Bir musiqi məktəbinin uğur mənzərəsi

Bakı şəhərində gözdən əlil uşaqlar üçün 38 nömrəli ixtisaslaşdırılmış onbirillik musiqi məktəbi fəaliyyət göstərir. Qapılarını açdığı 1980-ci ildən indiyədək məktəbi mindən artıq şagird bitirib. Burada fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik ixtisasları üzrə I və II qrup əlilliyi olan şagirdlər təhsil alır.

Məktəbin direktoru Əsad Əliyev 2014-2015-ci təhsil ilinin yekunları barədə danışdı. Onun sözlərinə görə, tədris ili bir çox uğurlarla yadda qalıb: “Ötən il oktyabrın 14-də Moskvada keçirilən VI “Ağ çəlik” (“Belaə trostğ”) beynəlxalq xeyriyyə festivalında şagirdimiz, vokal ifaçısı Xatirə Hacıyeva diplomant adını qazandı. MDB ölkələrinin qatıldığı festivalın məqsədi görmə qabiliyyəti zəif olan uşaqlar arasında istedadların müəyyənləşdirilməsi və onların yaradıcılığına stimul verməkdir. Bu il məktəbimizin xor kollektivi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən geyimlər alındı. Həmçinin 20-25 aprel tarixində Türkiyənin İstanbul şəhərində əlil uşaqların “Gülən uşaq” adlı beynəlxalq festivalında iştirakımız təmin edildi. Onu da qeyd edim ki, 2007 və 2008-ci illərdə də biz Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu festivalda iştirak etmişdik. Şagirdlərimiz festivaldan medal və diplomlarla qayıtdılar. Bu il Üzeyir Hacıbəylinin 130 illiyi ilə əlaqədar keçirilən ümumrespublika festivalında məktəbin şagirdləri Məhəmməd Abışov və Nurlan Əhmədov solo ifaçılıqda fərqlənərək mükafatlandırıldılar”.
Həmsöhbətimiz bildirdi ki, dövlətin göstərdiyi yüksək diqqət və qayğı ilə yanaşı, məktəbin pedaqoji kollektivi də bu yolda istedadlara dəstəyini əsirgəmir: “1988-ci ildə internatı bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul oldum. Sonra isə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını bitirdim və burada müəllimliyə başladım. 2008-ci ildən məktəbə rəhbərlik edirəm. Çalışıram ki, gözdən əlil uşaqlar professional təhsil alsın. Çünki mən özüm də bu çətinlikləri keçmişəm və bu dərdi yaşayıram. Məktəbimizdə tar, kamança, qarmon, fortepiano, nağara, xanəndəlik ixtisasları tədris edilirdi. Ötən il skripka sinfinin açılması məktəbimiz üçün sevindirici hadisə oldu. Növbəti tədris ilində kanon sinfinin açılması üçün müraciət etmişik və inanırıq ki, bu sinif də fəaliyyət göstərəcək. Bir də məktəbdə sinif çatışmazlığı var və bu barədə nazirliyə müraciət etmişik. Müraciətimiz nəzərə alınıb, yəqin ki, yaxın gələcəkdə siniflərin də sayı artırılacaq, məktəbimizdə nəfəsli və simli alətlərin digər növləri üzrə də tədris apara biləcəyik”.
Əsad Əliyev qeyd edir ki, digər məktəblərdən fərqli olaraq burada çalışmaq daha məsuliyyətli və çətindir: “Müəllimlərimiz böyük həvəslə işləyirlər. Onların arasında da gözdən əlillər var və bu sahədə daha peşəkar sayılırlar, çünki həmin yolu özləri də keçiblər. Gözdən əlilliyi olan uşaqlara istər valideynlərin, istərsə də cəmiyyətin xüsusi qayğısı olmalıdır. Məktəbi bitirən şagirdlərimiz musiqi sahəsini seçirlərsə, onlar ali və orta ixtisas məktəblərində təhsillərini davam etdirirlər. Bu il məktəbimizin tar sinfini bitirən şagirdimiz Səməd Sultanlı sənədlərini Milli Konservatoriyaya verib. İnanırıq ki, o qəbul olunaraq öz təhsilini davam etdirəcək. Ümumilikdə bu il 37 şagirdimiz məzun oldu və onların hər birinə gələcək həyatlarında uğurlar arzulayırıq”.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar