Turizmin ekologiyaya zərərli təsirini aradan qaldırmaq üçün müxtəlif layihələr hazırlanır

Ətraf mühit insanın həyatına, şəraitinə, səhhətinə təsir edən amillərin toplusudur. Son illər yer üzündə əhalinin sürətli artımı, elmi-texniki tərəqqi, kimya, biologiya elmləri sahəsində əldə edilən yeniliklər, müasir texnologiyaların yaradılması bəşəriyyətə təkcə fayda gətirmir desək, yanılmarıq. XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz fəsadlarını büruzə verməyə başladı. Bir-birinin ardınca baş verən təbii fəlakətlər - daşqınlar, zəlzələlər, torpaq sürüşmələri dünyanın bütün ölkələrində ciddi narahatlıqlar yaradır. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anlayırlar.

Azərbaycanda ekologiyaya dair 20-dən çox qanun qəbul olunub

Söz yox ki, Azərbaycan da bu problemlərdən kənarda deyil. Ölkəmizdə ekoloji problemlərin həlli ilə bağlı məsələlər də birbaşa ölkə rəhbərliyinin diqqətindədir. Azərbaycan ekoloji təhlükəsizliyin təmin olunmasında, təbii resursların səmərəli istifadəsində, ekoloji sistemin qorunmasında maraqlıdır. Son illər ölkəmizdə ekologiyaya dair 20-dən çox qanun qəbul olunub, Azərbaycan ətraf mühit və təbiətdən istifadə ilə bağlı təxminən bir o qədər beynəlxalq sənədə qoşulub. Zəngin təbii ehtiyatlara malik Azərbaycanda xüsusi qorunan təbii ərazilər şəbəkəsinin yaradılmasına böyük diqqət verilir. Qısa müddətdə xüsusi qorunan təbii ərazilərin sahəsi ölkənin ümumi ərazisinin 10%-nə çatdırılıb. Azərbaycan dövlətinin ekoloji siyasətində iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması ön plana çəkilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan layihələr Azərbaycanda ekoloji problemlərin tezliklə yoluna qoyulacağına inam yaradır.
Ekoloji tarazlığı, onun mürəkkəb və bir-biri ilə sıx bağlı mexanizmlərini, təbiətin insanın təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyil. Bu baxımdan, ekologiya elminə tələbat və maraq günü-gündən artır. Müasir dövrdə ekologiya elmi bütün sənət adamlarının, alim və mütəxəssislərin, müəssisə və dövlət rəhbərlərinin diqqət mərkəzindədir.
Coğrafiya elmləri doktoru Mahmud Xəlilovun sözlərinə görə, ekologiya elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin vəziyyəti bu əsrin 30-cu illərinə qədər ciddi təşviş doğurmayıb: «Lakin II Dünya müharibəsindən sonra təbiətə, ətraf mühitə, təbii ehtiyatlara qarşı mənfi münasibət ilbəil gücləndiyindən ekologiya elmi tamamilə yeni, inkişafı zəruri sayılan elm sahəsinə çevrildi. Azərbaycanda ekologiya elminin ayrı-ayrı sahələrinin tarixi müxtəlifdir».
M.Xəlilov deyir ki, həm milli, həm də dünyəvi inkişafın əsasını insanla təbiətin harmoniyası təşkil etməlidir. İqtisadiyyatın inkişafına istiqamətlənmiş əvvəlki strategiyanın yerinə mərkəzində insanın durduğu strategiya gəlməlidir: «İnsanların müasir həyat tərzi və onların məqsədi sənaye cəmiyyəti dövründə formalaşdığına görə əsaslı şəkildə dəyişməlidir. Ona görə də təkcə mədəni ənənələr deyil, yeni ekoloji mədəniyyətin məqsədyönlü inkişafı da zəruridir. Ekoloji mədəniyyət insanın təbiətlə onu dərindən dərk edilməklə birləşməsinin, barışmasının yeni üsuludur. Ekoloji mədəniyyətin ən vacib əlaməti sadəlövh antroposentrizmdən imtina edilməsi və biosferosentrik baxışların qurulduğu baxışlara keçilməsidir. Bu o deməkdir ki, indi istənilən problemin həllində üstünlük sosial-iqtisadi amillərə deyil, təbii amillərə verilməlidir. Belə yanaşmanın son məqsədi də, bilavasitə olmasa da, onun mövcud olduğu təbii mühiti saxlamaqla yenə də insandır».

Turizm xidmətlərinin təşkili ətraf mühitin çirklənməsinə təsir etməməlidir

Doğrudan da, insan amili ekoloji problemlərin yaranmasında nə qədər böyük rol oynayırsa, ekologiyanın qorunması və bərpasında da o qədər mühüm əhəmiyyətə malikdir.
Hazırda bütün dünyada inkişaf edən və birbaşa insan amili ilə bağlı olan turizm sənayesi ölkələrin təbii, mədəni və tarixi ehtiyatlarını istismar edir, tullantılar istehsal edir, havanı, suyu və torpağı çirkləndirir, təbiətə güclü antropogen təsir göstərir. Nəqliyyat vasitələri müxtəlif yanacaq növlərindən istifadə edərək, ətraf mühiti çirkləndirir. Bu səbəbdən də turizmin ekologiyaya olan zərərli təsirini aradan qaldırmaq, bu mümkün olmadıqda isə minimuma endirmək üçün dünya mütəxəssisləri müxtəlif layihələr üzərində işləyirlər. Buna görə də son on ildə maliyyə nəzarəti və bazar amilləri, həmçinin müəyyən qanunvericilik tədbirləri daxil olmaqla, ətraf mühitin mühafizəsi yeni səviyyəyə qalxıb. Avropa İttifaqı «Ekoloji menecment və təftiş sistemində şirkətlərin könüllü iştirakı haqqında» EC 1893/93 saylı əsasnamə işləyib hazırlayıb. Ekoloji menecmentin metodikasına uyğun olaraq, turizm fəaliyyətinin ekoloji aspektlərinin idarə olunmasını yaxşılaşdırmaq məqsədilə turizm müəssisələri öz qüvvəsilə və ya sifarişlə obyektiv ekotəftişlər apara bilər.
Azərbaycanda da turizm sənayesi müəssisələri tərəfindən ekoloji idarəetmə üsullarının tətbiqi Avropa ölkələri təcrübəsi ilə uyğunluğu və müvafiq hüquqi rəsmiləşdirməni tələb edir. Azərbaycan Respublikasının «Turist-ekskursiya xidmətləri. Turist xidmətləri. Ümumi tələblər» Dövlət standartının 4.2.2 bəndində qeyd olunur ki, turizm xidmətlərinin təşkili, ətraf təbii mühitin xarakteristikasının pisləşməsinə (ərazinin çirklənməsi, bitki örtüyünün tapdanması, ağac və kolların zədələnməsi və yandırılması və s.) təsir etməməlidir.

Təbiətdən nəzarətsiz istifadə onun məhvinə gətirib çıxarır

Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun dediyinə görə, turizmin iqtisadi səmərəsi hər kəs üçün aydın olsa da, çoxları bu sahənin inkişafının ekologiya üçün mənfi təsiri haqqında məlumata malik deyil. Bu səbəbdən də böyük əksəriyyət turizmə büdcənin «xilaskarı», işsizliyin aradan qaldırılmasında, gəlirlərin artırılmasında mühüm vasitə kimi yanaşır: «Dünya təcrübəsinə diqqət yetirsək görə bilərik ki, hələ ötən əsrin 70-80-ci illərində tədqiqatçılar turizmin ekologiyaya mənfi təsiri barədə həyəcan təbili çalmağa başlayıblar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, turizm fəaliyyəti prosesində ətraf mühitdə mütləq dəyişkənlik baş verir. Acınacaqlı hal odur ki, mənfi dəyişkənlik yüksələn xətt üzrə inkişaf edir. Doğrudur, tez-tez təbiətə qayğı ilə yanaşmağa dair şüarlarla rastlaşırıq. Lakin təcrübə sübut edir ki, bu şüarların elə bir əhəmiyyəti yoxdur və təbiəti turizmin mənfi təsirlərindən qorumaq üçün daha təsirli tədbirlər həyata keçirilməlidir. Çünki «Yaxşı nədir (ekoloji baxımdan) və pis nədir» problemi dar iqtisadi çərçivədən kənara çıxır».
Bu problemin həlli təbii resurslardan turizm məqsədli istifadə zamanı müxtəlif təsir vasitələrinə malik olan sistemli yanaşma tələb edir. Mütəxəssisin fikrincə, belə təsir vasitələri əlavə texniki, təşkilati, sosioloji və ekoloji biliklərin cəlb olunmasını nəzərdə tutur: «Dərk etmək lazımdır ki, təbiəti turizmdən qorumaq, onu turizm üçün saxlamaq günün ən vacib problemlərindəndir. Ekoloji tarazlığın bir çox pozuntuları xeyli zaman keçdikdən sonra özünü büruzə verir. Turizm məqsədilə ətraf mühitdən nəzarətsiz istifadə onun məhvinə gətirib çıxarır və təbiət gələcək nəsillər üçün itirilir. Fərdi ehtiyaclarını qısa müddətdə ödəməyə çalışan turistlər bu istəyi təbii sərvətlərdən uzunmüddətli istifadədən üstün tuturlar. Lazımi infrastruktura malik olmayan, lakin turistlərin daha çox toplandığı yerlər ciddi risk mənbələrinə çevrilir».

Qanunlara əməl etmək lazımdır...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə görə, Azərbaycanda ekologiyanın qorunması və təbiətə dəyən mənfi təsirlərin aradan qaldırılması üçün müəyyən qanunvericilik aktları və bir sıra qadağalar var: «Bəzən insanlar elə hesab edirlər ki, təbiət qoynunda dincələndə hər şey etmək olar. Meşədə tonqal qalamağı, ağacların budaqlarını sındırıb yandırmağı adi hərəkət hesab edirlər. Meşə Məcəlləsində, «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Qanunda və bir sıra digər qanunvericilik aktlarında müəyyən qadağalar var. Məsələn, qoruq ərazisinə insanların girməsi qadağandır. Milli parkların ərazisinə isə vətəndaşlar yalnız xüsusi marşrutlar üzrə - turistlər üçün nəzərdə tutulmuş əraziyə girə bilər. Meşəlik ərazilərə turistlərin daxil olmasına icazə var, amma tonqal qalamasına yox. Bunların hamısı bizim qanunvericilikdə nəzərdə tutulub. Sadəcə, qanunlara əməl etmək lazımdır. Qorunmayan əraziyə bizim nazirlik nəzarət etmir. Biz yalnız qüvvədə olan qanunvericiliyin normalarına nəzarət edirik. Dünya praktikasında da ən əsas iş maarifləndirmədir».

* * *
Planetimizin ekoloji problemlərinin yarandığı bir dövrdə hər bir kəs təbiətin qorunmasında öz məsuliyyətini dərk etməlidir. Azərbaycan Prezidenti tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan olunması, qısa müddət ərzində Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüs irəli sürməsi bizim üçün fürsətdir ki, doğma vətənimiz olan Azərbaycanın təbiətinin, havasının, suyunun bizə və gələcək övladlarımıza nə dərəcədə həyati vacib olduğunu bir daha dərindən dərk edək və bu işə hər birimiz qoşulaq. Təbiətimizi həm öz sağlamlığımız, həm də övladlarımızın gələcəyi, sağlam mühitdə yaşamaları naminə qoruyaq.

Fəxriyyə Abdullayeva

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar