![](/img/news/700x420/12422.jpg)
Hər il olduğu kimi, bu il də 18 may - Beynəlxalq Muzeylər Günü ilə müxtəlif tədbirlər, “Muzeylər gecəsi” aksiyası keçirildi, bütün muzeylərdə “Açıq qapı” günü elan edildi. Bundan əlavə, Azərbaycan Milli İncəsənət Muzeyində muzey kolleksiyalarının populyarlaşdırılması məqsədilə “Uçan muzey artefaktları” adlı aksiya və “British petroleum” neft şirkətinin dəstəyi ilə “Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” adlı müsabiqənin mükafatlandırma mərasimi oldu. İCOM-un Milli Komitəsinin qərarı ilə “Qala qoruğu” Arxeoloji Etnoqrafik Muzey Kompleksində Bakı və digər region muzeylərinin iştirakı ilə bədii, əyləncəli tədbir və müxtəlif muzeylərin səyyar sərgiləri təşkil edilmişdi.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Prezident yanında Gənclər Fondu, Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin Bakı nümayəndəliyi ilə birlikdə 27-28 sentyabr tarixində Xalça Muzeyində Dünya Turizm Günü və Avropa Mədəni İrs Gününə həsr olunmuş “Muzeydə bir gecə” adlı layihə də rəngarəng tədbirlərlə yadda qaldı.
Bölgələrdə yeni muzey binalarının inşası davam etməkdədir. Prezident İlham Əliyevin iştirakı ilə sentyabr ayında Horadiz şəhərində Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin açılışı keçirildi. Bu, cəbhə bölgəsində fəaliyyətini bərpa etmiş ilk muzeydir.