Azərbaycanda əsrlər boyu müxtəlif xalqlar, fərqli dini inanclara, mədəniyyətlərə mənsub insanlar dinc yanaşı yaşamış, ölkəmiz tarixən tolerantlıq mühiti ilə tanınmışdır. Prezident İlham Əliyevin sözləri ilə desək, “dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır”. Ölkəmizdə tolerantlıq bu gün də həm dövlət səviyyəsində, həm də müxtəlif ictimai təşkilatlar, dini qurumlar tərəfindən təmin olunur və bu siyasət uğurla həyata keçirilir.
Dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun gücləndirilməsində kitabxanaların da məxsusi rolu var. Bu mədəniyyət, elm və təhsil məbədləri həmişə tolerantlıq nümunəsi olmuşlar. Milliyyətinə, dininə, dilinə fərq qoymadan çoxsaylı oxuculara xidmət göstərmiş, müxtəlif xalqların etiqad, mədəniyyət, düşüncə tərzi, məişət və əxlaqını dünya ədəbiyyatının ən gözəl nümunələri vasitəsilə təbliğ etmişlər.
1995-ci il noyabrın 16-da UNESCO Baş Konfransının 28-ci sessiyasında "Tolerantlıq prinsiplərinə dair Bəyannamə" qəbul olunmuşdur. Sənədə əsasən, "dözümlülük insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır".
Tolerantlıq bir tərəfdən əxlaqi-etik kateqoriyadırsa, digər tərəfdən müasir dünyada baş verən miqrasiya, qloballaşma, müxtəlif xalqların etnik-dini vahidliyinə dayanır və özlüyündə siyasi kateqoriya hesab oluna bilər. Bu nəzəriyyəni əsaslandıran siyasət - multikulturalizm kitabxanalarda ədəbi-mədəni nümunələrin önə çıxarılaraq xüsusi diqqətdə saxlanılmasını tələb edir. Həmin dəyərlər müxtəlif üsul və vasitələrlə oxuculara çatdırılır, insanlara hörmət etməyi öyrədir, humanizm və dostluq, sülhsevərlik hisslərini aşılayır. Kitabxanalar mədəni irsin qoruyucuları və təbliğatçıları kimi xalqımızın tarixi-etik mədəniyyətini həyata keçirdikləri tədbirlər vasitəsilə geniş oxucu kütləsi arasında yaymağa çalışırlar. İlk növbədə əsas diqqət dünya xalqlarının ədəbi, elmi və mədəni irsini, müxtəlif dini sivilizasiya və cərəyanlar haqqında məlumatı özündə toplayan kitab fondunun təbliğinə yönəldilir. Ənənəvi təbliğat üsullarından istifadə etməklə kartotekalar yaradılır, biblioqrafik göstəricilər, kitab sərgiləri hazırlanır, yeni ədəbiyyatın təqdimatı, ucadan oxular, dəyirmi masalar, ədəbi-bədii gecələr keçirilir. Tez-tez təşkil olunan kitab bayramları da tolerantlığın ən bariz nümunəsidir.
Kitabxanalara kompüter texnologiyalarının daxil olması müasir təbliğat vasitələrindən də istifadəyə ehtiyac yaratmışdır. Elektron məlumat bazaları, elektron sərgilər, elektron təqvimlər hazırlanır, azsaylı xalqların nümayəndələrinin müəllifi olduğu ədəbiyyatların, azsaylı xalqların dillərində olan jurnalların və digər nəşrlərin təqdimat mərasiminin keçirilməsi vacib məsələ kimi ortaya çıxır.
Şərq və Qərb mədəniyyətinin qovşağında yerləşən Azərbaycanda dini tolerantlıq mədəniyyəti həmişə yüksək olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsi ölkəmizdə bütün dini etiqadların qanun qarşısında bərabərliyini, 25-ci maddəsi isə insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmağın qadağan olmasını bəyan edir.
Kitabxanaların da dini mədəniyyətin aşılanmasında, dini maarifçiliyin yayılmasında iştirakı böyükdür. Onlar islamın tarixi, dini adət-ənənələr, Ramazan bayramı, Qurban bayramı kimi müqəddəs günlər haqqında tədbirlər keçirir, ən zəruri ədəbiyyatı oxuculara çatdırırlar. Bu tədbirlər Azərbaycanın islami dəyərlərə bağlı olduğunu, tarix boyu bu dəyərləri qoruyub saxladığını və ona ehtiramla yanaşdığını bir daha təsdiq edir.
Tolerantlıq əməkdaşlıq, digərlərinin fikirləri ilə razılaşmağa hazır olmaq, insan ləyaqətinə və hüquqlarına hörmət, başqalarının fikir və ideyalarına, davranış və inanclarına dözümlülük, irqçi ayrı-seçkilikdən, zorakılıqdan imtina deməkdir. Bu prinsiplərindən çıxış edən kitabxanalar milli özünəməxsusluğa, dəyərlərə dözümlü şəkildə yanaşmanın tərbiyəsi, kitabla xidmət yerlərində tolerantlığın formalaşdırılması üçün əlverişli mühitin yaradılması, psixoloji komfortluq kimi iş istiqamətlərini müəyyənləşdirir. Kitabxanaların informasiya təminatı və ölkə üzrə kitabxana-informasiya kompüter şəbəkəsinin yaradılması və inkişafı da bu sahədə onların köməyinə çatır.
Cəmilə Səmədova,
Səbail rayon MKS-nin kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması şöbəsinin müdiri