Ötən yüzillikdə türk ədəbiyyatını yeni elmi metodlarla araşdıran ziyalılar arasında ədəbiyyatşünas alim, tarixçi, publisist, ictimai xadim, professor Fuad Köprülünün xüsusi yeri var. Öz tədqiqatları ilə Türkiyənin ədəbi-elmi mənzərəsində populyarlıq qazanan alim eyni zamanda yaradıcılığında Azərbaycanla bağlı məsələlərə də geniş yer ayırıb.

Mehmet Fuad Köprülü 4 dekabr 1890-cı ildə İstanbulda ziyalı ailəsində dünyaya göz açıb. İbtidai təhsilini İstanbuldakı Ayasofya Mərkəzi Rüşdiyyə Məktəbində alır. Erkən çağlardan ədəbiyyat və tarixə böyük maraq göstərir. İstanbul Universitetinin hüquq fakültəsinə daxil olur. Üç il burada təhsil aldıqdan sonra universitetdən ayrılır və müstəqil olaraq ədəbiyyat, tarix və fəlsəfə ilə məşğul olmağa başlayır. “Fecr-i ati” ədəbi dərnəyinə üzv olur, ilk şeirini “Sərvəti-fünun” jurnalında çap etdirir. Sonralar onun şeirləri “İqdam qəzeti”ndə də dərc olunur. Ədəbi məclislərdə müzakirələrdə yaxından iştirak edir. Mərcan və Qabataş orta məktəbləri, İstanbul və Qalatasaray liseylərində türk dili və ədəbiyyatından dərs deyir. Bu təhsil ocaqlarının dərs proqramlarını tərtib edir. Eyni zamanda milli ədəbiyyatla bağlı araşdırmalar aparır, elmi məqalələr yazır. Onun “Türk ədəbiyyatı tarixində üsul” adlı elmi məqaləsi “Bilgi məcmuəsi”ndə dərc edilir. “Türk yurdu”, “İqdam qəzeti”, “Sərvəti-fünun” kimi mətbuat orqanlarında ”Abdullah Tukayev”, ”Yunus Əmrə”, ”Ədəbiyyatımızda milli hiss”, “Milli türkülər”, “Saz şairləri” və s. məqalələri çap olunur. Bununla da F.Köprülü Türkiyənin elm aləmində ədəbiyyatşünas kimi tanınır və İstanbul Universitetinə dəvət olunur.
1913-cü ildə “Milli Tətəbbölər Məcmuəsi”ni çıxarır. Araşdırıcının “Türk ədəbiyyatında ilk mütəsəvviflər” adlı əsəri müəllifə böyük şöhrət gətirir. F.Köprülü 1920-ci ildə “Türk ədəbiyyatı tarixi” əsərini nəşr etdirir. Əsər qədim dövrlərdən üzü bəri türklərin ədəbi və mədəni fəaliyyətlərini əhatə edir. Onun “Ən əski türk azəri şairi Həsənoğlu” məqaləsi ana dilli poeziyamızın ilk örnəklərini yaradan İzzəddin Həsənoğlunun ömür yoluna və yaradıcılığına işıq salır.
Görkəmli alimin təşəbbüsü ilə 1924-cü ildə İstanbulda Türkologiya İnstitutu yaradılır. Bu dövrdən başlayaraq müəllifin Azərbaycan ədəbiyyatına dair, xüsusilə Füzuli yaradıcılığına həsr olunan “Külliyyati-Füzuli” və “Azəri ədəbiyyatına aid tədqiqlər” kimi əsərləri diqqəti cəlb edir. “Türkiyə tarixi”, ”Bugünkü ədəbiyyat”, ”Türk din tarixi” kimi irihəcmli elmi tədqiqat xarakterli kitabları onun geniş araşdırma imkanlarını əks etdirir. Beləliklə də o, artıq Türkiyədə deyil, ölkə hüdudlarından kənarda da türkoloq, ədəbiyyat tarixçisi, publisist və tarixçi kimi tanınır və beynəlxalq elmi məclislərdə iştirak edir, müxtəlif elmi qurumlara üzv qəbul olunur.
F.Köprülü 1927-1930-cu illərdə daha məhsuldar işləyərək “Milli ədəbiyyat cərəyanının ilk mübəşşirləri və Divani-türki-bəsit”, “Cövhəri”, “Ərzurumlu Əmrah”, “XVI əsrin sonuna qədər türk saz şairləri”, “Qayıqçı qul Mustafa və gənc Osman hekayəsi” əsərləri bir çox elmi məcmuələrdə dərc olunur.
Tədqiqatçının elmi yaradıcılığında Azərbaycan ədəbiyyatına dair araşdırmaları da mühüm yer tutur. Onun 1931-ci ildə “Ədəbiyyat qəzeti”ndə “Füzulinin yeni əsərləri” məqaləsi işıq üzü görür. Ümumiyyətlə, alimin 1930-40-cı illərdə “Azərbaycan yurd bilgisi”, “Yeni türk məcmuəsi”, “Ülgü” kimi elmi məcmuələrdə Azərbaycanla bağlı müxtəlif dillərdə 60-a yaxın məqaləsi dərc olunub.
Alimin tədqiqatları genişləndikcə başqa ölkələrdən onun elmi irsinə maraq yaranır. Belə ki, o, SSRİ Elmlər Akademiyasına, Macarıstan Alimlər Cəmiyyətinə üzv qəbul olunur. 1927-ci ildə Türk Tarix Cəmiyyətinə sədr seçilən alimə 1928-ci ildə Hendelberq Universiteti tərəfindən fəxri fəlsəfə doktoru adı verilir. F.Köprülü İstanbul Universitetində bir neçə dəfə dekan seçilir.
Onun məşhurlaşması elmsiz, ancaq elm aləmində mövqe tutmaq istəyənləri narahat edir. 1932-ci ildə Ankarada çağırılmış Türk Tarix Cəmiyyətinin I qurultayında ona qarşı haqsız hücumlar olur. Onun ali təhsilli olmamasını əsas gətirirlər. Lakin bu əsassız hücumlara xarici ölkələrin mötəbər elmi mərkəzləri cavab verirlər. O artıq bu zaman Hendelberq, Sorbonno, Münxen, Kəraçi və s. universitetlərin fəxri doktoru idi. F.Köprülü Parisdə Din Tarixi Konqresində (1923), Rusiya EA-nın yaranmasının 200 illiyində (1925), Bakıda I türkoloji qurultayda (1926), Oksfordda şərqşünasların konqresində (1928) və digər beynəlxalq tədbirlərdə Türkiyəni təmsil edib.
Tanınmış alim 1934-cü ildə siyasi həyata atılır və Qars vilayətindən millət vəkili seçilir. Həmçinin İstanbul Universitetindəki vəzifəsini də yerinə yetirir. Ankara Universitetində orta əsrlər tarixindən dərs deyir.
F.Köprülü 1943-cü ildə təqaüdə çıxsa da, siyasi fəaliyyətini davam etdirir. 1946-cı il seçkilərində İstanbuldan deputat seçilir. Demokrat Partiyasının iqtidarı dövründə xarici işlər naziri (1950-1956) olur. Ancaq bir müddət sonra digər partiya qurucuları ilə aralarında fikir ayrılığı yarandığına görə 1957-ci ildə partiyadan istefa verir və siyasətdən uzaqlaşır. 1959-cu ildə Amerika Tarix Cəmiyyətinin fəxri üzvü olur. 1964-cü ildə Macarıstan Elmlər Akademiyası tərəfindən fəxri üzvlüyə qəbul edilir.
Türkiyənin ictimai-siyasi və mədəni həyatında dərin iz qoyan görkəmli alim 1966-cı ildə İstanbulda vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar