Ötən il Bakıda keçirilən ilk Avropa Oyunları xalqımızın zəngin mədəniyyətini, turizm imkanlarını, qonaqpərvərliyini dünyaya nümayiş etdirdi

Ötən on ildə ölkəmizin tarixində, ictimai-mədəni həyatında xüsusi yer tutan, Azərbaycanı dünyaya tanıdan, xalqımızın zəngin mədəniyyətini, qonaqpərvərliyini nümayiş etdirən ən böyük tədbir, sözsüz ki, 2015-ci ilin iyununda gerçəkləşən “Bakı-2015” I Avropa Oyunları oldu. Sülh dəyərlərini, mədəni meyarların qorunmasını, idmanı mədəni bayrama çevirən bu mötəbər tədbir təkcə idman sahəsində deyil, bütün sahələrdə ölkəmizin təqdimatı üçün bir fürsət idi. Ölkəmiz bu əzəmət və sülhsevərlik sınağından üzüağ çıxmağı bacardı.
Avropa Oyunları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən silsilə tədbirlər təşkil olunmuşdu. Həmin günlərdə Bakıya idmançılarla bərabər, dünyanın müxtəlif ölkələrindən çoxlu sayda turistlər gəldi, sənət ocaqlarında tanınmış sənətçilərin, bədii kollektivlərin çıxışları keçirildi. Teatrlarımız ölkəmizə gələn qonaqlara öz repertuarlarının ən seçkin nümunələrini ilk dəfə olaraq xarici (ingilis, rus) dillərdə subtitrlərlə təqdim etdilər.
Şəhərimizin sərgi salonlarında, rəsm qalereyalarında müxtəlif mövzulu sərgilər təşkil olundu. Muzey Mərkəzində görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Avropa haqqında düşüncələr” adlı sərgi, Azərbaycan Milli İncəsənət Muzeyində təşkil edilən “İdman və incəsənət” sərgisi bu qəbildəndir. I Avropa Oyunları ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunan növbəti “Qız qalası” incəsənət festivalında 10-dan çox ölkədən 30-dək rəssam iştirak etdi.
Avropa Oyunlarına Bakının muzeyləri də xüsusi hazırlaşmışdılar. Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Muzey Mərkəzi bu müddətdə ölkəmizə gələcək qonaqlara, eləcə də paytaxt sakinlərinə maraqlı proqramlar təqdim etdi, ekspozisiyalar gecə yarısınadək ziyarətçilər üçün açıq oldu. Muzey Mərkəzində məşhur “Nikolya şokolad muzeyi”nin ekspozisiyasını xüsusi qeyd etmək lazımdır. İndiyədək dünyanın 40-dək şəhərində nümayiş olunan ekspozisiyada məxsusi olaraq “Bakı-2015” üçün hazırlanan nümunələr böyük maraqla qarşılandı.
İdman bayramında paytaxtın konsert salonlarında dünyanın tanınmış kollektivlərinin iştirakı ilə rəngarəng konsert proqramları keçirildi. Heydər Əliyev Sarayında İsrailin “Kibbutz” rəqs qrupunun və Rusiyanın “Todes” şou baletinin çıxışı izləyicilərə böyük zövq bəxş etdi.
Azərbaycanın dünyada nüfuzunu yüksəldən böyük idman bayramının ölkəmizin tanıtımı, mədəni irsimizin, incəsənətimizin təbliği ilə yanaşı, turizm sektoruna da töhfəsi oldu. Oyunların yüksək səviyyədə təşkili, paytaxtımızın bu böyük idman tədbirinə hazırlığı qonaqlarda zəngin təəssürat doğurdu. Əcnəbi qonaqlar yarışları izləməklə yanaşı, paytaxt Bakının gözəllikləri, tarixi-mədəni məkanları ilə yaxından tanış oldular. Həmin günlərdə ölkəmizə ilk dəfə gələn çoxlu sayda əcnəbi var ki, Azərbaycanı mədəni zənginliyi ilə seçilən qonaqpərvər diyar kimi “kəşf” etdilər. Turistlərə həm paytaxtda, həm də Bakı ətrafı məkanlara, eləcə də regionlar üzrə müxtəlif turlar təklif edildi. Azərbaycan haqqında xoş təəssüratlarla vətəninə dönən əcnəbi qonaqlar, sözsüz ki, bir gün bu təəssüratı təkrar yaşamaq üçün yenidən bu qonaqpərvər ölkəyə gəlmək istəyəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar