Tolerantlıq, əsrlər öncə olduğu kimi, bu gün də Azərbaycan xalqını dünyaya tanıdan böyük mənəvi dəyərdir

“Hər xalqın öz adət-ənənəsi, milli-mənəvi və dini dəyərləri var. Xalqımız yüz illərlə, min illərlə milli-mənəvi dəyərlərimizi yaradıb. Biz bu dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi qorumalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il 14 avqust tarixli bəyanatından götürülmüş sözlər bu gün daha da aktualdır. Çünki 14 il öncəyə nisbətən çağdaş dünyada qloballaşma rüzgarı daha sürətlə əsir və bunun qarşısında ayrı-ayrı xalqlar üçün milli eyniyyəti, milli dəyərləri qoruyub saxlamaq daha çətin olur. Qloballaşma inteqrasiya, ölkələri, coğrafiyaları bir-birinə bağlayan proses olaraq nə qədər proqressiv görünsə də, özü ilə gətirdiyi fəsadlar xüsusilə müasir informasiya daşıyıcılarının təsiri altında mənəvi dəyərlər üçün bir xeyli neqativ çalar kəsb edir.
14 il əvvəl yuxarıdakı bəyanat səslənən zaman ölkə qəzetlərində böhtan, təhqir, mənəvi aşınma mətbuatın maarifçilik, obyektiv informasiya daşıyıcısı kimi missiyasını xeyli üstələmişdi və ulu öndər bu sözlərlə öz narahatlığını da dilə gətirmişdi. Sonrakı illərdə qanunvericilik sahəsində tənzimləmələr, jurnalistikanın məsələyə daha həssas yanaşması sayəsində bu vəziyyət qismən aradan qalxdı. İndi isə elektron medianın inkişafı, sosial şəbəkələrin əhatə dairəsinin genişlənməsi milli-mənəvi dəyərlərə və etik normalara bu müstəvidə daha çox diqqət ayrılmasını zəruri edir. Sözsüz ki, bu məsələdə hər şeyi qanunla nizamlamaq mümkün deyil. Ondan daha ziyadə ictimai şüurun həssaslığıdır. Bəzən mənəviyyata və əxlaqa tərs davranışa göstərilən ictimai qınaq qanun və inzibati tənbehdən daha təsirli olur.

Qlobal çağırışlar və
milli-mənəvi dəyərlər

Müasir dünyada hər bir xalq qurduğu dövlətin iqtisadi, siyasi gücü ilə yanaşı, həm də zamanın süzgəcindən keçirib gətirdiyi mədəni irsi ilə tanınmaq, nümunə olmaq istəyir. Milli irsin mühüm göstəricilərindən biri isə mənəvi dəyərlər toplusudur. Bu gün, zor-xoş demək olar ki, bütün ölkələrin qoşulduğu inteqrasiya prosesi ikitərəfli yoldur: bir tərəfdən, öz irsimizi tanıdırıqsa, digər yandan, dünyadakı dəyərləri əxz edirik. Önəmli olan bu prosesdə milli eyniyyəti itirməmək, əksinə, öz dəyərlərini bəşəri meyarlarla zənginləşdirməkdir.
Prezident İlham Əliyev bununla bağlı demişdir: “Bu gün bizim qarşımızda yeni çağırışlar dayanır. Bu gün əsas prioritetlərdən biri milli adət-ənənələrimizin təmin olunması şərti ilə Azərbaycanın dünyada gedən proseslərə qoşulması, dünya birliyinə inteqrasiya etməsidir. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, biz öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır”.
Mənəvi dəyərlər xalq üçün, cəmiyyət üçün özünütəsdiq, özünüqoruma meyarıdır. O korşaldıqda xalqın yad təsirlərə, simptomlara daxili müqaviməti də zəifləyir. Təsadüfi deyil ki, 23 may 2007-ci il tarixli Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında mənəvi dəyərlərimizin qorunması mühüm istiqamət (maddə 4.3.3.) kimi qeyd olunub.
Qarşımızdakı qlobal çağırışlara yenilməmək üçün, ölkə başçısının da qeyd etdiyi kimi, milli “mən”imizi dünyaya layiqincə təqdim etməyi, mənəvi dəyərlərimizin mütərəqqi dünya dəyərləri ilə bitkin sintezinə nail olmağı bacarmalıyıq. Bunun üçün isə başlıca şərtlərdən biri Azərbaycan xalqının ruhundan, irsindən keçib gələn mənəvi irsin, məfkurənin yaşadılmasıdır.
Yaşadığımız tarix bizə görk olub ki, xalq, cəmiyyət rasional məfkurə oriyentirlərdən məhrum olduqda, yaranmış boşluq müxtəlif süni ideologiyaların qarışığı ilə dolur və bu, öz növbəsində, mənfi nəticələr doğurur. Müstəqilliyinin ilk illərinin təcrübəsi buna sübutdur. Uzun illər hakim olmuş kommunist ideologiyasının süqutundan sonra yeni qurulan dövləti kortəbii şəkildə, ictimai şüuru məfkurə baxımdan sterilizə edərək idarə etməyin hansı fəsadlar doğurduğunu yaxşı xatırlayırıq. Məhz buna görə də ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra müstəqil dövlətin siyasi, iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən məfkurəyə də müstəsna diqqət ayırdı. Xalqımızın ənənələrini, dəyərlərini özündə inikas etdirən azərbaycançılıq bu baxımdan milli və bəşəriliyin dolğun məcmusudur.
Bu gün dünyanın ən böyük mənəvi ehtiyacı qarşılıqlı şəfqət, xeyirxahlıq, səndən fərqli olanı özündən biri kimi görmək, anlaşma, dialoq qurmağı bacarmaqdır. Bu dəyərlərin hamısı tarixən bu torpaqda, son tikəsini qonşusu, müsafiri ilə bölüşəcək qədər alicənab və qonaqpərvər olan Azərbaycan xalqının mənəviyyatında təşəkkül tapmışdır. Bu gün dünyanın dörd yanından tədqiqatçılar, siyasilər, dövlət adamları tolerantlıq mühitinin nümunəsini görmək, dialoq yollarını qovuşdurmaq, mədəniyyətləri paylaşmaq üçün bu torpaqda bir araya gəlirlər. Məgər bu təsadüfdürmü? Əlbəttə, deyil. Çünki tariximizdə zamanın sınağından keçmiş bir mənəviyyat qatı var.

Əsrlərdən gələn səs

“Qəlblər yaxşılıq edənə doğru məhəbbətlə meyl edər. Yaxşılıq, barışmaq məhəbbətdən yaranar. Bir-birinizlə paylaşın və bir-birinizi sevin” - bu sözləri altı yüz il öncə bu torpaqda yaşayıb-yaratmış böyük sufi filosofu Seyid Yəhya Bakuvi deyib. Azman mütəfəkkir insanları dostluğa, ilahi eşqdən qaynaqlanan sevgi və anlaşmaya bu sözlərlə çağırırdı. Bu, çağdaş zamanın istilahı desək, tolerantlığa çağırış idi.
Altı əsr sonra Bakuvinin ideyaları qarşılıqlı hörmətə, şəfqətə, barışa ehtiyac duyan bu dünyamızda aktual və yenidir. Onun bəşəriyyətə səsləndiyi bu şəhər, bu torpaq da, əsrlər öncə olduğu kimi, dünyaya tolerantlıq nümunəsidir, sivilizasiyaların uzlaşdığı məkandır. Çünki tolerantlıq qarşılıqlı anlaşmanı, dözümlüyü, “özünə rəva bilmədiyini başqasına arzu etmə” kimi çağırışları ehtiva edən bəşəri dəyərdir. Bu dəyərlər, bu ilahi çağırış bütün səmavi dinlərin kitablarında var. Bütün müqəddəs kitablarda başqalarının inanclarına hörmətlə yanaşmaq təbliğ olunur. Deməli, doğulduğu andan insanların, formalaşdığı zamandan xalqların xislətində təbiətən bu dəyərlər olmalıdır. Amma deyil. Niyə? Çünki Yaradanın bizə verdiyi xislətin zamanla, dövrlə aşınmaması üçün o insanlara, xalqlara nəcib yol göstərən müdriklər olmalıdır. Bakuvi kimi bəşəriyyət ziyaları, yaradılanı Yaradana görə sevən ruh sahibləri bu torpaqda zaman-zaman olub. Ona görə də bu torpaq, xalqımız müxtəlif inanclara, fərqli mədəni miraslara hər zaman açıq olub.
Miladdan öncə bu yerlərdə atəşpərəstliyi, zərdüştlüyü yayan kahinlər məskən salmışdılar. Miladdan sonra İsa peyğəmbərin həvarisi Varfolomey məsləkdaşları ilə buraya gəlib çıxdılar. Dünyanın ən qədim kilsələrindən biri (Kiş məbədi) Azərbaycandadır. Sonra uca Yaradanın sonuncu peyğəmbərlə bəşəriyyətə göndərdiyi İslam dini bu torpaqda yayıldı. Dünyanın ən qədim məscidlərindən biri 743-cü ildə Azərbaycanda, Şamaxıda ucaldıldı. Qərinələr bir-birini əvəzlədi, Bakı İpək Yolunun üzərində ticarət mərkəzinə çevrildi, Xəzər sahilindəki şəhərə Şərqdən və Qərbdən gələn karvanlar, Cənubdan və Şimaldan yan alan gəmilər özləri ilə fərqli mədəniyyətləri, insanları gətirdi. Hindistandan gələn zəvvarlar burada qədim atəşpərəstliyin yeni odunu yandırdılar. Avropada dini təqiblərdən qaçan yəhudilər - musəvilər buraya pənah gətirdilər. Rus tacirləri hələ XVIII əsrdən burada məskən salmışdılar. XIX əsrdə Azərbaycana böyük alman icması gəldi. XIX əsrin sonunda Bakıda başlanan neft bumu dünyanın müxtəlif yerlərindən insanları buraya çəkib gətirdi. Məscidlərlə yanaşı, alman kirxası, polyak katolik kilsəsi, yəhudi sinaqoqu, pravoslav məbədləri inşa edilirdi.
Bakı bütün bu mədəni müxtəlifliyi bir araya gətirərək XX əsrin əvvəlində, yenə bu gün dəbdə olan ifadə ilə desək, multikulturalizmin mərkəzinə çevrilmişdi. Minbərlərdən ucalan azan sədasının kilsə zənglərinin səsinə qarışdığı, muğam zəngulələri ilə klassik musiqinin həmahəng olduğu, Avropa memarlığı ilə Şərq üslubunun bir-birini əvəzlədiyi şəhər. Üzeyir bəyin müsəlman Şərqinə bəxş etdiyi ilk opera da 1908-ci ildə burada meydana gəldi. Azərbaycanın musiqi dühası Avropadan klassik opera üslubunu əxz etdi, əvəzində dünyaya muğam operası kimi yeni janrı bəxş elədi. Bu, Şərq və Qərb mədəniyyətlərinin dialoqu, dəyərlərin qovuşması idi.
Azərbaycan xalqının mənəviyyatında hər zaman aparıcı olmuş tolerantlıq mühiti XX əsrin əvvəlində milli dəyərləri saxlamaqla modernləşmə xətti seçmiş ziyalı fikrimizin məhək daşı oldu. Əli bəy Hüseynzadənin “türkçülük, çağdaşlıq və islamiyyət” məfkurəsi üzərində qurulan Xalq Cümhuriyyəti sivilizasiyalararası dialoqun bir ölkə timsalında təcəssümü idi. Müsəlman dünyasında ilk parlamentli respublika yaradan Azərbaycan xalqı əsrlərlə ziddiyyət girdabında olan Qərb-Şərq münasibətlərinə yeni tarixi örnək verdi.
“Cümhuriyyəti yaratmaq üçün Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Avropada təhsil almış, dünya mədəniyyətini mənimsəmiş insanlar idilər. Onlar milli şüurun oyanmasına, milliliyin yüksəlməsinə böyük xidmətlər etmişlər” - ulu öndər Heydər Əliyev Cümhuriyyətin 80-ci ilində onun qurucularını minnətdarlıq hissi ilə yad etmişdi.

Dəyərləri və mədəniyyəti paylaşaq

Müstəqil Azərbaycan Cümhuriyyətin irsinə sahib çıxıb. XXI əsrdə xalqımızın dünyaya təqdim etdiyi ən böyük milli və eyni zamanda bəşəri dəyər də tarixi tolerantlıq nümunəsi, multikulturalizm örnəyidir. Bu gün Azərbaycan dünyaya dəyərləri, mədəniyyəti paylaşmaq mesajı verir. Altı əsr öncə Bakuvinin bəşər övladlarına xitab etdiyi kimi. Çünki dəyərlər paylaşıldıqca zənginləşir.
2008-ci ildə Azərbaycan Prezidentinin irəli sürdüyü “Bakı prosesi” təşəbbüsü artıq mədəniyyətlərarası dialoqda beynəlxalq platformaya çevrilib. Bugünlərdə Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumumun devizi də eyni idi: “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq”.
Prezident İlham Əliyev Forumdakı nitqində bu məqamı xüsusi vurğuladı: “Azərbaycan xalqları, sivilizasiyaları bir araya gətirməyə çalışır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu, bizim böyük sərvətimizdir. Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meylləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”.
Paylaşılan dəyərlər tükənməz zənginlikdir. Dəyərləri paylaşmaq həm də bəşəriyyətin gələcəyi naminə daşıdığımız məsuliyyəti bölüşmək deməkdir.

Vüqar Əliyev

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar