İlk Avropa Oyunları dünyanın diqqətini ölkəmizə yönəldəcək

Gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 200 gündən də az vaxt qalıb. Paytaxtın mərkəzi küçə və meydanlarında qurulan geriyə sayım saatları anbaan bizi bu möhtəşəm tədbirə yaxınlaşdırır. 2015-ci ildə bütün Avropanın, eləcə də dünyanın bir çox ölkələrinin diqqəti Azərbaycana yönələcək. İdman şöləni ölkəmizin dünyada tanıdılmasına da böyük töhfə olacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının keçirilməsi barədə qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsi Baş Assambleyasının toplantısında qəbul olunub. Baş Assambleyanın yığıncağında Avropa tarixində ilk Oyunlara ev sahibliyi hüququ Bakıya verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına əsasən, Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir.
2015-ci il iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.
Avropa Oyunlarına hazırlıq sürətlə davam edir. Qısa vaxt ərzində inşa edilən idman kompleksləri, yarış meydançaları beynəlxalq tədbirin miqyasından xəbər verir. Yarışların keçiriləcəyi obyektlər yerləşdiyi ərazilərə görə 4 qrupa bölünür: kənd qrupu, Bayraq meydanı qrupu, şəhər qrupu və qərb qrupu.

Kənd qrupu

Buraya daxil olan obyektlər Bakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı arasında yerləşir. Bu qrupa yeni tikilən obyektlərdən Milli Gimnastika Arenası, Milli Stadion, Bakı Ekspo Mərkəzi və Atletlər kəndi daxildir.
Bakı-2015 I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri tikintisinə 2011-ci ildən başlanılan Milli Stadionda gerçəkləşəcək. Hazırda arenada işlərin böyük əksəriyyəti görülüb. 2015-ci ilin fevralında isə işlərin tamamilə yekunlaşması planlaşdırılır. Stadion istifadəyə verildikdən sonra burada 65 min tamaşaçı yarışları izləyə biləcək. Bu, futbol matçlarının və atletika yarışlarının keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı idman kompleksdir. Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə yanaşı, atletika üzrə yarışların da bu stadionda keçirilməsi nəzərdə tutulub. Stadionun sərhədləri daxilində geniş yaşıllıq zolaqları və təlim obyektləri də yaradılacaq.
Tikintisi bu ilin fevral ayında tamamlanan Milli Gimnastika Arenasında kişi və qadın gimnastlar arasında gimnastikanın hər növü üzrə yarışlar keçiriləcək. Arena 6800 tamaşaçı tutumuna malikdir.
Milli Stadion və Milli Gimnastika Arenasından yaxın məsafədə yerləşən Atletlər kəndi adlandırılan ərazidə idmançılar və komanda rəsmiləri yeni tikilən binalarda yerləşdiriləcək. Oyunları işıqlandırmağa gələcək xarici jurnalistlər də burada qalacaqlar. Hər binanın birinci mərtəbəsində ümumi istirahət mərkəzi sahələri var. Bu sahələrdə oyunların translyasiya olunduğu televiziya və internetə pulsuz çıxış olacaq. Burada 10 və 15 mərtəbəli 13 bina (ümumilikdə 1042 mənzil və ya 7718 yerləşdirmə yeri) var.

Bayraq Meydanı qrupu

Artıq Bakının simvoluna çevrilən Dövlət Bayrağı meydanının ətrafındakı ərazidə Avropa Oyunları üçün iki əsas kompleks - Bakı Kristal Zalı və yeni tikilən Avropa Oyunları Parkı (AOP) yerləşir. Bu obyektlərdə 12 idman növü üzrə yarışlar keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud məkanlar isə yenilənərək oyunlara hazır vəziyyətə gətirilir. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmiş Bakı Kristal Zalında voleybol, həndbol və digər qapalı məkan idman növlərində yarışlar keçiriləcək.
Bayraq Meydanı qrupuna daxil olan və yeni inşa edilən idman komplekslərindən biri də Bakı Su İdmanı Mərkəzidir. Mərkəzdə üzgüçülük, suya tullanma və sinxron üzgüçülük oyunları üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Üç su idmanı oyununa ev sahibliyi edəcək mərkəz 6 min tamaşaçı tutumuna malik olacaq. Burada həmçinin ilk Avropa Oyunlarına daxil edilən bəzi idman növlərinin keçirilməsi üçün müvəqqəti arenalar da hazırlanacaq. Avropa Oyunları Parkında yerləşən vaterpol, basketbol və çimərlik arenaları bu qəbildən olan idman arenalarıdır.

Şəhər qrupu

Şəhər qrupuna daxil olan idman obyektləri Bakının mərkəzində yerləşir. Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı İdman Zalı və Tofiq Bəhramov adına Respublika Stadionu da daxil olmaqla şəhərin ən məşhur idman obyektləri bu qrupa aiddir. Hazırda Heydər Əliyev adına İdman və Konsert Kompleksində təmir işləri gedir. Respublika Stadionu təmir olunaraq yarışlar üçün tam hazır vəziyyətə gətirilib.

Qərb qrupu

Bu obyektlər qrupu Bakının mərkəzindən qərbdə yerləşir. Oyunlar planının tərkib hissəsi sayılan Bakı Atıcılıq Mərkəzi istisna olmaqla bu obyektlərin əksəriyyəti oyunlara görə müvəqqəti olaraq tikilib. Həmçinin bu qrupa Bakıdan kənarda yerləşən yeganə obyekt - Mingəçevir şəhərindəki “Kür” İdman və Avarçəkmə Mərkəzi daxildir.
Bakı Atıcılıq Mərkəzi şəhərin mərkəzindən avtomobillə 30 dəqiqəlik məsafədə yerləşir. 500 nəfərlik tamaşaçı yeri olan bu kompleksdə artıq işlərin əksər hissəsi yekunlaşıb.
Dağ Velosiped Parkı Bakı Atıcılıq Mərkəzinin cənubundakı təpələrdə yerləşən və Avropa Oyunları üçün tikilmiş müvəqqəti məkan olacaq. Bu idman arenası Azərbaycanda belə məqsədlə tikilən birinci dağ velosiped sahəsidir. Yarış yolu tullanma elementləri, körpücüklər, velosiped sürmək üçün cığır, dik və sıldırım eniş-yoxuşlar kimi bir neçə texniki xüsusiyyətlərdən ibarətdir. Yolun uzunluğu 4 kilometrdən artıqdır.
Avarçəkmə yarışları isə Mingəçevirdə yerləşən “Kür” İdman və Avarçəkmə Mərkəzində keçiriləcək. Azərbaycan kanoe sprinti idman növü və avarçəkmə komandaları üçün ev sahibi rolunu oynayan bu obyekt milli Olimpiya təlim mərkəzilərindən biridir. İl ərzində dünyanın müxtəlif ölkələrindən atletlər öz təlimlərini burada davam etdirirlər.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar