Bu “Müəllim”in yetirdiyi seçilmiş “şagird”lər zaman-zaman onu daha yüksək qiymətləndiriblər. Böyük ingilis dahilərindən Tomas Karleyl: “Bu günün əsl universitetləri kitabxanalardır”, Uilyam Şekspir: “Kitablarım mənimçün kifayət qədər böyük krallıqdır”, Mari Monteqyu: “Mən kitabları yaratmazdan öncə kitablar məni yaratdı”.
Bizim Nəcəf bəy Vəzirov isə onu bütün bəşər şəcərəsinin ortaq yatırı kimi dəyərləndirib: “Kitablar bizi bütün ötən dövrlərin varisi edir”...
...İndi mən bir saatdan çoxdur, bu qədim bilgi fenomeninin yetişdirdiyi mütəxəssislərin ixtiralarından biri olan kompüter monitoru qarşısında oturub, yuxarıdakı “giriş”dən necə “çıxış” haqda fikirləşmədəyəm. Və belə bir qənaətə gəlmədəyəm ki, qarşısında aciz qaldığım bu xoş “dilemma”nın baiskarı elə həmin bu ümumbəşəri elm-irfan Sevgilimizin özüdür; “söz tapmamaq” hadisəsi ən çox sevgili-yar qarşısında baş verir, axı...
Maraqlıdır, biz jurnalistlər ondan öyrəndiklərimiz hesabına hər şeydən və özü də istədiyimiz qədər yaza bilirik, onun özü barədə isə, belə...
Deməli, dünyanın fikir, mühakimə, mülahizə, bilgi-ülgü və sair mənəvi daş-qaşlarını bir-birinə tikib aləmlər bəzəyən bu mənəvi Xəzinə də - əşyavi bənzəri kimi - “hər şeyi bəzər, özü lüt gəzər”?..
“Bütün bəşər müdrikliyinin, müəllifliyinin, müəllimliyinin Müəllimi”, “ümumbəşəri elm-irfan Sevgilimiz” adlandırdım Kitabı. Lakin, Mirzə Ələkbərin məlum qəhrəmanının öz ağbirçək “Xanbacı”sına xitabən ərz etdiyi “Nə bilirdik nə zəhrimardı kitab”a münasibət ovaxtdan buvaxta tamammı dəyişib? Yaxud, rəhmətlik dahimizin öz dili, ecazkar inkar qoşularından biri ilə desək, “amma, ancaq, leyk və əfsus”, -
Fərqindəyikmi ki; -
“internet” adlı texno-“əğyar” peyda olandan bəri, bu vəfalı tarixi Yarımıza dönük çıxmışıq?..
Bütün kababxanaları, pivəxanaları, şərabxanaları və burda adlarının çəkilməsi belə caiz bilinməyən digər xanə-xarabları tanıyan taksi sürücülərimizin çox azı tanıyır kitabxanalarımızı...
Ali təhsil ixtisası gözaltılama, test ixtisasları seçmə məqamlarında övladlarına “hüquqşünaslıq!”, “şərqşünaslıq!”, “jurnalistika!”, “maliyyə-kredit!” nidalayan valideynlər içərisində “kitabxanaçılıq fakültəsi” pıçıldayanlar yox...
Hər gün, hər saat rastlaşdığımız neqativ insan münasibətlərinin, ailə-məişət münaqişələrinin, valideyn-övlad mübahisələrinin kitabdanxalilik “elmi” ilə də əlaqədar olduğunu əksəriyyət bilmir...
Qızlarımızın ər evinə apardığı - iki-üç ümumi (obşi!) dəftərə sığışmayan çölübəzək cehiz aksesuarları içərisində içihikmət bir barat (“Quran”dan tutmuş “Anamın kitabı”nadək) görünməz...
Məşhur “əvvəl ev, sonra lənmək” replikasına rəğmən, hər yarağı hazır oğlanlarımız ailə həyatına hazırlanarkən çox maza-matlar söyləyən ata-ana, qohum-əqrəba dilindən “Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni” kimi ilahi misralar xəzinəsindən, “Görüm ayılmasın gec ayılanlar!” sayaq milli hicranlar cəzirəsindən heç nə eşidilməz...
İctimai-direktiv fəaliyyətlərini, şəxsi həyatlarını Kitabın dəyər təbliğinə, kitabxanaların inkişafına, kitabxanaçıların gün-güzəranlarının yaxşılaşmasına sərf edənlərə nəinki “bərəkallah” deyilər, hətta bəzən, bığaltı qımışılar...
Bütün bu kəskin-küskün notlara baxmayaraq, ruhumuzda belə bir qənaət hakimdir ki, müstəqilliyimizin qazanılması prosesində, ölkəmizin müasir hərtərəfli mənzərəsində heç də az rol oynamamış KİTABa hörmət layiqincədir. Elə paytaxtımızda keçirilən növbəti möhtəşəm tədbir - IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası da bunu təsdiq edir. Bu barədə qəzetimizdə geniş və ətraflı bəhs edildiyindən, bu köşəvari yazıda, həmin tədbirin və ümumən elm-irfan dünyasının əbədi baş qəhrəmanı haqda dünya mütəfəkkirlərindən -
Seçmələr
Böyük fransız filosof Klod Adrian Helvetsinin dediyi “İnsanlar kimi, kitablar arasında da yaxşı və pis cəmiyyətin içinə düşmək mümkündür” fraza belə mövzumuzu xeyirinə işləyir. İngilis filoloqu İsaak Barrou isə bu qiymətli xəzinəyə münasibətdə bizim “əldən qalan əlli il qalar” zərb-məsəlimizdən çıxış edir: “Yaxşı kitabları bu gün oxuyun, - sabah vaxtınız olmaya bilər”. Həmin ölkənin görkəmli yazıçısı və siyasi xadimi Bulver Littonun fikirləri “kəskinliyilə” də fərqlənir: “Qanunlar nə vaxtsa ölə bilər, kitablar - heç vaxt!” Onların həmyerlisi Frensis Bekon daha obrazlı deyib: “Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir gəmisidir”. R.Dekartın “Dəyərli kitabları oxuyan dəyərli insanlarla görüşmüş kimi olur” fikri adamda xəyalən neçə-neçə dahilərlə görüşmə assosiasiyası yaradır...
Bu “ağır” fikirlərdən növbəti informativ bəhsə keçidədək bizim xeyli dərəcədə mental hesab ediləsi baxışlarımıza diqqət yetirək. Belə ki, biz kitaba münasibət məsələsində insanları, əsasən, belə təsnifatlaşdırırıq: kitab oxumayan; kitabı sevsə də, mütaliəyə tənbəllik edən; kitabxanasını ağzınadək doldurma hobbisi olub, heç topuğunadək də oxumayan; sərf edəni oxuyan; yalnız çoxluğun oxuduğuna göz gəzdirən və s.
Keçək yuxarıdakı vədimizə. Maraqlı deyilmi ki, kitab çapçılığı Şərqdə yaranıb? VIII əsrin ilk onilliklərində Koreyada, sonra Çində və Yaponiyada. Avropada kitab çap üsulu çox sonralar meydana gəlib. 1440-cı ildə alman ixtiraçısı Yohan Qutenberq Qərbdə kitab çapının əsasını qoyub. 1465-ci ildə İtaliyada, 1468-ci ildə İsveçrədə, 1470-ci ildə Fransada, 1473-cü ildə Belçika, Macarıstan və Polşada, 1474-cü ildə İspaniyada, 1476-cı ildə Çexiyada, İngiltərədə və s.
Nəhayət, salam və hər şeyə, xüsusən bu yazımı başa vurmaqda əvəzsiz yardımına görə, sağ ol, KİTAB!..
Tahir Abbaslı