Azərbaycanda sosial dövlətin ilk təzahürü qaçqın və məcburi köçkün soydaşlarımıza münasibətdə özünü göstərir

“Biz əlimizdən gələni edirik ki, Azərbaycanın qaçqın və məcburi köçkünlərinə yardım göstərək. Bizim edə biləcəyimiz bu insanlara müəyyən qədər yardım göstərməkdir. Amma yerlərindən didərgin düşmüş insanların problemlərini həll edə bilmərik”.
BMT-nin Qaçqınlar üzrə ali komissarı Sadako Oqata bu sözləri Bakıda bəyan edəndə 1999-cu ilin sentyabrı idi. Qarabağ münaqişəsinin 10 ili arxada qalmış, cəbhədə atəşkəsin əldə olunmasından 5 il ötmüşdü. Yurd-yuvasından didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı ağır həyat şərtləri içində yaşayırdı. Ölkə 90-cı illərin əvvəlində düşdüyü dərin böhrandan çıxsa da, geniş sosial proqramlar həyata keçirmək, o cümlədən qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün hələ yetərli imkanlar yox idi.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq donorlar 1993-cü ildən Azərbaycanda fəaliyyətə başlamışdı. Göstərilən yardımlar məhdud sayda insanın cüzi tələbatını ancaq ödəyirdi. Çünki başqa ölkələrdə də münaqişələr, didərginlər var idi, 90-cı illərdə dünya üzrə bu qəbildən insanların sayı 30 milyona çatmışdı. Ali komissar Oqata Bakıda bunu xatırlatmaqla əlavə imkanlarının olmadığını da etiraf etmişdi.
Əslində, xanım Oqatanın etirafı olmadan da hər şey aydın idi. Azərbaycan rəhbərliyi bu gerçəyi nəzərə alaraq zəruri tədbirlər görməyə başlamışdı. Prezident Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanda qaçqın və köçkünlərin məskunlaşma şəraitinin yaxşılaşdırılması, əlavə sosial güzəşt və müavinətlər, dövlət ali məktəblərinin ödənişli bölmələrində pulsuz təhsil və s. məsələlər əksini tapmışdı.

Uzaqgörən neft strategiyasının sosial üfüqləri

1999-cu ildə Bakı-Supsa kəməri işə salındı və növbəti ildən ölkəyə neft gəlirləri gəlməyə başladı. Həmin il Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı və burada toplanan vəsait ilk növbədə qaçqın və köçkünlərin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına yönəldildi. Prezident Heydər Əliyevin 2001-ci il 22 avqust tarixli fərmanı ilə Ermənistandakı tarixi torpaqlarından didərgin düşmüş insanlar üçün Goranboy rayonu ərazisində (Ağcakənd) yeni qəsəbələr inşa olundu və 2002-ci ildə istifadəyə verildi. Ermənistanın işğal etdiyi ərazilərdən köçkün düşmüş 700 minədək soydaşımızın həyat şəraiti dövlətin qarşısında duran əsas məsələ idi. Bu insanlar respublikanın 60 şəhər və rayonunda 1500-ə yaxın məntəqədə müvəqqəti sığınacaq tapmışdı. 12 minə yaxın ailə çadır düşərgələrində, 1400 ailə yük vaqonlarında xüsusilə ağır vəziyyətə yaşayırdı. Ulu öndər Heydər Əliyev həmin məkanlara dəfələrlə baş çəkmişdi. Onların məskunlaşdırılması daha geniş tədbirlər və böyük vəsait tələb edirdi. 2001-ci il 7 sentyabr və 2002-ci il 13 may tarixli fərmanlar ilə Füzuli rayonundan olan məcburi köçkünlər üçün bu rayonun işğaldan azad edilmiş ərazisində və Cəbrayıl rayonundan olan köçkünlər üçün Biləsuvar rayonunda yeni qəsəbələr salınmağa başlandı.
2002-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli atıldı və qarşıda böyük neft gəlirlərinin perspektivi vardı. Öncəlik olaraq çadır düşərgələrini Azərbaycanın xəritəsindən silmək üçün sosial-iqtisadi tədbirlərə başlamaq lazım idi. Bu missiya Prezident İlham Əliyevin üzərinə düşdü. Hələ baş nazir postunda olarkən, 2003-cü ilin prezident seçkiləri öncəsi Biləsuvar rayonunda 2560 məcburi köçkün ailəsi üçün inşa edilmiş 5 qəsəbənin açılışında iştirak edən İlham Əliyev bu məqsədi bəyan etmişdi. Prezident postunda imzaladığı sosial-iqtisadi inkişafa dair ilk fərmanın (24 noyabr 2003) əsas müddəaları da məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı idi.
Qeyd edək ki, həmin dövrədək, yəni 1993-2003-cü illərdə xarici donorlar tərəfindən Azərbaycanın qaçqın və məcburi köçkünlərinə 600 milyon dollar həcmində yardım göstərilmişdi. Bu o dövrün maliyyəsi ilə kiçik rəqəm deyildi, amma nəticə etibarilə bu kateqoriyadan olan məhdud sayda (təxminən 100 min nəfər) insanın minimal ərzaq-məişət təminatından o yana keçmirdi. Bundan artığını gözləməyə də dəyməzdi. Eyni zamanda xaricdən humanitar proqramın illərlə davam etməsi bir tərəfdən Azərbaycan dövlətinin imici (yardıma möhtac), digər tərəfdən qaçqın və köçkün vətəndaşlarımızın sosial statusu (ələbaxanlıq) üçün natamamlıq kompleksi doğururdu. Bədnam qonşularımızın sözdə müstəqilliklərinin 24-cü ilində də xaricdən yardım, kredit, ianə hesabına yaşadığını göz önünə gətirsək, bu mənzərənin bir dövlət üçün nə qədər aşağılayıcı olduğunu yəqin edərik. Azərbaycan isə artıq 10 il öncənin zəif bir ölkəsi deyildi. Ölkə dinamik inkişaf relsinə çıxmışdı və sosial baxımdan ən həssas durumda olan vətəndaşlarına layiqli həyat şəraiti yaratmaq gücündə idi.
Prezident İlham Əliyevin 2004-cü ilin fevralında «Azərbaycanda humanitar fəaliyyət: qazanılmış təcrübə və gələcək istiqamətlər» adlı beynəlxalq konfransda çıxışı ötən 10 ilə yekun vuraraq gələcək prioritetləri elan da etdi: “Neft Fondunda yığılan ilk vəsait qaçqınların və köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir. Çünki bu bizim üçün öncül məsələdir. Məqsədimiz budur ki, Azərbaycanda bir dənə də olsun, çadır şəhərciyi qalmasın. Amma bununla kifayətlənməməliyik. Yataqxanalarda, yararsız binalarda, köhnə pansionatlarda yaşayanlar üçün də tədbirlər görəcəyik”.

Ölkənin xəritəsindən boz ləkələr silindi

2004-cü il iyulun 1-də “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edildi. Sənəddə müvəqqəti çadır düşərgələrinin ləğvi ilə yanaşı, “fin evləri”ndə, tikintisi yarımçıq qalmış və yaşayış üçün yararsız binalarda məskunlaşmış köçkünlər üçün qəsəbələrin inşası, Bakıda və digər şəhər-rayonlarında yataqxana, məktəb binaları, sanatoriya və s. yerlərdə məskunlaşmış əhalinin sosial şəraitinin yaxşılaşdırılması tədbirləri yer almışdı. İlkin olaraq 2004-2007-ci illəri əhatə edən, daha sonra 2007 və 2011-ci illərdə müvafiq əlavələr olunan proqram Azərbaycanda sosial müstəvidə miqyası görünməmiş kompleks fəaliyyət sənədi idi.
Proqramda köçkünlərin məşğulluq məsələləri (kiçik emal, çörək, xalçaçılıq sexlərinin tikintisi və s.) də əksini tapmışdı. Həmin dövrdə ölkə üzrə yoxsulluq səviyyəsi 45 faiz, köçkünlər arasında isə 70-75 faiz idi. Bu gün məcburi köçkünlər arasında yoxsulluq səviyyəsinin 10 faizə enməsi həmin tədbirlərin nəticəsidir.
Dövlət Proqramının birinci mərhələsi üzrə Ağdam və Ağcabədi rayonları ərazisində 13 qəsəbə (3860 ev) inşa edildi. 2007-ci ilin sonunda Saatlı və Sabirabad rayonlarındakı son 3 çadır düşərgəsi ləğv edildi. Biləsuvar və Füzuli rayonları ərazisində inşa edilən qəsəbələrə ümumilikdə 4200 ailə (o cümlədən İmişlidə yük vaqonlarında məskunlaşmış 700 ailə) köçürüldü.
2007-ci ildən bölgələrlə bərabər paytaxtda da yaşayış üçün yararsız məkanlarda məskunlaşmış köçkünlər üçün qəsəbələrin inşası intensivləşdi. Sabunçu rayonunda, Ramana qəsəbəsi yaxınlığında, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında salınan qəsəbələr buna nümunədir.
Ümumilikdə indiyədək 46 mindən çox qaçqın və məcburi köçkün ailəsi (230 mindən çox insan) üçün 90 qəsəbə salınıb ki, bunun da 85-i son 11 ildə inşa edilib. 2014-cü ildə 4450 ailə, bu ilin əvvəlindən Mingəçevirdə və Bərdədə 1200-dək köçkün ailəsi üçün yeni komplekslər istifadəyə verilib.
2014-cü ildə bu insanların sosial problemlərinin həllinə büdcədən və Dövlət Neft Fondundan 600 milyon dollar vəsait xərclənib. Xatırladaq ki, 2003-cü ilədək, yəni 10 ildə xarici donorların məcmu yardımı məhz bu qədər olmuşdu. Bu sadə statistika, digər təfərrüatları ilə bərabər, Azərbaycanda güclü sosial dövlətin təşəkkül tapmasının göstəricisidir.
Yeni qəsəbələrdə zəruri sosial infrastruktur yaradılıb, 145 məktəb, 50 klub-mədəniyyət evi, 6 musiqi və 1 incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 56 uşaq bağçası, 55 tibb məntəqəsi inşa edilib.

Cəbhə xəttindəki mədəniyyət ocaqlarımız

Prezident İlham Əliyev Ağdam və Füzuli rayonlarının işğal altında olmayan ərazilərinin sosial-iqtisadi dirçəlişinə xüsusi önəm verir. Dövlət başçısının bu bölgələrə hər səfəri yeni sosial obyektlərin, mədəniyyət ocaqlarının, istirahət guşələrinin açılışı ilə yadda qalır. Torpaqlarımızı işğal altında saxlamaqla faktiki heç nəyə nail olmayan düşmənlər üçün Azərbaycanın iqtisadi inkişafının cəbhə xəttinədək gedib çıxmasını seyr etmək əsl gözdağıdır.
Paytaxt Bakıdan (2009) sonra ölkəmizdə ən gözəgəlimli muğam mərkəzi cəbhə xəttinin bir neçə kilometrliyində, ölməz Seyidin torpağında, Horadizdə (2010) inşa edildi. Bu sənət ocağının divarları arasından ucalan “Qarabağ şikəstəsi”nin sədaları “Vətən bağı al-əlvandır” misrasının bir gün səngərin o tayındakı torpaqlarımızda da təcəssüm tapacağına, xarı bülbülün yenə doğma yurdda musiqi bayramına şahidlik edəcəyinə işarədir.
Artıq şəhər statusu almış Horadizdəki yeni mədəniyyət sarayı, tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, Heydər parkı, Gənclər Mərkəzi, şahmat məktəbi və digər tikililər, göylərə ucalan möhtəşəm bayrağımız burada yaşayan insanlara cəbhə xəttindəki müsəlləh əsgərlərimizin varlığı qədər əmin-arxayınlıq gətirir. On il köçkün həyatı yaşadıqdan sonra doğma yurda qayıdan və bu gün Horadiz Mədəniyyət Sarayında hər cür şəraitlə təmin olunan Füzuli Dövlət Dram Teatrının kollektivi də yeni tamaşalarla sənətsevərlərin görüşünə gəlir.
Ağdam rayonunun işğal altında olmayan kənd və qəsəbələri də dövlətimizin diqqəti ilə əhatə olunub. Bölgələrimizdəki ən böyük olimpiya idman komplekslərindən biri burada, Quzanlı qəsəbəsində inşa edilib. Quzanlı Mədəniyyət evi əsaslı təmir və bərpa edilərək avadanlıqlarla təmin olunub. Ağdam Dövlət Dram Teatrı burada fəaliyyət göstərir. Qəsəbə kitabxanası da yeni binaya köçürülüb. Yaşayış məntəqələrinin qaz, elektrik, su, digər kommunal təchizatı həllini tapıb. Gecələr nura qərq olan bu yerlərin işıq seli indi zülmət içində olan qərib torpaqlarımıza bir gün gedib çıxacaq. Necə ki, bugünlərdə bölgələrimizi dolanan Avropa Oyunlarının məşəli Füzuli və Ağdam torpağında da alovlanaraq cəbhədən o taydakı gözlərə qığılcım saçdı.
* * *
Sosial dövlət kimi imkanlarını səfərbər edən Azərbaycan öz soydaşlarımızın problemlərinin həlli ilə yanaşı, dünyanın müxtəlif bölgələrində yardım uman insanlara da əl uzadır. Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) humanitar proqramları beynəlxalq dairələrdə təqdirlə qarşılanır.
Yazıya BMT-nin qaçqınlar üzrə ali komissarının 1999-cu ildə dediyi sözlərlə başlamışdıq, qurumun daha bir təmsilçisinin sözləri ilə nöqtə qoymaq istərdik. Ali Komissarlığın Cənubi Qafqaz üzrə regional nümayəndəsi Simone Volken bu sözləri 2015-ci ilin iyununda Bakıda deyib: “Azərbaycanda iqtisadi inkişafın yeni nəticələrini görməkdən şadıq. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ölkənizdə qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində qazandığı təcrübədən yararlanmağa xüsusi önəm verir”.

Vüqar Əliyev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar