Elatlı, Varisin kitabları alınır”.
“Gənclər arasında kitaba maraq daha çoxdur”
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin Nizami küçəsində yerləşən dükanında da olduq. Suallarımızı cavablandıran mağazanın satış meneceri Könül Nağıyeva da son illər kitaba marağın artdığını dilə gətirdi: “Hazırda istirahət vaxtı olmasına baxmayaraq, alıcı qıtlığı hiss etmirik. Həqiqətən də, kitaba maraq yüksəlməkdədir. İnsanların dünyagörüşü, zövqləri müxtəlif olduğundan seçdikləri kitabların da janrları müxtəlifdir. Detektiv, psixoloji, siyasi kitablardan tutmuş romantik, hətta fantastik hadisələrdən bəhs edən kitablara da maraq var. Elmi, dini kitablara gəlincə isə onların satışı nisbətən aşağı səviyyədədir. Bu tip kitabların bədii kitablardan fərqli olaraq həmişə xüsusi alıcı kütləsi olur.
K.Nağıyeva kitab alıcılarının böyük əksəriyyətini gənclərin təşkil etdiyini bildirdi: “Gənclər arasında kitaba maraq daha çoxdur. Onlar əsasən dünya ədəbiyyatının tanınmış yazıçılarını oxumağa üstünlük verirlər. Amma yerli yazıçılarımıza da maraq az deyil. Onlardan Çingiz Abdullayev, Elxan Elatlı, Qaraqan, Varis, Ziya Səfərbəyov daha populyar müəlliflərdir”.
“Sentyabrda kitab satışı yenidən canlanacaq”
Baş çəkdiyimiz daha bir kitab satışı mərkəzi isə Nigar Rəfibəyli küçəsində yerləşən “Kitab evi” mağazası oldu. Mağazanın meneceri Mehdi Əliyarov yay aylarında kitab satışının aşağı səviyyədə olmasından gileyləndi: “Ümumilikdə götürəndə kitab oxumağa maraq əvvəlki illərə nisbətən yaxşıdır. Amma onu deyə bilərəm ki, yay ayları istirahət mövsümü olduğundan hazırda satış, demək olar ki, yox dərəcəsindədir. Çünki kitabları daha çox gənclər, tələbələr alır. İndi onlar tətildə, istirahətdədirlər. Sentyabrdan isə yenidən kitab satışı canlanacaq. Kitab alıcıları daha çox bədii əsərlərə üstünlük verirlər. Oxucular bütün janrlarda olan kitabları alırlar. Amma satılan kitablar arasında detektiv və psixoloji əsərlər üstünlük təşkil edir”.
Bu həmsöhbətimiz də yuxarıda adları çəkilən yerli və xarici müəlliflərin əsərlərinə marağın daha çox olduğunu bildirdi.
İnternet şəbəkəsinin sürətli inkişafı, həmçinin kitabları elektron formatda oxumaq imkanı ənənəvi kitaba marağı bir qədər azaltdı. Kitabları elektron formatda oxumaq maddi baxımdan və eyni zamanda vaxt sarıdan əlverişli olduğu üçün insanlar bu üsula daha çox üstünlük verirlər. Gəlin unutmayaq ki, elektron kitablar nə qədər asan və ucuz başa gəlsələr də, ənənəvi mütaliənin yerini heç vaxt verə bilməz. Əvvəla, bütün kitabların elektron variantı yoxdur. Hətta fərz etsək ki, belə bir imkan var, yenə də kompüterdən oxumaq real kitab oxumaq qədər effektli deyil. Həm də kompüterdən oxumaq real kitab oxumaqdan dəfələrlə çox insan sağlamlığına mənfi təsir göstərir. Kitabı əldə hiss etmək, onun məxsusi ətrini duymağın qədrini yalnız əsl kitab oxuyanlar bilər.
Müdrik bir kəlamda deyildiyi kimi “Kitabı sevin. O, bilik mənbəyidir, ancaq bilik insana nicat verir, ancaq bilik insanı ürəkdən sevməyi, onun zəhmətinə hörmət etməyi öyrədər, ruhən qüvvətli, namuslu və ağıllı adam edər”.
Bu fikirlərdən, qiymətli kəlamlardan belə bir mühüm nəticə çıxır ki, kitab ən mühüm məlumat mənbəyi, siyasi və ideoloji mübarizə silahı, bilik, təlim və tərbiyə vasitəsidir.
Fariz Hüseynov