Bu memarlıq elementlərini necə adlandıraq?

Respublikamızın müxtəlif yaşayış məntəqələrinin - kənd, qəsəbə, şəhər və rayonların girişində həmin inzibati ərazinin adını özündə əks etdirən əzəmətli tikililərlə rastlaşırıq. Bu tikililərə memarlıq baxımından nə deyilir? Xeyli vaxtdır, bu sual məni maraqlandırır. Bununla bağlı bir neçə tanınmış memara da müraciət etdim. Fikirlər müxtəlif oldu. Bəziləri bu tikililərin memarlıqda adının olmadığını dedilər, obelisk, stela və s. kimi mülahizələr də səsləndi.

Stela və obelisk memarlıqda geniş yayılıb. Amma sözügedən tikililəri onlara nə dərəcədə aid etmək olar? Hər iki söz barədə mənbələrə də baxdım. “Azərbaycan dilinin izahlı lüğəti”ndə stela sözünü tapa bilmədim. “Obelisk” (yun. obelisikos) “yuxarı getdikcə nazikləşən yonulmuş daş sütundan ibarət abidə” kimi izah olunub. 1958-ci ildə çap olunmuş “Memarlıq, inşaat və təsviri incəsənət terminləri lüğəti”ndə “stela” sözünün mənası “başdaşı” kimi verilib. “Rusca-Azərbaycanca lüğət”də stela yazısı olan daş plitə ya da sütun; obelisk isə sütun şəklində daş abidə kimi tərcümə olunub.
Nəhayət, 1994-cü ildə çap olunmuş Azərbaycan Sovet Ensiklopediyasının IX cildində “stela” sözünü tapa bildim. “Stela (lat. stela; yun. stele - sütun) - şaquli qoyulmuş kitabəli, yaxud relyef təsvirli daş lövhə. Qədim dünyada (xüsusilə antik Yunanıstanda) stela qəbirüstü abidə kimi, eləcə də hər hansı bir hadisəni (məsələn, yeni qanunu) əbədiləşdirmək məqsədilə qoyulurdu. Müasir incəsənətdə stela formasında müxtəlif məqsədli abidələr yaradılmasında da istifadə edilir”. Ensiklopediyanın VII cildində “obelisk” sözü belə şərh olunur: “Obelisk (yun. obelisikos, hərfi mənası - kiçik şiş) - yuxarıya doğru getdikcə itiləşən, piramida formalı ucu olan tilli sütun. O, adətən daşdan yonulur və kəsikdə çox zaman kvadratşəkilli olur. Qədim Misirdə yayılmış obelisk saray və məbədlərin qarşısında abidə kimi qoyulurdu. O, geniş yayılmış xatirə abidəsi və monument tipidir”.
Stela işarə verən, əlamət göstərən bir tikilidir. Bu baxımdan qeyd etdiyim tikililəri stela adlandırmaq olar. Lakin stela adətən şəhərlərin mərkəzində qurulur. Qalibiyyəti bildirən bir əlamətdir. İstanbulda Misirdən gətirilmiş bir stela var. Bu tikili Osmanlı sultanının Misiri fəth etməsinin tarixi nişanəsi kimi qoyulub.
Bu məsələ üzərində xeyli düşündükdən sonra belə qərara gəldim ki, “Mədəniyyət” qəzeti vasitəsilə memarlıq və şəhərsalma, tarixi abidələrlə məşğul olan mütəxəssislərə, eləcə də dilçi alimlərə, tarixçilərə müraciət edim. Yekun nəticəyə sizinlə birlikdə gəlmək istəyirəm: bu tikililəri necə adlandırmalıyıq?

Sabir Tağıyev,
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu memarlıq abidələrinin qorunması və
bərpası problemləri şöbəsinin böyük elmi işçisi, dosent