Paytaxtımızın tarixinin, mədəni irsinin yaşandığı bu məkan yeniləşən Bakının da göstəricisidir

“Bu müqəddəs ocağa gələrkən yolda maşını saxladım və yuxarıdan Bibiheybət buxtasına baxdım. Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdi ki, bu ərazi neftlə çirklənmiş gölməçələrdən təmizlənsin. Bu ərazidə bir əsrdən çoxdur ki, neft hasil edilir və ekoloji vəziyyət çox acınacaqlı idi. Artıq köhnədən qalan neft dirəkləri yığışdırılıb, ağaclar əkilib. Vaxtilə ekoloji fəlakət sahəsi kimi tanınan ərazi ekoloji cəhətdən ən təmiz yerlərdən birinə çevrilib və bu, hələ başlanğıcdır. O gözəl parklar böyüyəcək, orada insanların istirahəti üçün çox gözəl imkanlar yaranacaqdır”.

Prezident İlham Əliyevin 2008-ci il iyulun 12-də paytaxtın Səbail rayonu ərazisindəki Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurma və tikinti işlərindən sonra istifadəyə verilməsi mərasimində dediyi sözlər şəhərin giriş qapısı sayılan, illər boyu buradan keçən hər kəsə neft və milyonlar səltənətinin ilk qoxusunu verən Bakı buxtasında və ümumilikdə rayon ərazisində quruculuq-abadlıq işlərinin gələcək miqyasından xəbər verirdi. İki il sonra, 2010-cu ilin 1 sentyabrında bu işlərin nəticəsi kimi Səbail rayonunun Bayıl sahəsində, şəhərin müxtəlif nöqtələrindən seyr edilə bilən yerdə möhtəşəm Dövlət Bayrağı meydanının açılışı keçirildi və dünyanın ən böyük bayrağı vətən səmasına ucaldıldı. Daha iki il sonra burada Azərbaycanı, Bakını dünyaya tanıdan əlamətdar hadisə - “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi münasibətilə Xəzərin aynasında bərq vuran büllur saray - “Bakı Kristal Hall” inşa edildi. Qitənin ən böyük musiqi müsabiqəsinə təşrif buyuran minlərlə əcnəbi qonaq bu əsrarəngiz tikilinin yer aldığı füsunkar məkanda yaradılan yeni bulvarın gözəlliklərini də seyr etdi. Beləcə Bakının ən qədim və mərkəzi məkanı, adı tarixin uzaq qatlarından gələn Səbail rayonunun sosial-iqtisadi inkişafında da yeni mərhələ, təzə səhifə açıldı.

Əsdikcə tarixin səba yelləri...

Səbailin tarixi Bakının tarixidir. Səbail bir vaxtlar Xəzər sahilində, Bakı buxtasında ucaldılmış, sonralar dənizin qabarma-çəkilmələri nəticəsində sularda qərq olmuş tarixi-memarlıq abidəsinin adıdır. Qədim Bakının - İçərişəhərin ilk divarları da bugünkü Səbail rayonunun ərazisində salınıb, “bayır şəhər” buradan başlayaraq küçə-küçə, meydan-meydan artıb genişlənib. O üzdən şəhərin tarixi ilə bağlı tikililərin də, UNESCO-nun dünya xəzinəsində yer alan Qız qalası və Şirvanşahlar sarayı başda olmaqla zəngin irs nümunələrinin də əksəriyyəti Səbail rayonu ərazisindədir.
Bakının böyük şəhərə, iqtisadi mərkəzə çevrilməsi də Səbaildən - XIX əsrin 40-cı illərində Bibiheybətdə sənaye üsulu ilə neft quyularının qazılmasından başlayıb. Neft bumu sayəsində Bakıda iqtisadi yüksəlişlə yanaşı, mədəni inkişafın, yeni incəsənətin, memarlıq abidələrinin də təməli qoyuldu. Şəhərin siması dəyişməyə başladı və Bakı buxtasında neft buruqlarının hasar çəkdiyi Səbail mərkəzə doğru sıralanan binalar, parklar, mədəniyyət ocaqları, hotellərlə yeni görkəm aldı. Ötən əsrin əvvəlində sahil boyunda Xəzərin mirvarisi - bulvar salındı.
Azərbaycan mədəniyyətinin intibahı ilə bağlı bir çox əlamətdar hadisələr bu məkanla bağlıdır. 1873-cü ildə təməli qoyulan milli peşəkar teatrın inkişafı buradan başladı. Böyük neftxuda Zeynalabdin Tağıyev ilk teatr binasını (indiki Musiqili Teatr) burada tikdirdi və həmin sənət ocağında 1908-ci ildə müsəlman Şərqinin ilk operası - Üzeyir bəyin “Leyli və Məcnun”u səhnələşdirildi. 120 il əvvəl - 1894-cü ildə Bakıda ilk milli qiraətxana da görkəmli maarifçi Nəriman Nərimanov tərəfindən burada - Qorçakov (indiki Z.Tağıyev) küçəsində açıldı. Azərbaycan kinosunun tarixi də 1898-ci ildə fotoqraf Aleksandr Mişonun Bibiheybətdə neft fontanı yanğınını lentə alması ilə başlanıb.
Tariximizin acılı-şirinli bir çox səhifələri bu məkanda salnamələrə köçüb. 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin parlamenti, hökuməti burada fəaliyyət göstərib. 1920-ci ilin 28 aprelində bolşevik işğalı da buradan Azərbaycana duyurulub. 1988-ci ildə xalqımızın milli hərəkatı buradan - indiki Azadlıq meydanında başlanıb. 1990-cı ilin yanvarında vətən şəhidlərinin torpağa tapşırıldığı məkan - and yerimiz “Şəhidlər xiyabanı” da Səbail ərazisindədir. Yüz il əvvəl olduğu kimi, bu gün də Səbail paytaxtımızın mərkəzi, əsas dövlət və hökumət idarələrinin (Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Hökumət evi, Bakı Şəhər İcra Hakimiyyəti, bir sıra nazirliklər) yerləşdiyi məkandır. Bu gün də Bakının teatr və konsert müəssisələrinin, muzey, qalereya və sərgi salonlarının əksəriyyəti (filarmoniya, 7 teatr, 2 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi və s.) Səbail rayonunun payına düşür.

Ölkədəki tərəqqinin meyar məkanı

Təbii ki, bu tarixi-coğrafi əlahiddəlik paytaxtın bu rayonunun inkişafına, həyata keçirilən tikinti-quruculuq, abadlıq işlərinə - ümumilikdə rayonun sosial-iqtisadi, mədəni mənzərəsinə də xüsusi diqqəti zəruri edir. Ən azı o səbəbdən ki, Səbail Bakının sadəcə mərkəzi rayonu deyil, eyni zamanda, şəhərə təşrif buyuran qonaqlarda paytaxtımızın, ölkəmizin inkişaf səviyyəsi barədə əsas təəssürat yaradan, meyar rolunu oynayan məkandır. Təsadüfi deyil ki, Səbail ərazisində paytaxtın digər rayonlarından xeyli çox sayda - 48 mehmanxana, o cümlədən “Kempinski Badamdar”, “Hilton”, “Mariott Abşeron”, “Fairmont” kimi brend hotellər fəaliyyət göstərir. Yeni inşa olunan “Cənub” və “İnturist” mehmanxanaları yaxın vaxtlarda turizm-xidmət sektorunu daha da genişləndirəcək. Bütün bunlar isə öz növbəsində görülən hər işə daha artıq məsuliyyət doğurur. Ölkə Prezidentinin diqqət və qayğısı, göstəriş və tapşırıqları əsasında rayonun rəhbərliyi də bu məsuliyyətin real işdə təsdiqini tapmasına çalışır. Son bir neçə ildə rayonun sosial-iqtisadi inkişafında əldə olunan nəticələr də bunu deməyə əsas verir.
Paytaxtın Nəsimi, Yasamal və Qaradağ rayonları ilə qonşu olan Səbail rayonunun ərazisi 29 kv.km, əhalisi 100 mindən çoxdur. Bundan əlavə, rayon ərazisində 10 min nəfərdən çox məcburi köçkün məskunlaşıb. Rayonda iki qəsəbə (Badamdar və Bibiheybət), iki (1 və 2 saylı) sahə inzibati ərazi dairəsi, üç bələdiyyə (Səbail, Badamdar və Bibiheybət) var. Ölkə başçısının sərəncamları ilə təsdiq olunan “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” Səbail rayonunda da infrastruktur layihələrinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaradıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun 2013-cü ilin yekunları ilə bağlı hesabatında qeyd olunduğu kimi, ötən il rayonda iri sənaye müəssisələri tərəfindən 23 milyard 347 milyon manatlıq və ya 2012-ci ildəkindən 1,2 % çox məhsul istehsal edilib və xidmətlər göstərilib. 2013-cü ildə 2220 yeni iş yeri açılıb. Ümumiyyətlə, son 10 ildə rayonda 40 minədək daimi iş yeri yaradılıb. Son bir neçə ildə “Badamdar”, «Dağüstüpark», «İçərişəhər”, «Bayraq Meydanı», «Yeni Bayıl» yarımstansiyalarının istismara verilməsi nəticəsində rayonun bütün yaşayış sahələri elektrik enerjisi ilə tam təmin olunub. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi Badamdar qəsəbəsində, Bayıl-20-ci yaşayış sahəsində içməli su ilə təminatı yaxşılaşdırıb.
Hazırda həyata keçirilən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dovlət Proqramı”nda da Səbail rayonu üzrə bir sıra tədbirlər, o cümlədən qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, qəsəbədaxili və məhəllədaxili yolların təmiri, işıqlandırılması, abadlıq və yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi nəzərdə tutulub. Həmçinin mədəniyyət ocaqlarından T.Quliyev adına 12 saylı musiqi məktəbi, təhsil müəssisələrindən 51, 190, 239 saylı orta məktəblər, 25, 91, 157 saylı uşaq bağçaları əsaslı təmir olunacaq.

İnkişafın mənzərəsi

Bu ilin birinci yarımilinin yekunlarına görə, Bibiheybət qəsəbə Mədəniyyət evi və qəsəbə kitabxanasında, 2 saylı şəhər poliklinikasında, “Turac” uşaq bağçasında əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb. Sentyabrda Badamdar qəsəbəsində “Könül” körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra açılıb. Rayonda 5 ali, 18 orta və 18 məktəbəqədər təhsil müəssisəsi, 3 musiqi məktəbi var. Yeni dərs ilində rayon ərazisində Müasir İstedadlar Məktəbinin ibtidai məktəbi və Bakı Fransız liseyi fəaliyyətə başlayıb. Son üç ildə məktəblərin əksəriyyəti əsaslı təmir olunub, 1 yeni orta məktəb, 1 yeni uşaq bağçası inşa edilib, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi sökülərək yenidən tikilib.
Təhsilə diqqət və qayğı məktəblərin uğurunda da özünü göstərir. 2013-2014-cü tədris ilində rayonun orta məktəblərini 1355 nəfər bitirib və 901 nəfər tələbə adını qazanıb. Rayon ərazisindəki Bülbül adına orta ixtisas, T.Quliyev adına 12 və C.Hacıyev adına 3 saylı musiqi məktəblərinin şagirdləri respublika və beynəlxalq müsabiqələrində uğurla çıxış edirlər.
Rayonda müasir idman infrastrukturunun qurulması da diqqət mərkəzindədir. 2015-ci ildə Bakda keçiriləcək Avropa Oyunlarına hazırlıqla bağlı vaxtilə paytaxtın ən böyük qapalı idman kompleksi olmuş Bakı İdman Sarayı əsaslı təmir olunur, həmçinin yeni Su İdmanı Sarayının, Avropa Oyunları Parkının (su polosu, çimərlik voleybolu və futbolu), Şıx sahəsində velosiped yarışları parkının tikintisi davam edir.
Sözsüz ki, 2015-ci ilin Avropa Oyunları Azərbaycanın idman dünyasında, beynəlxalq aləmdə nüfuzunun artması ilə bərabər, paytaxtımızın tanıdılması, ölkəmizə çoxsaylı turistlərin cəlb edilməsi üçün də mühüm fürsət olacaq. Bu baxımdan aparılan quruculuq-abadlıq işləri Bakının bu məkanına xüsusilə möhtəşəm görkəm verir. Səbail rayonu Bakının keçmişi, mədəni irsi ilə yanaşı, müasir inkişafının, yeniləşməsinin də göstəricisidir. Şəhərin qədim memarlıq abidələri ilə ultramüasir tikililəri burada vəhdət tapır. Bakının yeni simvollarından olan “Alov qüllələri”, dənizkənarı bulvardakı Muğam Mərkəzi, yeni açılan Xalça Muzeyi, sahil boyu yaradılan istirahət-əyləncə infrastrukturu, məşhur Dağüstü parkın yenidən qurulması rayonu turistlərin gözdə məkanına çevirib. Yeni yaşıllıqların yaradılması da diqqət mərkəzindədir, mütəmadi olaraq ağacəkmə kampaniyaları keçirilir. Rayon ərazisində 3 park və 12 istirahət bağı var.
Altı il öncə Bakı buxtasında aparılan quruculuq-abadlıqla bağlı ölkə başçısının söylədiyi sözlər (“Bu hələ başlanğıcdır”) ötən müddətdə Səbail rayonunda genişmiqyaslı işlərdə təsdiqini tapıb. Lakin bu hələ son deyil. Qarşıda inkişafın yeni üfüqləri var.

Vüqar Əliyev

Yazı Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar