Yaxşı tanıdığım, elmi-tədqiqat fəaliyyətini yüksək qiymətləndirdiyim və şəxsiyyətinə həmişə hörmətlə yanaşdığım ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru Adilxan Bayramovun “Sənət, sənət məbədləri, sənət fədailəri” kitabını birnəfəsə oxudum.

Kitab milli dəyərlərimiz olan muzeylərdən və muzey qurucularımızdan, səhnə ustalarımız və sənət fədailərimizdən, Tiflis Azərbaycan teatrının yetirməsi olmuş sənətkarlardan, bu teatrla sıx yaradıcılıq əlaqəsində olmuş görkəmli şəxsiyyətlərdən bəhs edən, zəngin etnoqrafik müşahidələr əsasında qələmə alınmış məqalələrdən, ayrı-ayrı kitablara yazılmış rəylərdən ibarətdir.
Müəllifin milli dəyərlərimiz olan xalçalarımız, Səməd Vurğunun sənət dünyası, muzeylərimizə diqqət, cansız əşyaların yaddaşa çevrilməsi, müxtəlif tablolarda, əşyalarda və xatirələrdə yaşayan ömürlər haqqında yazdıqlarını diqqətlə oxuyub, qürur hissi keçirdim. Hiss olunur ki, kitabda toplanan məqalələr neçə-neçə illərin gərgin tədqiqatçı əməyinin məhsuludur.
Azərbaycan xalça sənəti xalqımızın tarixi qədər qədimdir və bir çox sənətkarlarımız xalq həyatını həm dərindən bilmiş, həm də bildiklərini öz əsərlərində əks etdirmişlər. Adilxan Bayramov bu barədə yazır: “Səməd Vurğunun əsərlərində də xalça və xalça məmulatlarının adlarına rast gəlirik. Şairin ayrı-ayrı misralarından aydın görünür ki, o, xalçaları xalq həyatı və məişətinin ayrılmaz hissəsi kimi təqdim edir”. Müəllif Səməd Vurğun poeziyasında xalçaçılıq elementlərini üzə çıxarmaqla yanaşı, həm də bu yaradıcılığın xalq həyatı ilə bağlılığını diqqətimizə çatdırır. Səməd Vurğun yaradıcılığını dərindən bilən və mövzuda tədqiqatlar aparan alim ölməz şairin poeziyasını da xalqın yaddaşına köçmüş xalçaya bənzədir. Xalça sənəti isə rənglərin və işarələr sisteminin vəhdəti kimi əbədidir.
Xalça sənətinə, habelə muzeyşünaslıq elminə bələd olan tədqiqatçı öz bilgiləri ilə oxucuları da tanış edir. O, yazır: “Azərbaycanda tarix profilli muzeylərin yaradılması qədim tarixə və mədəniyyətə malik xalqımızın öz keçmişini öyrənmək istəyi ilə bağlıdır”. Tariximizi bilmək, ona sahib olmaq deməkdir. Yaxşı bilirik ki, mənfur qonşularımız daim tarixi saxtalaşdırmaqla, xalqımıza məxsus abidələri öz adlarına çıxmaqla məşğul olurlar. Deməli, biz həm tariximizi, həm də muzeyşünaslıq elmini dərindən öyrənməliyik. Müəllif haqlı olaraq qeyd edir ki, “cansız əşya yaddaşa çevriləndə” biz öz tariximizə qayıdırıq.
Əsl həqiqət budur, muzey eksponatlarını elmi tədqiqata cəlb edilməsi tariximizi öyrənilməsi baxımından xeyirli ola bilər. Kitabda xatirə muzeylərinin spesifikasından da ətraflı danışır. Muzeylərin həm görkəmli şəxsiyyətlərin, həm də həmin dövrün xatirəsini yaşatması xüsusi əhəmiyyət kəsb edir.
Adilxan Bayramov xatirə muzeylərinə həsr etdiyi bölmənin sonunda belə yazır: “Cansız əşya yaddaşa çevrilir, neçə-neçə sənətkarın xatirəsini özündə yaşadır, gələcək nəsillərə ötürür”.
Ədəbi xatirə muzeylərində nümayiş etdirilən hər bir sənət əsəri də ekspozisiyanı zənginləşdirməklə yanaşı, həm də həmin sənətkarın ömrünü yaşadır. Bu baxımdan fotoşəkillər də tarixin vizual yaddaşı rolunu oynayır. Fotolardan alınan təəssürat və informasiya vizual foto baxımdan daha qiymətli hesab olunmalıdır. Fotolar tarixin bir parçasını özündə yaşadır. Müasir dövr informasiya dövrüdür. İnformasiya bolluğunda yaşasaq da, hər birimiz daha dəqiq informasiya axtarırıq. Bu baxımdan mədəniyyət ocaqlarının saytlarının yaradılması müasir dövrün tələbidir: “Bir çox muzeyləri və digər mədəniyyət və incəsənət idarələri öz saytlarını yaratmışlar. Bu saytlarla tanışlıq hamını sevindirir. Çünki saytlardakı tarixi məlumatların dəqiqliyi və bolluğu ilə dünyanın müxtəlif guşələrində tanış ola biləcəklər”.
Buna isə müəllif kimi, biz də sevinirik. Kitabda nəinki Bakıda, eləcə də bölgələrdə fəaliyyət göstərən muzeylər haqqında da geniş tədqiqatçı fikirləri ilə tanış oluruq. Muzeylərimiz və bu muzeyləri yaradanlar haqqında geniş məlumat verilir. XX əsrin əvvəllərində və ortalarında Ağakərim Şərifov, Əhməd Əfəndi Çələbizadə və Kazım Kazımzadə kimi ziyalılar fədakar muzey qurucuları olmuşlar. Bunları isə, etiraf etməliyik ki, çoxlarımız bilmirik. İnanırıq ki, bu kitabla tanış olan hər kəs, xüsusən gənclər muzey sənətinin vacibliyini daha dərindən dərk edər.
Kitabda həmçinin səhnə ustalarımız, sənət fədailərimiz olmuş Mirəli Abbasov, Mirzəxan Quliyev, İbrahim İsfahanlı, İsmayıl Həqqi, Abbas Qurbanov və başqaları haqqında ətraflı məlumat verilmiş və onların çoxşaxəli teatr fəaliyyəti barədə ətraflı tarixi faktlar toplanmışdır. Bu faktların müəyyən hissəsi bəlkə də ilk dəfə çap olunur desəm, yanılmaram.
Görkəmli teatrşünaslarımız İnqilab Kərimov, İlham Rəhimli və başqaları Tiflis Azərbaycan Teatrının ayrı-ayrı nümayəndələri haqqında yazıblar. Lakin Tiflis Azərbaycan Teatrının milli teatrımızın inkişafında rolu hələ də sistemli şəkildə araşdırılmayıb. Adilxan Bayramovun kitabında oxuyuruq: “Azərbaycan teatrı ilə çox yaxından bağlı olan və bir müddət Tiflis Azərbaycan Teatrının baş rejissoru işləmiş Aleksandr Tuqanov bu teatrın tanınmış simaları İbrahim İsfahanlı və Mirzəli Abbasovla birlikdə Mirzəxan Quliyevin də istedadını və fədakarlığını yüksək qiymətləndirmişdir”.
Müəllif Tiflis Azərbaycan Teatrı tarixində iz qoymuş Nadir İbrahimov haqqında da dəyərli məlumatları diqqətə çatdırır. Bildirir ki, Nadir İbrahimov bu truppaya daxil olarkən artıq burada Mirzəli Abbasovla yanaşı Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov kimi ustad aktyorlar, habelə Möhsün Sənani, Əli Qurbanov, Ələkbər Seyfi, Həbib Köçərlinski kimi istedadlı gənclər vardı”.
Bu insan sonralar teatr sənətindən uzaqlaşsa da, onun xidmətləri danılmazdır. Tədqiqatçının haqqında bəhs etdiyi daha bir şəxs Əşrəf Yüzbaşovdur. Müəllif haqlı olaraq qeyd edir ki, Əşrəf Yüzbaşov tədqiqatçıların diqqətini o qədər cəlb etməmiş aktyorlarımızdandır.
Az tanınan daha bir sənətçi haqqında aşağıdakıları oxuyuruq: “Tiflis teatrının tarixinə nəzər salarkən Həbib Köçərlinskinin məhz bu illərdə göstərilən tamaşalarda çıxış etdiyinin şahidi oluruq... Həbib Köçərlinskinin səhnə uğurları, eyni zamanda teatra olan sonsuz məhəbbəti və təbiətin bəxş etdiyi fitri istedadı ilə bağlı idi”.
Kitabda Tiflis Azərbaycan Teatrının qastrol səfərləri haqqında da geniş məlumat verilir. Müəllif teatrın Türkiyə səfəri haqqında danışır və bu qastrolun tarixi əhəmiyyətini xüsusi qeyd edir.
Həmçinin “ilk sənət addımlarını Tiflis Azərbaycan Teatrında atan” sənətkarlar da xatırlanır: Möhsün Sənani, Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı, Əli Qurbanov, Panfiliya Tanailidi, Ələkbər Seyfi, Əbülfət Vəli haqqında maraqlı məlumatlarla rastlaşırıq. Müəllif bu teatrla bağlı olan şəxsiyyətləri də yada salır. Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Hüseyn bəy Mirzəcamalov, Seyid Şuşinski, Əziz Şərif və başqaları bu teatrla, ümumən isə Tiflisin mədəni həyatı ilə sıx əlaqədə olmuşlar.
Topluda Adilxan Bayramovun müxtəlif illərdə ayrı-ayrı əsərlərə yazdığı rəyləri və çox maraqla oxunan etnoqrafik müşahidələri də yer alıb.
Qeyd etdiyim kimi, birnəfəsə oxuyub başa çatdırdığım bu kitabdan xeyli məlumat topladım. Etiraf etməliyik ki, biz, xüsusən gənclər, tariximizi o qədər də yaxşı bilmirik. Bu kitab isə, inanıram ki, oxuyanlara xeyirli olacaq. Müəllifə isə bu çətin, şərəfli işində uğurlar arzulayıram.

Çingiz Ələsgərli
Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, teatrşünas, dramaturq







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar